Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimov Vəkillər Kollegiyasına bu qurumun üzvü Aqil Layıcovdan şikayət edib, onun cəzalandırılmasını istəyir. Hakim şikayətində yazıb ki, A.Layıcov məhkəmə iclasında vəkil mantiyası geyinməyib, zaldan çıxanda qapını çırpıb gedib.
“’Əvəz-əvəz’ prinsipi ilə cəzalandırılmağımı istəyir”
Vəkil isə deyir ki, haqqında yazılanlar yalandır. Sadəcə, bu hakimin qanunsuz hərəkətindən Məhkəmə-Hüquq Şurasına şikayət etdiyinə görə ona qarşı qərəzlidir. A.Layıcovun sözlərinə görə, əlində vəkil orderi olmasına baxmayaraq, hakim C.Qədimov onu prosesə buraxmayıb:
“Məndən əlavə etibarnamə də istədi. Bu da qanunsuzdur. Mən prosesə buraxılmamışam, əgər buraxılsaydım, həmin vaxt çantamda olan mantiyanı çıxarıb geyinəcəkdim. ‘Qapını çırpmaq’ məsələsi də ağ yalandır. Məhkəmə zalındakı kameraların yaddaşına baxılsa, bu görünər. Mən dekabrın 14-də hakimin qanunsuz hərəkətindən Məhkəmə-Hüquq Şurasına şikayət etmişəm. Dekabrın 20-də şikayətim Suraxanı Rayon Məhkəməsinə göndərilib. Hakim də bundan xəbər tutan kimi ‘əvəz-əvəz’ prinsipi ilə məndən Vəkillər Kollegiyasına şikayət edib, cəzalandırılmağımı istəyir”.
Məhkəmə bildirişi, yoxsa hədə məktubu?
A.Layıcov deyir ki, buraxılmadığı məhkəmə işiylə bağlı növbəti prosesin vaxtı ilə əlaqədar ona elə həmin hakim bildiriş göndərib. Məhkəmə bildirişində hakim vəkili məhkəmə iclasının vaxtı haqda məlumatlandırmaqla yanaşı, həm də onun Məhkəmə-Hüquq Şurasına və Ədliyyə Nazirliyinə ünvanladığı şikayətlərə cavab verib. Həmçinin müdafiəçinin nəzərinə çatdırılıb ki, onun özündən də Vəkillər Kollegiyasına şikayət göndərilib. A.Layıcov bildirir ki, bu cür bildirişin özü də qanun pozuntusudur:
“Bunun adı ‘bildiriş’dir, özü hədələməkdir. Mülki Prosessual Məcəllənin 138 və 139-cu maddələrində məhkəmə bildirişinin məzmunu öz əksini tapıb. Orada məhkəmənin adı, vaxtı, baxılan iş və s. göstərilməlidir. Məhkəmə bildirişində şikayətə cavab verilə, yaxud hədələyici məlumatlar yazıla bilməz”.
Oxunub: 182