“The Guardian” yazır ki, Zimbabvenin devrilmiş prezidenti Robert Muqabeyə malikanə, avtomobillərdən ibarət bütöv qaraj və xüsusi təyyarə veriləcək.
Məqalədə deyilir ki, bu onun dövlət tərəfindən ayrılmış pensiyasının yalnız bir hissəsidir.
Bundan başqa, Muqabenin ixtiyarında 6 cangüdən də daxil 20 işçi olacaq. Onların hamısının maaşlarını dövlət verməlidir.
Xalqın təzyiqi və hərbiyyənin müdaxiləsi ilə devrilmiş 93 yaşlı keçmilş prezidentin pensiya paketini yeni prezident Emmerson Mnanqava elan edib.
Doğrudur? Muqabenin aybaay alacağı pensiyanın məbləği haqqında heç bir məlumat verilmir, lakin mövcud qaydalara görə, keçmiş prezidentin pensiyası hazırkı prezidentin maaşı qədər olmalıdır.
Yerli media bunu da xəbər verir ki, Muqabe aybaay alacağı pensiyadan başqa birdəfəlik pul mükafatına da layiq görülüb. Bunun 10 milyon dollar olacağı xəbər verilib. Hökumət bu sonuncu iddianı danır.
Yeni pensiya paketinə görə, Muqabeyə Mercedes Benz S500 də daxil üç avtomobil xidmət edəcək.
Bu avtomobillərin hər beş ildən bir təzələnməsi nəzərədə tutulub. Yanacaq pulu da dövlətin hesabınadır.
Muqabe və arvadının diplomatik pasportları özlərində qalacaq. Ər-arvad ildə dörd dəfə Zimbabve daxilində birinci dərəcəli biletlə təyyarə və ya qatarla səyahət edə bilərlər. Bundan başqa, Muqabe və xanımı ildə dörd dəfə özəl təyyarə ilə xaricə də səfər edə biləcəklər.
Keçmiş prezidentin iqamətgahındakı bütün kommunal xidmətlərin və əyləncələrin pulunu da dövlət ödəyəcək. Eyni qayda səhiyyə sığortasına da aiddir.
Muqabe noyabrın 21-də partiyası onu sıralarından qovanda və parlament impiçment prosesinə başlayanda istefaya getməyə razılaşıb.
Onun 37 illik hakimiyyəti insan haqlarının tapdanması, seçki fırıldaqları və iqtisadiyyatın çökməsi ilə yadda qalacaq.
Oxunub: 318