Milli Şura vəkil Fəxrəddin Mehdiyevin fəaliyyətinin dayandırılmasına etiraz olaraq bəyanat yayıb. Bəyanatda deyilir:
“Ölkəmizdə insan hüquq və azadlıqılarının ümumi durumu hər gün daha da ağırlaşmaşmaqdadır. Vətəndaşın hüquq və azadlıqlarına hörmət olunmur, məhkəmələr icra hakimiyyətinin cəza aparatı funksiyasını icra edir, hüquq-mühafizə orqanları Azərbaycan siyasi rəhbərliyinin adı hallanan və bütün dünyanın diqqətini zəbt etmiş çoxmilyardlıq korrupsiya qalmaqallarını araşdırmaq əvəzinə fərqli düşünən, Azərbaycan hakimiyyətinin yarıtmaz və antimilli idarəçiliyini tənqid edən insanlara qarşı repressiya tədbirləri həyata keçirməklə, bu məqsədlə milli və transmilli cinayət şəbəkəsi yaratmaqla məşğuldur. Dindar Azərbaycan vətəndaşlarının narkotika ittihamı ilə mühakimə edilməsi, eyni bir siyasi partiya rəhbərliyinin həm radikal şiəçilikdə, həm gülənçilikdə ittiham olunması, ləyaqətli Azərbaycan qadınlarının şərlənərək həbs edilməsi, hətta jurnalistlərin, siyasi fəalların sığındıqları xarici ölkələrdən oğurlanaraq zor tətbiq edilməklə ölkəmizə gətirilməsi və burada sərhəd pozucusu kimi məhkəmə qarşısına çıxarılaraq cəzalandırılması artıq heç kimi təəccübləndirmir. Bütün bunlar Əliyev rejiminin dəfələrlə sınaqdan çıxardığı təcrübə, öz ailə hakimiyyətini qoruma mexanizmidir. Son vaxtlar bu mexanizm daha irticaçı xarakter alaraq insan hüquq və azadlıqlarının onsuz da formal səciyyə daşıyan müdafiə sisteminin bütövlükdə sıradan çıxarılmasına hədəflənib. Ölkəmizdə vəkillərin sayı orta stastistik Avropa göstəricisindən dəfələrlə aşağıdır, amma buna baxmayaraq Azərbaycan hakimiyyəti vəkillik institutunu insan hüquqlarının müdafiə mexanizmi kimi tamamilə sıradan çıxarmaqda qərarlı görünür. Məhkəmələrdə nümayəndəlik institutunun ləğvi ilə minlərlə hüquqşünas vəkil praktikasından məhrum edildi, lakin daha böyük zərbə nisbətən rahat və əlçatan hüquqi müdafiə imkanlarını itirmiş vətəndaşarımıza dəydi. Təəssüf ki, hakimiyyət bununla da kifayətlənmək niyyətində deyil. Ölkədə onsuz da çox az sayda qalan müstəqil vəkillərə qarşı inzibatı təqib kampaniyası aparılır. İcra hakimiyyətinin yedək orqanı funksiyasını icra edən Vəkillər Kollegiyası bir-birinin ardınca nüfuzlu, peşəkar və vicdanlı vəkilərin vəkillik fəaliyyətini yasaqlayır. Vəkillər Kollegiyasının yeni rəhbərliyinin qarşısına müxalif fikirli və müxalifətdə olan şəxslərin hüquqlarını müdafiə edən vəkillərin Vəkillər Kollegiyasından uzaqlaşdırılması vəzifəsinin qoyulması açıq-aydın hiss olunur. Az öncə tanınmış vəkil Yalçın İmanov saxta və uydurma əsaslarla Kollegiyadan uzaqlaşdırılılmışdı. Bu günlərdə daha bir ləyaqətli və peşəkar vəkilə qarşı inzibati repressiya həyata keçirildi. Vəkillər Kollegiyası bir çox tanınmış siyasi və vicdan məhbuslarının müdafiəçisi olan Fəxrəddin Mehdiyevin vəkillik fəaliyətini donduraraq ona bir il müddətində vəkilliklə məşğul olmağı qadağan etdi. Kollegiya başqa bir vəkil- Aqil Layıca xəbərdarlıq edib və töhmət verib. Çox sayda siyasi və vicdan məhbuslarının hüquqlarını Azərbaycan məhkəmələrində və Avropa məhkəmələrində qoruyan vəkil Elçin Sadıqova qarşı icra hakimiyyət orqanının təqdimatı əsasında inzibati icraat başlayıb. Vəkil Fəxrəddin Mehdiyevin vəkillik praktikasından məhrum edilməsi, digər müstəqil vəkillərin belə bir perspektivlə üzləşməsi ölkədə insan hüquqlarının və azadlıqlarının müdafiəsi sisteminin tamamilə sıradan çıxarılmasına dəlalət edir. Bu repressiv tədbirlərdən aydın görünür ki, hakimiyyətin məqsədi Azərbaycan vətəndaşlarını ölkə daxilində real hüquqi müdafiədən məhrum etmək, hüquq və azadlıqların müdafiəsinin Avropa Məhkəməsi perspektivlərini məhdudlaşdırmaqdır.
Demokratik Qüvvələrin Milli Şurası Fəxrəddin Mehdiyevin vəkillik fəailiyyətinə qadağa qoyulmasına, digər müstəqil vəkillərin cəzalandırılmasına, Vəkillər Kollegiyasının vəkilləri cəzalandırma aparatına çevrilməsinə və hər addımda mülki, sosial, siyasi hüquqları tapdalanan Azərbaycan vətəndaşlarının hüquqi baxımdan müdafiəsiz buraxılmasına etiraz edir, Azərbaycan hakimiyyətini bu hüquqi nihilizmə və özbaşınalığa son qoymağa çağırır. Siyasi iqtidar unutmamalıdır ki, öz vətəndaşını dövlətin ədalətindən və bu ədalətə inamdan məhrum etmək onu zorakılığa və qeyri-hüquqi davranışlara təhrik etməyin birbaşa yoludur”.
Oxunub: 280