Dünən bir tanışım təsadüfən bir taksi sürücüsü ilə söhbətini danışdı. Sürücü həyatdan, vəziyyətdən gileylənirmiş, xanım tanışım da ona deyib ki, o zaman müxalifəti dəstəkləyin, etiraz edin, mitinqlərə qoşulun. Sürücü qardaşın cavabı bu olub ki, bu hakimiyyətdən hamı narazıdır, mən lap boğazacan narazıyam. Oğrudurlar, quldurdurlar, vicdansızdırlar.
Amma kim mənə zəmanət verə bilər ki, bunlar getsə bunlardan sonra gələnlər belə olmayacaq?! Həmin o sürücünü və ya onun kimi düşünənləri tanıyan, bilən, görən olsa lütfən, soruşsun, öyrənsin ki, necə bir zəmanət istəyir? Notarial qaydada təsdiq olunmuş zəmanətmi, pul və əmlak girovu ilə təmin olunmuş zəmanətmi, yoxsa BMT-nin, Avropa Birliyinin, Rusiya prezidentinin, Türkiyə cumhurbaşqanının yazılı, imzalı, möhürlü zəmanətinimi?! Bu nə düşüncədir, nə yanaşmadır?! Qardaşım, sən özünə ləyaqətli həyat qurmaq, insan kimi yaşamaq, balalarına xoşbəxt gələcək inşa etmək istəyirsənsə başqası sənə nəyin və kimin zəmanətini verməlidir?!
ABŞ, Almaniya, Fransa, İsveç, Estoniya, Gürcüstan… vətəndaşları əzablı, keşməkeşli, ağır mübarizələrdən keçib normal ölkə quranda kimdən zəmanət almışdı?! Bu dövlət sənindir, ona sahiblənəcəksən, azad, ədalətli seçki mühiti yaradıb öz hökumətini quracaqsan. Səni qane etməyəndə, Mark Tvenin dililə desək, dövlətin köhnə pal-paltarını, yəni, hökuməti yenisilə əvəzləyəcəksən, lap qulağından tutub atacaqsan və əvvəl-axır onları sənin, xalqının və dövlətinin ali maraqlarına xidmət etməyə məcbur edəcəksən. Özümüzü aldatmayaq! Bunun başqa yolu olmayıb, yoxdur, olmayacaq da!
Yazı müəllifin feysbuk hesabından götürülüb
Oxunub: 2446