Niderlandda həkim-xəstə münasibətləri, dərman, tibbi əməliyyatlar və məcburi tibbi sığorta barədə
Məlumdur ki, Azərbaycanda səhiyyə acınacaqlı vəziyyətdədir. Dövlət vəziyyəti düzəltmək üçün maraqlı görsənmir, bu istiqamətdə heç bir təşəbbüs yaxına buraxılmır. Kimin imkanı var, sağlamlığın bərbası üçün xaricə üz tutur. İmknasızlar isə mövcüd sistem içində çabalayır, onun qurbanı olmasına məhkum edilimiş kimi görünürlər.
Vəziyyəti Azərbaycan insanın maariflənməsi düzəldə bilər. Müasir dövlət 100 il əvvəl olduğu kimi yalnız “gecə qaraulçusu” deyil. Vətəndaşının sağlamlığının qayğısına qalmaq, bunun üçün ölkədə akedvat səhiyyə sistemi qurmaq dövlətin birbaşa vəzifəsidir.
Azərbaycan insanın da yaşadığı bu dünyada digər dövlətlərdə səhiyyə necə qurulub? Bu baxımdan Azərbaycan insanına Niderland səhiyyəsinin qurluşu haqqında danışmaq aktual görünür.
Niderlandın səhiyyə sistemi çox sadə şəkildə qurulub. Bu sistemi istənilən dövlət, əgər istəyərlərsə, eynilə götürüb öz ölkəsində tətbiq edə bilər. Sadəcə səlahiyyətlilərin öz vətəndaşına insan kimi baxmaq istəyi və bir balaca da işgüzarlığı kifayət edər.
Niderlandda hər bir ailənin şəxsi həkimi var. Onlara ev həkimləri deyilir. Bir kvartalın və ya şəhərçiyin ev həkimləri bir yerdə otururlar. Belə mərkəzlər ev həkimləri postu adlanır. Hər hansı bir vətəndaş özünü pis hiss edəndə, xəstələnəndə və digər sağlamlıq problemilə üzləşəndə ev həkiminə zəng edir və görüş istəyir. Təyin edilmiş vaxtda ev həkimindən vətəndaş müayinədən keçir. Xırda analizlər elə burdaca aparılır. Ev həkimi vəziyyəti axıra qədər təkbaşına qiymətləndirə bilmədikdə xəstəni müvafiq ixtisaslaşmış tibb mərkəzinə göndərir. İxtisaslaşmış tibb mərkəzləri bir qayda olaraq xəstəxanaların yanında fəaliyyət göstərir. Belə mərkəzlər tibbdə baş vermiş son texniki nəaliyyətlərə qədər təchiz ediliblər.
Ev həkimi, və yaxud da ixtisaslaşmış həkim müayinənin nəticəsi olaraq xəstəyə resept yazır və onu yaşadığın yerə yaxın olan aptekə internetlə göndərir. Aptek daxil olan resept əsasında dərmanları hazırlayır, onu çıxışı küçəyə baxan aparatda yerləşdirir və dərmanı aparatdan (dərman bankı) götürmək üçün pasientin mobil telefonuna onun kodunu göndərir. Heç bir növbə gözləmədən, sutkanın istənilən vaxtında aparata yaxınlaşıb, kodunuzu yığmaqla dərmanınızı ordan götürə bilərsiniz.
Bütün bu xərcləri (həkim müayinəsi və dərman) bir qayda olaraq tibbi sığorta ödəyir. Niderlandda bu ölkədə rəsmi qeydiyyatda dayanan bütün fiziki şəxslər üçün məcburi tibbi sığorta öhdəliyi mövcüddür. Tam şəkildə tibbi müayinə sığortalanmanın aylıq miqdarı minimum əmək haqqının 10 faizi civarındadır. Bu aşağı yuxarı 150 avro edir. Bura müəyyən miqdarda diş müalicəsi, fizoterapiya xərcləri də daxildir.
Az təminatlı şəxslərə bu məbləği ödəyə bilmək üçün onlara həmin məbləğin 50 faizə qədəri civarında dövlət kompensasiya ödəyir. Buna qayğı təqadü (zorgtoeslag) deyilir.
Tibbi sığrta fondunda ölkə boyu yığılan vəsaitdən həkimlərin əmək haqqları, dərman və digər tibbi müayinə xərcləri ödənilir.
Qeyd edilən sistem sadə, aydın, effektiv və faydalıdır. Onun hər hansı bir ölkədə tətbiqi o qədər də ağır bir zəhmət tələb etmir. Elə isə Azərbaycanda siyasi hakimiyyəti ələ keçirənlər niyə belə bir sistemin Azərbaycanda tətbiq olunmasını istəmirlər. Bu kimin mənafeyinə zidd ola bilər? Azərbaycanın səhiyyə sistemindəki vəziyyət nə vaxta qədər belə davab edəcəkdir?
Oxunub: 262