“Nəfs, qazanmaq eşqi gözlərini örtdü. Şəhərin mərkəzində, bulvarda hündürmərtəbəli binalar tikməyə başladılar”.
AXCP sədri Əli Kərimli feysbuk səhifəsində Bakını gözləyən təhlükələrdən yazıb. Yazını təqdim edirik:
1993-cü ildə cəmi 2 ay müddətində dövlət katibi vəzifəsində işlədiyimi bilirsiniz. İşimiz həddindən artıq çox olurdu. Dövlət özü də, dövlət institutları da yenicə qurulurdu. Müharibə isə şiddətlə davam edirdi. Vaxtımın və diqqətimin əsas hissəsi ordu quruculuğuna yönәlmişdi. Cəbhə bölgələrində, hərbi hissələrdə, təlim düşərgələrində tez-tez olurdum.
Üstəlik, Kəlbəcərin geri qaytarılması üçün beynəlxalq miqyasda ciddi iş aparmaq lazım gəlirdi (bu gün də öyündüyümüz məlum BMT qətnamələri ozamankı işlərin nəticəsi olaraq qəbul edilmişdi). Paralel olaraq da siyasi və iqtisadi islahatlara təkan vermək, əhalinin sosial problemlərinin həllinə çalışmaq, kadr islahatlarını davam etdirmək, vətəndaşları qəbul etmək və prezident Əbülfəz Elçibəyin digər tapşırıqlarını yerinə yetirmək lazım gəlirdi. İş vaxtım hər gün gecə saat 11-12-yə qədər davam edirdi.
Bu qədər gərgin iş qrafikinə baxmayaraq, yaxşı xatırlayıram ki, həmin 2 ayda Bakıda bulvar bərkitmə işlərinə də şəxsən nəzarət edirdim. Çünki ölkənin geoloqları hələ o zaman həyәcan təbili çalmışdılar ki, nəinki Bayıl, hətta dənizkanarı bulvar da sürüşmə zonasıdır, bulvarda tәcili bərkitmə işləri aparılmalıdır. Hökumət xeyli pul ayırıb, Ukrayna metallurgiya zavodlarına uzun, möhkəm metal dirəklər sifariş vermişdi. İndi çoxlarına təəccüblü gələcək, ancaq bilin ki, Elçibəy hakimiyyəti zamanı Bakı Şəhər İcra Hakimiyyətinə cəbhəçi rəhbərlik etmirdi. Şəhər təsərrüfatını yaxşı bilən, texnokrat, mərhum Rauf Gülməmmədov rəhbərlik edirdi. Onun şəxsən rəhbərliyilə dənizkənarı bulvarın əsas hissəsi həmin metal dirəklərlə bərkidilirdi. O zaman bizim heç ağlımıza da gəlməzdi ki, bulvarda (yaxud yaxın ərazilərdə) hündürmərtəbəli binalar tikmək olar. Geoloqların buna qəti etirazı var idi.
Ancaq Əliyevlər özlərini hakimiyyətdə möhkəmlədən kimi girişdi pul toplamağa. Nəfs, qazanmaq eşqi gözlərini örtdü. Şəhərin mərkəzində, bulvarda hündürmərtəbəli binalar tikməyə başladılar. Bulvarda hələ indi də tikilməkdə olan binaları hər dəfə görəndə əlim üzümdə qalır, necə bu qədər məsuliyyətsiz olmaq olar? Axı bilirlər ki, bulvar hər addımda tənqid etdikləri AXC hakimiyyətinin o çətin zamanda vurdurduğu süni, dəmir dirəklərin hesabına bu neçə ildə duruş gətirib. Dirəklər hesabına duruş gətirmiş bulvarda hündür mərtəbəli binalar, hətta göydələnlər tikmək hansı ağlın, hansı vicdanın işidir? Bulvar bir tərəfə, heç Bakının mərkəzi hissələrində belə hündür binalar tikmək olmazdı. Bakının mərkəzində yeraltı suların səviyyəsi xeyli yüksəkdir. Şəhərin mərkəz hissələrində hündür binalar tikmək təkcə Bakının tarixən formalaşmış arxitektutrasına xələl gətirmir, həm də çox ciddi risklər yaradır. Ancaq bildiyiniz kimi, bunlar heç kimi eşitmədilər, şəhərin mərkəzində mümkün olan hər yerdə yeni hündürmərtəbələr tikdilər.
Bütün bunları Bayıldakı sürüşməyə görə yenidən xatırladım. Bayılın sürüşmə zonası olduğunu kim bilmir? Mənim xatırladığım bütün zamanlarda Azərbaycan geoloqları həyәcan təbili çalaraq Bayılın sürüşmə zonası olduğunu deyiblər, yazıblar. Həm də bu, yeni xəbər deyil. Bayıl ərazisində torpaq sürüşmələri 1847-ci ildən qeydə alınır. Sonuncu sürüşmə isə 2010-cu ildə qeydə alınıb. Neçə ildir geoloqlar deyirlər ki, sürüşmə zonalarında tikintiləri dayandırın, bərkitmə işləri aparın. Ancaq kimə deyirsən? Bayıl təpəsinin hər tərəfdən yamaclarını kəsib (dayanıqlığını pozaraq), əlavə ağır hündürmərtəbəli binalar tikirlər. Milli Məclisə əlavə korpusların tikilməsi, xüsusilə Alov Qüllələri, Nəriman Nərimanovun abidəsinin ətrafında, Nazirlər Kabinetinin yuxarısında tikilmiş, tikilməkdə olan binalar Bakı üçün ciddi risklər yaradır. Ancaq Bakının dərdi təkcə sürüşmə zonalarında aparılan tikintilər deyil. Şəhərdə yeraltı suların səviyyəsi ildən-ilə artır. Lakin bu da təbii fəlakət deyil, bacarıqsız korrupsionerlər hakimiyyətinin acgözlüyünün nəticəsidir. Şəhərdə minlərlə yeni bina tikilib, əhalinin sayı 2 dəfədən də çox artıb, ancaq nə kanalizasiya, nə də su təchizatı sistemi yenilənib. Köhnə, qəzalı kanalizasiyalardan, su borularından axan sular, kanalizasiyaların çəkmədiyi yağış suları hara gedir? Bəli, gedir torpağın altına və yeraltı suların səviyyəsini qaldırır .
Geologiya və mineralogiya üzrә elmlər doktoru Firdovsi Əliyev deyir ki, “Nizami” metrostansiyasının şaxtasına onun tikildiyi zamanla müqayisədə hazırda 70 dəfə artıq yeraltı su axır. Yeraltı suların səviyyəsi ildən-ilə artır. Yeraltı suların səviyyəsinin artması binaların özülünü aşındırır. Tanınmış geoloq alim xəbərdar edir ki, təkcə yeraltı suların səviyyəsinin qalxması səbəbindən Bakının mərkəzində 300 bina uçub, dağıla bilər.
Bəli, acgözlərin daha çox pul toplamaq hərisliyi Bakı üçün böyük fəlakət hazırlayır. Hakimiyyətin heç nə vecinə deyil. Pul hərisliyi gözlərini örtüb. Biz susmağa davam etdikcə, onlar da talamağa və həyatımıza qənim kəsilməyə davam edəcək. Ancaq unutmayaq ki, hətta ən çətin şəraitlərdə belә hər bir insanın da, bütöv xalqların da seçim imkanı olur. Kim deyir ki, vəziyyətlə barışmaq, ətrafımızda baş verən bu təhlükəli eybəcərliklərə susmaq bizim xalq olaraq yeganə seçim imkanımızdır? Xeyr, bizim də xalq olaraq başqa seçimlərimiz ola bilər. Cümhuriyyətin 100-cü ildönmü ilində nəhayət, xalq hakimiyyətini bərqərar etmək nəyə görə bizim seçimimiz olmasın?
Oxunub: 1284