Dekabrın sərt, amma sağlam soyuğu mənə niyəsə may ayını xatırladır. Mayda günəş bir başqa olur, elə bil yer üzü parlaq işıq selinə bələnir. Adam işığı cırnatmaq, onu hirsləndirib qaçdı-tutdu oynamaq istəyir onunla. İşıq deyirəm ey, dünya boyda yəni.
Dekabrın sərt, adamın iliklərinə işləyən soyuğu da bir özgə olur. Xüsusən, ayın son ongünlüyündə. Qışın başqa heç bir ayında soyuq bu cür maraqlı, belə cazibədar olmur. Adam bu ayın soyuğunu rəqsə dəvət edib, onunla rəqs eləmək, əylənmək istəyir. Bu ayın sazağı adama sözsüz mahnıları xatırladır, demək istədikləri, amma deyə bilmədikləri deyə bildiklərindən çoxdur.
Bir sözlə, boyu sevilməli, boynuna sarılası hava…
İndi atipik mənzərə belədir: dekabrın sərt, amma sağlam soyuğunda mayın dünya boyda işığı üçün qəribsəyirsən. Mayın dünya boyda işığındasa dekabrın ərəsət soyuğu üçün…
***
…Sumqayıt bazarında çox az dilənçilər olur nədənsə. Onlardan ikisi həmişə diqqətimi çəkib. İkisi də qadındır. Biri lal və kar, o biri ayaqları iflic. Lal və kar, adətən, nəsə mızıldanıb, diqqəti özünə çəkirdi. Bu mızıldanma necə anti-insani və anlaşılmaz, ancaq mərhəmət dolu olurdu ki, adam istər-istəməz yanında ayaq saxlayırdı.
Söz vaxtına çəkər. Soyuq günlərin birində bu lal və kar qadın yoxa çıxdı. Yalnız həftənin bazar günlərinin birində, Sumqayıt küçələrində səbəbsiz və məqsədsiz avaralandığım zaman onun yoxluğunu fərq etdim. Səssiz-səmirsiz ömrünü bu dünyaya bağışlamışdı.
…O biri, ayaqları iflic olan qadınsa bu günə qədər, necə deyərlər, iş başındadı. Hər həftənin altıncı və bazar günləri onun günləridi. Bu yaşlı, iri bədənli qadını, deyilənə görə, balaca maşınla gətirib, maşınla aparırlar. Onun dilənməyi nəsə xüsusi bir mərasimə oxşayur. İri, amma köhnə şalı yerə — bazarın gur, adamların ən çox gəlib-getdiyi yerə sərir (bəlkə də sərdirir, hər halda mən onun bazara gəlişini görməmişəm), özü də onun üstündə oturur, şalın kənarda açıq qalan hissəsi sədəqələr üçün saxlanır.
İllərdi onu müşahidə eləyirəm, onun Yer sakinlərini mərhəmətə dəvəti vur-tut bircə kəlmədən ibarətdi: “İlahi, sən mərdi namərdə möhtac eləmə!” Bu bircə kəlməni elə yüksək səslə, ehtiras və şövqlə deyir ki, adam özünü qəfil şantaj olunmuş kimi hiss eləyir, sanki bu harayın bütün mahiyyətini, məğzini bir anda peşmanlıqla anlamış kimi hissiyyatsız halda biixtiyar əlini cibinə aparır. Yadımdadı, hərdən onun gün ərzində qazandığı sədəqə o qədər çox olurdu ki, mənim bazarda ayaqqabı satan kəndçim müştərinin verdiyi iri pulu onunla xırdalayırdı…
***
…Bu yaxınlarda Şamaxıya getmişdik, şəhərin özündə yox, yuxarı — kəndlərə getdikcə hər yeri qar basmışdı. Üstündən də sərin-sərin yağırdı. Ətrafdakı hektarlarla torpağı əhatəyə almış görməmiş beton hasarlar, həmin hasarların içindəki iri, yöndəmsiz, sırtıq villalar belə adamın əsəblərinə toxunmurdu. Başqa vaxt, yəqin, belə olmazdı. Adam eləcə heydən düşənə, soyuq əhdini kəsənə qədər qarla oynamaq, sonra da yorgunluqdan əldən düşüb, qarın üstündə yıxılıb qalmaq istəyirdi.
…İlin sonu hesabat, yekunlaşdırmaq zamanıdır, əvvəli hər şeyi təzədən, sıfırdan başlamaq, təzələnmək!…
Yalçın İmanov
Oxunub: 118