“Halal tərəzi”, “Halal çəki” yazılan ət dükanlardan imkan olan qədər heç nə almıram. Tərəzidə halal-haram söhbəti ola bilməz axı. Tərəzi düzkünlük, tarazlıq deməkdir, onun hansısa tərəfə əyilməsi tarazlığı pozur. Kolbasa, ya da sosiska almaq istəyəndə də satıcıdan haramını istəyirəm. Çünki, üstünə “halal” yazılanlara, bir qayda olaraq, haram qatılır. Bunun bir səbəbi də odur ki, biznes əsasən haram əllərdə, monopolistlərin nəzarətindədir. Rəqibi haram yollarla vurub sıradan çıxaran birisi halal ola bilməz.
Halal-haram məsələsi də daha çox dinə bağlıdır. Deməli, din adamları daha təmiz, halal olmalıdır. Belələrindən ətrafınızda neçəsini tanıyırsız? Məsələn, bizim qonşuluqda çörək sexi var, sahibi hacıdır. Onun çörəklərinin çəkisində ölkədə çörək tapa bilməzsən. Nə qədər mümkündürsə, kündədən kəsir. Yaxud bir ara kolbasalara “halal” sertifikatı Şeyxülislam Allahşükür Paşazadənin idarəsindən verilirdi. Kimsə eşidibmi bu idarədə laboratoriya olduğunu. Yox, eşitməyib. Bu idarədə nəzir qutuları, meyit yumaq üçün yerlər və mərasim zalları var. Dirilərdən və ölülərdən qazanc gələn obyektlər. Bəs nədən sahibkarlara bu idarədən “halal” sertifikatı verilir? Laboratoriya yoxdur, heç bu sahəyə sorumlu olan qurumlarda düz-əməlli laboratoriyalar işləmir…
Ziyarətlərlə bağlı nə qədər problemlərin şahidi olmuşuq; istər Kəbə, istər Kərbəla, istərsə də Məşhəd ziyarətində adamların aldadıldıqları barədə yazılar yazmışıq, şikayətlər dinləmişik. Ziyarətə getmək istəyənlərin pullarını burda alıb orda onları taleyin ümidinə buraxmaq, ya da çox pul alıb ucuz yerlərdə yerləşdirmək, bəzən yerləşdirməmək belə adi hal olub. Mayasına haram qatılanlar, mayası haramla yoğrulanlar halal ola bilməz.
Bu gün səhər İTV-də “halal turizm”dən danışırdılar. Mədəniyyət və Turizm Nazirliyinin “Halal idarəetmə modeli” istiqamətində iş apardığını deyirdilər. Çox güman ki, bunu son çağlar müsəlmanların – ərəb turistlərin ölkəyə axını ilə bağlı düşünüblər. Eyni zamanda halal restoranlar yaradılması barədə də danışırdılar. Yəni elə restoran olsun ki, onun mətbəxində haram mallar bişirilməsin. Elə də ciddi danışırdılar, adam çaşıb qalır. Səhər efirində halal-haram söhbəti aparan İTV mayasına haram qatılan telekanallardandır. Hesablama Palatası bir neçə yol bu TV-də mənimsəmələr, reklamlardan oğurluq, avadanlıqlar alınmasında korrupsiya hallarından və başqa haramçılıqdan hesabatlarında yazıb. Halal idarəetmə kampaniyası aparan Mədəniyyət və Turizm Nazirliyi özü, başqa dövlət qurumları kimi, çirkabın, haramın içindədir.
Hallalığı ərəblər üçün düşünürsüzsə, çox nahaq, ərəblər bura elə haram iş üçün gəlirlər. 9 yaşında qız uşağını zorlayanın, 8 yaşında qızı gəlin gətirənin donuz, ya da quzu əti yeməsinin heç önəmi yoxdur.
Gələn turistləri gəzdirmək, rayonlara aparmaq işi də ya məmurların, ya da onlara bağlı turizm şirkətlərinin əlindədir. Onlar 5 manatlıq yol üçün çox rahat şəkildə 300-500 manat alırlar. Danışırdılar ki, məmurlara bağlı Bakıdakı restoranlardan birində ərəb turistlərə bir saciçi 200 manat satılıb. Məmurun dövlət büdcəsindən oğurlayıb yaratdığı şirkət necə halal ola bilər?
Ərəb və ya başqa müsəlman ölkələrindən turistlərin çoxu fahişə xidmətindən yararlanmağa gəlir. Azərbaycandakı ağır iqtisadi durum neçə illərdir fahişəliyin analoqsuz inkişafına meydan açıb. Azyaşlı qızlar, ərəblər təbii olaraq daha çox onlara maraq göstərir, məmurların hotellərinin, barlarının, restoranlarının, saunalarının əsas sakinləridir. Halaldırmı bu yolla pul qazanmaq?
İndi sizin yaradacağınız “Halal hotel”də fahişə olmayacaq? Onda heç ərəb də o hotelə ayaq basmayacaq. Ya da gərək “halal fahişə” olsun…
“Halal idarəetmə modeli” də yenə haram pul qazanmaq üçün vasitə olacaq.
Halalınıza haram qatmayın, halal nəyinizsə varsa…
Oxunub: 406