Nəsimi Məmmədli
Bu şəkil haqqında təəsuratlarımı çoxdandır yazmaq istəyirdim…
İlk dəfə sosial şəbəkədə qarşıma çıxanda bir neçə saniyə sükutla gözümü yayındıra bilməmişdim. Sanki bu şəkil dil açıb danışır və xalqımızın əksəriyyətinin gizlətməyə çalışdığı gerçək halını ifadə edirdi.
İlk baxışda elə görünür ki etiraz mitinqinin iştirakçısı olan ortayaşlı bu şəxs çox yorulub, taqətdən düşüb və dincəlmək istəyir. Bu anda ürəyindən nə keçdiyini, nə barədə düşündüyünü dəqiq bilməsək də, çoxlarımız yəqin ki təxmin edirik…
Bu şəkil nə deyir bizə, nəyi anlatmağa çalışır?
Etiraf edim ki, ürəyimdən çox söz demək keçir, ancaq hələ deyə bilmirəm. Ona görə yox ki nədənsə çəkinirəm, ona görə ki hələ zamanı çatmadığını düşünürəm. Bu şəkilin verdiyi mesajların hamısını ifadə etməsəm də bəzilərini sizinlə bölüşmək istəyirəm.
Bu insanın siyasi mənsubiyyətinin olub-olmadığını bilmirəm, heç onu bilmək indi elə də vacib deyil. O, öz insanlıq, vətəndaşlıq borcunu yerinə yetirir. Onu meydanlara çağıranlara inanır, güvənir və dəstək olmağa gəlib. Ölkənin hansı durumda olduğunu dərk edir və gücü meydana gəlib bir bayraq qaldırmağa çatır. Ona həvalə edilən vəzifəsini şərəflə, ləyaqətlə son anadək yerinə yetirməyə çalışır.
Bu insan bayrağı əlində bərk tutaraq ona sığınıb, boynunu yalnız bayrağın və xalqın qarşısında əyib. Haqsızlıq, qanunsuzluq, ədalətsizlik belini büksə də, mübarizəsindən qətiyyən vaz keçməyəcəyinin mesajını verir. Öz mübarizəsi ilə ləyaqətli yaşamağa nail olacağına ümidlərini itirmiş, mənəvi cəhətdən qaməti tamamilə qırılmış insanlardan fərqli olaraq, bu fədakar insanın “çöküşündə” bir yüksəliş, dirəniş, işıq var. Çarəsiz görünüşündə bir ümid, tələb, mübarizəyə hazırlıq və çağırış var. Arxasınca addımladığı, mübarizəsinə dəstək verdiyi insanlarla yanaşı, bütün fəal insanlar bu gördüyümüz şəkilin mesajlarını dəqiq oxumalıdır.
Başa çatmaqda olan 2017-ci ildə Azərbaycan cəmiyyətinin sosial-siyasi mənzərəsini bu şəkil qədər ifadə edən ikinci görüntü yoxdur.
Oxunub: 1036