“The Telegraph” yazır ki, 32 yaşlı biznesmen Kirill Şamalov 2013-cü ildə Vladimir Putinin qızı ilə evlənəndə onun səhmlərlə sərvəti birdən-birə 2 milyard dollar artmış və o neft-kimya nəhəngində çox sərfəli bir vəzifəyə sahiblənmişdi.
Lakin indi yayılan bəzi şayiələrə görə o, Katerina Tixonovadan ayrılıb, Sibur şirkətindəki müavin vəzifəsindən və sərvətinin yarısından məhrum olub.
Şamalovla Tixonovanın ayrılması barədə ilk dəfə xəbəri Bloomberg saytı verib.
Rusiyada çıxan “Vedomosti” qəzeti isə cənab Şamalovun yeni sevgilisi, Moskva doğumlu London kübar qadını Janna Volkova ilə birlikdə çəkdirdiyi foto olan Facebook postunu dərc edib.
2017-ci ilin dekabrında dərc olunmuş bu postdakı həmin fotonun üstündə yazı da var: “Mən səni sevirəm…”
Məsələ də burasındadır ki, Şamalovla Tixonovanın evlənməsi barədə xəbər verilmədiyi kimi, onların boşanması haqqında da heç bir məlumat verilməyib.
Putinin iki qızı – Katerina və Marina haqqında informasiya Rusiyada cidd-cəhdlə qorunan ən böyük dövlət sirlərindəndir.
Media indiyədək bir neçə dəfə peşəkar rok-n-roll rəqqasəsi Tixonovanın Putinin qızı olduğunu yazsa da, Kreml bu kimi xəbərləri heç vaxt təsdiqləməyib.
Ötən ilin aprelində Şamalov özünün Siburdakı 21, 3 faizlik payını satıb. Bu alqı-satqı barədə mətbuatda heç vaxt doğru-dürüst məlumat verilməyib. Amma Bloomberg-in adını çəkmədiyi mənbə Şamalovun bu satışdan bir qəpik də qazanmadığını bildirib.
Oxunub: 886