“Sərhədsiz Reportyor” beynəlxalq söz azadlığını müdafiə təşkilatı daha beş başqa təşkilatla birlikdə Almaniyanın Federal Konstitusiya Məhkəməsinə müraciət edib. Onlar Almaniyada xarici jurnalistləri izləməyə imkan verən qanun qəbulundan şikayətlənir.
Şikayətçilər əsasən araşdırmaçı jurnalistlərdir. Onların arasında azərbaycanlı jurnalist Xədicə İsmayıl, Meksikadan Раул Олмос da var.
Müraciətdə qeyd olunur ki, xarixi jurnalistlərin izlənməsinə imkan yaradan qanunun qəbulu söz və mətbuat azadlığına da təhdiddir.
“Bu qanun xarici kəşfiyyata jurnalistləri heç bir maneəsiz izləmək, məlumatları başqa xüsusi xidmət orqanları ilə bölüşmək imkanı yaradır. Bu isə qəbuledilməzdir, mətbuat azadlığının məhdudlaşdırılmasıdır”, – “Sərhədsiz Reportyorlar”ın Almaniya bürosunun rəhbəri Kristian Mihr bildirib.
Xədicə İsmayıl özü də bu xəbəri təsdiqləyib. Jurnalist özü məlumat yayaraq, Almaniya hökumətini məhkəməyə verdiyini açıqlayıb.
Yeri gəlmişkən, bu gün Bakı Apellyasiya Məhkəməsində X.İsmayılın ölkədən çıxışına qoyulan qadağa ilə bağlı şikayətinə baxılıb.Apellyasiya şikayəti Binəqədi Rayon Məhkəməsinin jurnalistə imtina qərarından verilib.
“Məni 12 min avrodan da məhrum elədilər”
X.İsmayıl məhkəmədə bildirib ki, bu qadağa üzündən xaricdə keçirilən beynəlxalq konfranslarda, ona verilən mükafatların təqdimat mərasimlərində və başqa tədbirlərdə iştirak edə bilmir. Elə sonuncu dəfə qadağanın götürülməsi ilə əlaqədar məhkəməyə müraciət edəndə ona “Stockholm School of Economics”in Riqa filialında bir ay dərs demək üçün 12 min avroluq müqavilə təklif olunmuşdu. Amma məhkəmə qadağanı aradan qaldırmaqdan imtina etdiyinə görə o, bu gəlirdən də məhrum oldu.
Jurnalist onu da bildirib ki, ölkədən gedəndən sonra geri qayıtmamaq ehtimalı haqda qərarda yazılanlar həqiqətə uyğun deyil və bu fikrin heç bir əsası yoxdur: “Bu həm də mənim təqsirsizlik prezumpsiyası hüququmun pozulmasıdır”.
Amma apellyasiya məhkəməsi də şikayəti təmin etməyib. X.İsmayıl ölkədən çıxışı məsələsini növbəti dəfə Ali Məhkəməyə çıxarmaq niyyətindədir.
X.İsmayıl 2014-cü ilin dekabrında həbs olunub, ona 7 il 6 ay həbs cəzası verilib. 2016-cı ilin mayında ona 3 il 6 aylıq şərti cəza təyin edilib və həbsdən buraxılıb. Şərti cəza ilə əlaqədar 5 il də sınaq müddəti müəyyənləşdirilib. Bu müddətdə onun ölkədən çıxışına qadağa qoyulub.
Azadliq.info
Oxunub: 662