Kiçik və orta sahibkarlıqla bağlı Agentliyin yaradımasının bu sahələrdə fəaliyyət göstərənlərə nə dərəcədə faydalı ola bilməsi ilə bağlı iqtisadçı Nemət Əliyevin fikirlərini öyrəndik. İqtisadçı bu barədə mövqeyini belə izah elədi:
“Əvvəla deyim ki, bu yeni yaradılacaq Agentlik sahibkarların üst-üstə qalaqlanmış problemlərini, xüsusən də kredit-borc problemlərini həll etməyəcək, heç sahibkarların ucuz kredit əldə etmə imkanlarını da saxlamayacaq. Monopoliya, haqsız rəqabət, korrupsiya, məmur özbaşınalığı, qanunsuzluq kimi investisiya mühitini korlayan, işgüzar fəaliyyəti baltalayan halların aradan qaldırılması istiqamətində hər hansı fəaliyyətin də bu Agentliyə elə bir aidiyyatı olmayacaq. O məqsədlə yaradılmayıb bu Agentlik. Addakı “inkişaf” sözü çaşıqınlıq yaratmamalıdır.
Prezident fərmanından aydın olur ki, bu Agentlik pullu ödəniş qarşılığında təlim, məsləhət, informasiya, biznes inkubator, innovasiya, maliyyə təyinatlı bir sıra texniki xarakterli xidmətlər göstərəcək və gəlir əldə edəcək. Vəssalam! Ən yaxşı halda bu fərman pullu xidmətlərin siyahısını bir az da böyüdəcək. Həmin xidmətlərdən istifadə edən sahibkarlar buna görə əlavə xərc çəkməli, pul ödəməli olacaq. Əgər ucuz tariflər təklif olunacaqsa, bunun sahibkarlara müəyyən qədər faydasının ola biləcəyini istisna etmirəm. Lakin hazırkı pullu xidmətlərin qiymətləri belə gözləntilərə bel bağlamağa əsas vermir. Bir müddət əvvəl kənd təsərrüfatı məhsullarının saxlanması adıya tikilib istifadəyə verilmiş soyuducu-anbarları gözünüzün qabağına gətirin. Xidmət haqları çox yüksək olduğuna görə region sahibkarları oralara yaxın düşə bilmədi. Digər xitmətlərin qiymətləri də çox yüksəkdir. Praktiki baxımdan dəyərli “informasiya”, “məsləhət” verə bilsəydilər, bunun da faydası ola bilər. İndi bir anlığa təsəvvür edək ki, vergi, gömrük məmuru sıxışdırır sahibkarı və həmin sahibkar da Agentlikdən məsləhət istəyir. Sizcə, o Agentlik həmin sahibkara gərək olan məsləhəti verə biləcək, qabağını ala biləcək basqıların? Əlbəttə yox! Çünki sahibkara verəcəyi məsləhətin yönünü, xarakterini Agentlik özü müəyyən edəcək, öz bildiyi məsləhəti verəcək. Belə olan halda sahibkarın onu qane etməyən, onun üçün elə də əhəmiyyəti olmayan “məsləhətə” rahatlıqla pul xərcləyəcəyini düşünmək də sadəlövhlük olardı. Doğrusu, kredit borc yükünün altında çiyinləri əzilən kiçik və orta sahibkarların belə bir şəraitdə əlavə xərc çəkib nəticəsi bəlli olmayan hansısa digər məsləhətlərə pul xərcləməsi də inandırıcı deyil.
Odur ki, bu fərmandan sahibkarlığın inkişafı ilə bağlı uzaq gedən nəticələr çıxarmaq mümkün deyil. Sahibkara onun istədiyini vermək lazımdır ki, sahibkarlıq inkişaf etsin. Əsas məsələ budur. Ciddi məsələlərlə deyil, iyirminci, otuzuncu dərəcəli məsələləri gündəmə daşımaqla ölkədə investisiya-biznes mühitini yaxşılaşdırmaq, rəqabət qabiliyyətini artırmaq əsla mümkün deyil.”
Azadliq.info
Oxunub: 200