Kompleks Qazma İşləri Trestinin rəisi qohum-əqrəbasını başına yığıb, bunu dilə gətirən işçisindən də 50 min pul tələb edir
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Kompleks Qazma İşləri Trestinin rəisi İsgəndər Şirəli 2017-ci ilin yayına qədər tabeliyində işləmiş Arif Qəmbərovu məhkəməyə verərək, ondan 50 min təzminat tələb edir. Təxminən 30 il bu Trestdə işləmiş Arif Qəmbərov işdən çıxarılmamışdan öncə “Günəşli” yatağında 8 saylı özüldə qazma üzrə rəis müavini idi.
Zaman-zaman neftçilərin hüquqlarının pozulmasında adı hallanan İsgəndər Şirəli iddia edir ki, Arif Qəmbərov mətbuata verdiyi müsahibələrində Trestdə korrupsiya və qohumbazlıq hallarından, təcrübəli işçilərə zorla ərizə yazdırıb uzaqlaşdırmaqla, aşağı vəzifəyə keçirməklə, onların əvəzinə rəisin qohum-tanışlarının gətirilməsindən danışmaqla, onun işgüzar nüfuzuna zərbə vurub, şərəf və ləyaqətini alçaldıb. Arif Qəmbərov müsahibələrindən birində deyib ki, İsgəndər Şirəli dövlət idarəsini özünün ailə şirkəti kimi idarə edir.
Şirəli Sabunçu Rayon Məhkəməsinə təqdim etdiyi 50 min manatlıq iddia ərizəsində keçmiş işçisinin dövlət idarəsinin ailə şirkəti kimi idarə olunması fikrinə də etiraz edir.
Arif Qəmbərov Xətai Rayon Prokurorluğuna şikayətində də zorla ərizə yazmağa məcbur edilməsi, bundan imtina etdiyinə görə işdən çıxarılması, döyülməsi və təhqir olunmasıyla yanaşı, oradakı korrupsiya və qohumbazlığı da qeyd edib. Amma prokurorluq belə cavab verib ki, Qəmbərovun şikayətində göstərilənlər təsdiqini tapmayıb.
Halbuki, kiçik bir araşdırma tamam fərqli nəticəni ortaya qoyur. Məlum olur ki, İsgəndər Şirəlinin iş yerindəki ətrafının əksəriyyəti özünün qohum-tanışlarından ibarətdir. Bu araşdırmanı Neftçilərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Mirvari Qəhrəmanlı aparıb və ortaya çıxan nəticəni “Azadliq.info” ilə bölüşüb.
Trestin Qazma və Logistika bölümünün baş mühəndisi Ramiz Ağayev İsgəndər Şirəlinin bacının həyat yoldaşıdır. Ekologiya şöbəsinin rəisi Zaur Qarayev öz qızının, qazma departamentinin İsa adlı rəis müavini isə qardaşı qızının həyat yoldaşıdır. İsgəndər Şirəlinin qudası isə Əmirov adına Neft-Qaz Çıxarma İdarəsinin rəis müavinidir.
Bundan başqa, İsgəndər Şirəlinin yaxın münasibəti olan tələbə yoldaşı Ümmavir Bədəlliyə də yaxşı imkan yaradıb. Onun özü Trestdə bölüm rəisi, oğlu Vüsal Bədəlli isə Trestin baş meteoroloqudur. Qardaşı Bədirxan Bədəlli Təhlükəsizlik şöbəsinin rəisi, bacısı oğlu Anar da texnoloqdur.
Təqaüd yaşına çatan neftçilər adətən ərizə yazmağa məcbur edilir və işdən uzaqlaşdırılır. Amma İsgəndər Şirəlinin müşaviri, eyni zamanda qohumu olan Mirələkbər Əliyevin yaşı az qala, 80-ə çatsa da, bu məhdudiyyət ona şamil edilmir.
Araşdırmalar zamanı o da məlum olub ki, İsgəndər Şirəli doğulub-böyüdüyü Neftçala rayonunda yol qəzasında həlak olmuş qardaşının adının küçəyə verilməsinə nail olub. Neftçalada İman-Baxış Şirəli adına da küçə var.
Qeyd edək ki, “Korrupsiya ilə mübarizə haqqında” qanunun 7-ci maddəsi yaxın qohumların bir-birinin tabeliyində işləməsini qadağan edir.
Azadliq.info
Oxunub: 758