Bakıda “Fresco” supermarketində 1 kiloqramı 7 manat 79 qəpiyə banan satılır. Bu banan digərlərindən ölçüsünün kiçikliyi, qiymətinin baha olması ilə fərqlənir, dadında isə heç bir fərq yoxdur.
Modern.az-ın əməkdaşı Nərimanov rayonu Aşıq Alı küçəsi ünvanında yerləşən “Fresco” supermarketində bananın ölçüsünün kiçik, qiymətinin baha olmasının səbəbini soruşub. Mağaza təmsilçiləri bahalığı və ölçüsünün kiçikliyini meyvənin yerli – Lənkəranda istehsal olunması ilə əlaqələndiriblər.
Lənkəran Şəhər Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Tofiq Rzayev məsələ ilə bağlı açıqlama verib.
İdarə rəsmisi satışa çıxarılan “mini banan”ın Lənkəran istehsalı olmasını qətiyyən qəbul etmir:
“Azərbaycanda 9 iqlim qurşağı var. Lənkəranda rütubətli subtropik iqlim qurşağıdır. Banan tropik bitkidir. Lənkərana banan ağacları gətirilib, sakinlər öz həyət-bacasında əkir. Amma bananın Lənkəranda kütləvi əkin sahəsi yoxdur. Qaldı ki, onun bar verməsinə, bu absurddur. Kimsə deyirsə ki, Azərbaycanda kütləvi şəkildə banan bağları, plantasiyaları var, bu, yalandır. Kimsə həyətində əkibsə belə, o bar vermir, yetişmir. Banan ağacı çox hündür olur, bizim iqlim tipində ağacların o səviyyədə ucalması, meyvə gətirməsi mümkün deyil. Kimsə deyirsə ki, Lənkəran istehsalıdır, yalan deyir, inandırıcı deyil”.
T. Rzayev qeyd edib ki, Lənkəran kənd təsərrüfatı idarəsi olaraq belə bitkinin yetişib satışa çıxarılması barədə məlumatsızdır:
“Çünki o bitki bizim rayonda yetişmir. Kivi deyilsə, deyərəm bəli. Lənkəranda kivi yetişdirilir. Yerli bazara da çıxarılır, Rusiyaya da ixrac olunur. Amma banan yetişdirilmir”.
Oxunub: 414