Vahid Məhərrəmli
Dekabr ayının 27-nə olan məlumata görə 136,4 min hektar pambıq sahəsindən 206,1 min ton pambıq əldə olunub. Bu o deməkdir ki, indiyi kimi ölkə üzrə hər hektardan 15,1 sentner məhsul yığılıb. Artıq qeyd etmək olar ki, keçən illə müqayisədə bu il hər hektardan 220 kiloqram az pambıq əldə olunub. Baxmayaraq ki, 2016-cı ilin istehsal göstəricisi son 5 ilin ən aşağı göstəricisi idi. Misal üçün, 2012-ci ildə hər hektardan 19,5 sentner, yəni indikindən 4,4 sentner artıq məhsul əldə olunmuşdur. Bu il məhsulun az, alış qiymətinin ucuz olması on minlərlə kəndlilərin müflis olmasına səbəb olmuşdur. Qeyd etməliyəm ki, yüksək keyfiyyətli pambığın 1 kiloqramının alış qiyməti 50 qəpik müəyyən edilmişdir. Halbuki qonşu İranda və Türkiyədə pambığın alış qiyməti Azərbaycandakından 3 dəfə bahadır.
Bu il pambığın becərmə xərci ümumi ölkə üzrə hər hektar üçün 830 manat təşkil edib. Bunu nəzərə alsaq, çəkilən xərcin ödənilməsi üçün fermer, kəndli emal müəsisəsinə hektardan 1 ton 660 kiloqram məhsul təhvil verilməli idi. Lakin bu qədər məhsul əldə etmək mümkün olmayıb. Orta hesabla hər hektardan 1 ton 510 kiloqram pambıq yığılıb. Çatışmayan fərq 150 kiloqram pambıq və yaxud nağd pul ekvivalentində 75 manat təşkil edib. Beləliklə fermerlər, kəndlilər orta hesabla hər hektardan 75 manat zərərə məruz qalıblar. Bu da ümumi ölkə üzrə 10 milyon manatdan çoxdur.
Gün ərzində ölkə üzrə hər hektardan 1,5 kiloqram pambıq yığılır.
Oxunub: 230