Parisi görmək istəyirəm; gəncliyimdən. Son 20 ildə buna çalışmışam da, alınmayıb. Azı 40 ildir arzum arzu olaraq qalıb. Adamın arzusu 40 il ürəyində qalanda unudulur… İndi könlümdən Romaya getmək keçir.
Nyu-York, London, Madrid…Bağdad…Antananarivu…umurumda deyil. İstanbulu, Moskvanı, Tiflisi sevirəm.
Parisi görmək istəyi yarananda kənddə böyüyüb Bakıda yaşamaq arzum gerçəkləşmişdi. Bakı indiki qədər yaraşıqlı, sərbəst, qarışıq-dolaşıq, əhlikef deyildi onda. Amma paytaxtdı. Paytaxtdır! Beş elə (tələbəlik), beş belə (ailəlik)- Bakı gözümü doyurmuşdu. Daha arzuma sığışmırdım. Gözüm uzaqlardaydı…Parisdə.
Paytaxt adamı çəkir. Əyalət nə qədər sıxıb-sıxcalasa, ayağını battaq- palçığa yapışdırsa da insanını özündə saxlaya bilmir. Cazibəsi yetmir. Həmişə belədir: uzaq parıltı göz qamaşdırır, “gəl-gəl” deyir. O parıltının arxasında gizlənənlərin fərqinə varmırsan. Nə yolla olursa-olsun ona can atırsan. “Əlin-əlinə dəyəndə”, “dəyməzmiş”ə təəssüflənmirsən. Gözün doyur, heç olmazsa.
Gözəl şəhərlər tək gəzmək, görmək üçün gözəl deyillər, yaşamaq üçün gözəllər. “Bakıya gəzmək üçün getmişdik. Yolkaları televizorda görmüşdük. Onları görməyə”-deyən cəlilabadlı məktəblilər Xalidlə İsmayılın arzusu o qədər yaxın gəlir mənə. Gözəlliyə nə qədər televizorun ekranından baxmaq olar. Yaxından görmək istəyiblər, əllərini toxundurmaq, havasını udmaq, coşğusunu yaşamaq istəyiblər. Nə qədər uzaqdan-uzağa sevmək olar.
“Qolum-qanadım, Cəlilabad! Arzum-muradım, Cəlilabad! Ey mənim abad diyarım! Cəlilabad, ay Cəlilabad!”-sən nə qədər oxuyursan oxu, Teymur əmi, oxuduğun gerçək olsaydı Cəlilabad ismayılların da arzusu-muradı olardı. Uşaqları qınamayın. O uşaqları bir gün o gözəl şəhərlərdə yaşamaq istəyi alıb aparacaq əlinizdən. O yana Rusiyayamı, bu yana Türkiyəyəmi, baş götürüb getsələr okeanın o tayınamı…Hər kəs “yorğana bürünüb elnən sürünəcək”, arzusunun arxasınca getməyəcək deyə bir şey yox. Yox!
Xalidlə İsmayılın arzusu yaxın gəlir. Həm də incidir; iki yeniyetmənin bəzəkli yolkaları görmək üçün qaçıb Bakıya gəlmələri. Yaraşıqlı yolka, yeni il bər-bəzəyi nədi ki, rayon, kənd uşaqları ona həsrətdilər. Bakıda yaşayan uşaqlar uşaqlığının bayramlarını xoşbəxt, kənddəkilərin həsrət içində yaşamalı olmaları hansı qanunda, Ana yasada yazılıb?
Ailələrini qorxudub, hər kəsi nigaran qoysalar da, İsmayılla Xalid arzularına çatdılar. Bayram paltarını geyən Bakını gördülər, Bulvarı gəzdilər, Nizami küçəsini eninə-uzununa dolaşdılar. İndi onlara həsrətlə baxan yaşıdlarına danışılası o qədər sözləri var. Ömürlərinin sonunacan bəs edəsi xatirələrini yaşadacaqlar dillərində… Bir gün bir ömrə tay olacaq bəlkə. “Bilirsən, mən evdən qaçıb Bakıya gedəndə”… Hərdən risq etməyə dəyər. Fərqi yoxdur hansı yaşdasan, arzularının arxasınca getməyi bacarmaq gərəkdir. Makarenko olmağa dəyməz…
Parisə gedə bilmədim. Bir yol tapıb gedə biləcəyim arzularımın şəhərinə getmədim. Risq eləmədim. Doqquzuncuda oxumurdum, tək özümü düşünməyi bacarmadım, əlbət ona görə. Bəlkə də Xalidlə İsmayıl kimi minlərin arasından seçilə bilmədim deyə. Hər nədisə, qırx il boyunca danışa biləcəyim Paris xatirələriylə xoşbəxt ola bilmədim… Cəlilabadlımı olmalıydım, görəsən?
Oxunub: 584