Bu yaxınlarda əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov maraqlı fakt göstərib: Azərbaycanın 4,6 mln. əməkqabiliyyətli əhalisinin cəmi 32%-nin ali və ya orta ixtisas təhsili var. Deməli, iqtisadi cəhətdən fəal vətəndaşlarımızın cəmi 20%-ə yaxını ali təhsillidir. Hər iki orta məktəb məzunundan biri təhsili davam etdirməyi, ixtisas və peşə əldə etməyi lazım bilmir.
Müqayisə üçün: Eurostat-ın məlumatına görə, Latviyada 2016-cı ildə ali təhsilli insanların payı ölkənin əməkqabiliyyətli əhalisinin yarısından bir qədər az – təxminən 43% təşkil edib (bu kateqoriyada qadınlar üstünlük təşkil edir – təxminən 56%). Estoniya və Litvada bu göstərici müvafiq olaraq 45% və 58% təşkil edib. Almaniya, Norveç, Finlandiyada diplomlu kadrların faizi daha da yüksəkdir.
Şübhəsiz, Avropalı qonşularla müqayisə Azərbaycanın xeyrinə deyil. Əsaslı bir sual yaranır – niyə 40-dan çox dövlət və özəl ali məktəbi olan ölkəmiz ali təhsilli insanların sayına görə Baltikyanı ölkələrin göstəricilərinə çatmır? Universitetlər əlçatmazdır? Ali məktəb məzunları hara olur?
Son on ildən çoxdur ölkədən 120 minə yaxın ali təhsilli insan gedib. Bu statistikanı Turan-ın müxbiri ilə söhbətində bu mövzu üzrə araşdırma aparan müstəqil iqtisadçı ekspert Azər Mehdiyev təqdim edib. Miqrasiya məlumatlarına görə, sözügedən dövr ərzində ali və ya orta-texniki təhsili olan əməkqabiliyyətli 18-65 yaş arası hər səkkiz sakindən biri respublikamızı tərk edib. 25-34 yaş kateqoriyasında mənzərə daha da acınacaqlıdır: bu qrupda ali məktəb bitirən hər üç mütəxəssisdən biri ölkədən gedib.
Təəccüblü olan başqa bir məsələdir: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, milli iqtisadiyyatda 8 min ali məktəb məznunu – mühəndis, baytar, layihəşünas, texnoloq, İT mütəxəssisi çatışmır. Bir neçə il sonra bu rəqəm dəfələrlə yüksələcək.
Mehdiyev qeyd edir ki, diplomlu kadrların ölkədən getməsinin əsasən iki səbəbi var. Birincisi, iqtisadiyyat kifayət qədər inkişaf etməyib, ali məktəb kadrlarının buraxılış tempinə yetişmir. Ölkədə, demək olar ki, tekstil, ayaqqabı sənayesi yoxdur, balıqçılıq, emal sənayesi zəif inkişaf edib. Aqrar sahə və turizm sahəsi son bir neçə ildə inkişaf etməyə başlayıb. İkinci, həlledici amil isə maaşlardır. Əhalinin ən fəal hissəsi – 25-34 yaşlı əməkqabiliyyətli kişilər layiqli əməkhaqqı axtarışında Azərbaycanı tərk edirlər. İkinci yeri 35-49 yaş qrupu tutur.
“Amma daha bir mühüm məqam da diqqəti cəlb edir. Əsasən dövlətin vəsait yatırdığı və guya tələbat olan peşələrin nümayəndələri: mühəndislər, İT mütəxəssisləri, həkimlər, inşaatçılar ölkəni tərk edirlər. Sorğu zamanı ali təhsilli mühacirlərin 50%-dən çoxu ölkəni tərk etməsinin səbəbi kimi iqtisadi səbəbləri göstəriblər. Azərbaycan aylıq 300 dollardan bir qədər çox əməkhaqqı göstəricisi ilə Cənubi Qafqazda sonuncu yerə düşüb, hələ Avropanı demirik. Doğrudur, bu il minimum əməkhaqqı 116 manatdan 130 manata qədər qaldırılıb, müəllimlərin maaşı bir qədər artırılıb. Həkimlərdən heç danışmırıq. Burada ixtisaslaşmış mütəxəssis üçün hansı layiqli əməkhaqqından söhbət gedə bilər?!”, deyə Mehdiyev sual edir.
Sabit İnkişaf Araşdırmalar Mərkəzinin sədri Nəriman Ağayev də bu mövqe ilə razıdır. Onun fikrincə, xarici və ya yerli diplomlu gənc mütəxəssislərin xaricə getməsinin əsas səbəbi əməkhaqqı səviyyəsinin aşağı olmasıdır. Təkcə kadrlar hazırlamaq deyil, onları layiqli əməkhaqqı ilə təmin etmək də vacibdir. Azərbaycanda dəqiq və təbii elmlər üzrə yüzlərlə mütəxəssis çatışmır, çünki daha yüksək əməkhaqqı üçün onlar xaricə işləməyə gedirlər.
“Gənclər ölkədə həyatın yaxşılaşması üçün çox az şey edən hökumətə inanmırlar. Kağız üzərində (BMT hesabatı üçün) hər şey normaldır, inkişaf dinamikası var, amma əslində yoxsulların sayı artır. Buna görə çox sayda Azərbaycanlı təqaüd proqramları, qrantlar, işçi və ya qonaq vizası ilə Qərbə gedir, orada qalır. Onlar vətəndə perspektiv görmürlər”, deyə Ağayev qeyd edir.
Oxunub: 570