Əgər istəsəniz sizə bu dəfə dünənimizdən və bu günümüzdən danışmaq istəyirəm…
Hər şey o zamandan başladı. Hansı zamandan? O zamandan ki, biz o vaxt tütünün sonuncu yarpağını ipə düzüb, pambığın sonuncu qozasını ətəyimizə yığıb, kələmin sonuncu məhsulunu maşınlara yükləyib kolxoza təhvil verdik, bununla yanaşı, o məhsullarla yüklənmiş kolxozu da tarixin səhifələrinə təhvil verdik. Bəs qazancımız? Həə, onu da “Vahid Bank”a, “Əmanət kassası”na təhvil verdik. Kimlər ki, geniş düşündü, hər şeyin ucuz olduğu vaxt bir neçə ev, maşın, obyekt aldı, onlar da, onların övladları da rahat yaşayış dövrünə qədəm qoydular. Bəs sonrası? Sonrası bu oldu ki, əvvəlcə bir qırğın törədildi, müstəqillik ölkəsinə qədəm qoymaq istəyèn insanları müstəqilliyin gömrüyündəcə tanklarla tapdaladılar. Bir müddət sonra da müstəqqillik bizə öz qucağını açdı, təbii ki, yenə öz qan-qadasıyla. İllərdir müstəqilliyin həsrətilə çırpınan adamların ürəkləri son dəfə Qarabağ cəbhəsində çırpındı…
Daha sonra hər şeyin yaxşı olacağına inandılar. Başladı tariximizin “müasirlik” dövrü…İlk gedişat kimi öncə həqiqi inkişafın nəticəsi olan Avropa sənaye istehsalının nümunələri olan yeni dəb paltarlar Türkiyə vasitəsilə ölkəmizə ayaq açdı. Bakıda, Almaniyada beş-altı il sürülüb işlək vəziyyətdə satılmış “Mercedes” markalı maşınlar peyda olmağa başladı. Adətən “Azərbaycana ilk Volqanı mənim babam gətirib” deyən adamlar, “Bakıya ilk “Mercedes”i mənim atam gətirib” deməyə başladılar. Aztv1-in səhnəsində, xalqın illərlə gördüyü mədəni, gülərüz, səmimi simalar, duyduğu təbii səslər və hər çıxışın sonunda xalqa baş əyən sənət adamlarını, pambıq baldırlı, iridöşlü, kürəyindən alt paltarının kəməri görünən “huri”lər və nazik bakinbortlu “qılman”lar əvəz etdi. Evdə, küçədə, yasda, toyda, getdiyi hər yerdə müharibədə etdiyi qəhrəmanlıqların birinin üstünə beşini qoyub danışan şevə bığlı, aeradrom şapkalı, əli əsalı kişilər bir-bir qəbir daşlarından salamladılar bizi. Doxsanıncı illərin uşaqları- bizlər, bağçada batırdığımız paltarları dəyişib, təzə libasda orta məktəbə ayaq açdıq.
Düyü supuna birdəfəlik tövbə edib, məktəb bufetinin günəbaxan yağıyla bişirilmiş peraşkisinə öyrətdik mədəmizi. Ad günündə hamı bir-birinə kasetlə işləyən “yaponski” maqnitofondan alırdı. Həə, bir də göstərdiyi adamın əynindəki paltarı, üz cizgilərini olduğu kimi, hərəsini öz rəngində göstərən rəngli “Nina”, “Nova”, “Samsun” markalı televizorları qeyd etməmək ədalətsizlik olar. Bütün ailələr tədricən bu televizorlardan əldə etməyə başladı və bir neçə il sonra hər kəs bayram süfrəsinin ətrafında əyləşib, bu televizordan bayram konsertini izləyə-izləyə “Rekor”dun sağlığına badə qaldırdı. Vaxtilə mədəniyyət evlərində sərgilənən hind filmlərində maksimum romantik, həyəcanlı səhnə olaraq Racoyla, Bobbinin qucaqlaşıb dağdan yumalanmasını izləyən adamlar, Bakıda və bəzi rayon mərkəzlərində gizli fəaliyyət göstərən zirzəmi “kinoteatr”larda alman istehsalı olan videomaqnitofonlar vasitəsilə Amerikanın və Avropanın çəkdiyi qısametrajlı pornofilmlərlə tanış oldular. Və o vaxt mədəni imicimizdə yenilənmə baş verdi; öpüşməyi öyrəndik. Daha doğrusu, almanlar bizə öpüşməyi öyrətdilər. Bir neçə il sonra Bakının sevgililər məskəni olan bəzi parklarında :dodaq döyüşü” aparan iki sevgilinin mənzərəsi də, sırf həmin kasetlərin nəticəsi idi…Bəs sonra? Sonra nə oldu? Bəli, elə ən mühüm hadisələr sonra oldu. Sovet dövrünün diktatura qanunları ilə tərbiyə olunmuş valideynlərlə, övladlar arasında fikir ayrılığı yarandı. Yeni dövrə adaptasiya olunmaq təbii ki, o dövr insanı üçün asan deyildi. Adi həyat tərzinə dair fikirlərdən, sevdiyi qızla münasibətə dair fikirlərə kimi valideynlərlə fikir ayrılığı yaşayan gənclər həyatdan yeni bir zövq mənbəyi axtarmağa başladılar.
İki mininci ilin əvvəllərində artıq evlərdə üçün-dördə otağın yarısını tutan, arxası yarım metr arxaya çıxan, yaddaşı, ramı, keyfiyyəti müzakirə olunmayan, televizor formasında monitorlar- kompyuter evlərdə işıq saçmağa başladı. Zirzəmilərdə yerləşən “kinoteatr”ları internet-klublar əvəz etdi. Mental məhdudiyyətlərdən dolayı cinsi aclıq yaşayan, psixologiyasında sərhədlər yaradan, sevdiyi qıza yazdığı məktubu qonşu qızıyla göndərən insanlarımız “İnternetexploerin” və “Google”nin maksimum imkanlarından yararlanmağa, ondan ünsiyyət vasitəsi kimi istifadə etməyə başladılar. Əslində elə internet ünsiyyət vasitəsidir, burada əsas olan istifadəçinin məqsədidir. Əvvəl başında fənəri olan, sonra “ikport”lu, daha sonra “blutuz”lu telefonlarla tanış olduq. Dünyada gedən sürətli inkişaf dövrü bizə də təsir etdi. Amma müqayisə etsək, bu inkişafı başladan ölkələr mahiyyət etibarilə, bizsə yalnız görünüşcə inkişaf etdik. Və bu səbəbdən də həmin internet, bizim müasir təhsillə tanış olmayan iradəsiz insanlarımızı hərtərəfli parçaladı. Əlbəttə ki, inkişaf hər bir halda müsbət nəticədir, hər bir ölkədə buna görə qurbanlar verilib, amma bu məqsədyönlü olsaydı biz daha az qurbanlar verərdik, düşünürəm. Texnoloji inkişafın nəticəsi olan media vasitələrinin olmadığı dövrdə varlığından xəbər tutulmayan hadisələr, informasiyalar yeni dövrdə qısa müddət ərzində yayılmağa başladı. İsmayıllı meşələrində “Meşə qardaşları” tutuldu. Atasını öldürən oğullar, gəlinilə yatan qayınatalar, bacısını hərraca qoyan qardaşlar və ən əsası cinsi aclığından dolayı psixoloji depressiya yaşayan, məhdudiyyətlərdən dolayı bu ehtiyacı cinsi təcavüzlə ödəyən manyaklar peyda oldu.
Milli mənafeyini itirən cəmiyyətdə şəxsi mənafe güdən, şirkətində işləyən qızlara cinsi münasibət şərti qoyan müdirlər formalaşdı. Rusun caynaqlarından qurtulub, dilinə sevgi bəsləyən, öz dilində danışanlara “çuşqa” deyən zehniyyət yarandı. Aradan otuz ilə yaxın bir zaman müddəti keçdi, amma Xocalı meşəsində təcavüzə məruz qalan qızın taleyi dəyişmədi ki, dəyişmədi. Təhsil deyiləndə qızlarla yeni tanış olmaq üsulları başa düşüldü. Müəllimin hörməti də, izzəti də itdi. Başqasının həyat yoldaşına seks obyekti kimi baxan kişilər formalaşdı. Evli qadınlarla tanışlıq dəb halını aldı. Zibil qutularına atılan uşaqların sayı artdı. Düşüncə tərzinə görə insanlar üç qrupa ayrıldılar: 1. Mentaliteti və dini xürafatı mühafizə edən “mental polislər”…2. Özünü hamıdan öndə görən, universitet oxuyub özünü alim hesab edən, müasirliyi özündən imtina etməkdə görən, damağında siqaret, əlində pivə şüşəsi, müasir görüntü yaradıb, müasir olmayan, müasirliyi “azad seks” terminindən ibarət bir anlayış kimi başa düşən dəstə…3. Həqiqətən azad və sağlam düşünməyi bacaran, nə tam qərbli, nə də tam Şərqdən imtina edən, analiz qabiliyyəti olan azsaylı qrup, ayrı-ayrı fərdlər…
Azərbaycan, birincilərin İran, Rusiya sevgisilə, ikincilərin Avropa sevgiləri arasında “neytral zona”ya çevrildi. Üçüncüləri isə həmişə sıxışdırdılar, çünki onlar fərqli sağlam düşüncəyə malikdirlər. XIX əsrdə molla yanına gedən, fala baxdırıb, cadu etdirən adamların davamçıları XXI əsrdə də eyni say etibarilə mövcud oldu. “Facebook”da ədəbiyyat anlayışı olmayan adamların “like” sayıyla keyfiyyət dərəcəsi təyin etdiyi ədəbiyyat formalaşdı. M.Ə. Sabirin Sabirabaddakı heykəli təmirsiz vəziyyətdə qara-qara baxmağa başladı xalqa. Xalqın sevgili adamı Anadoluda uyumaqda davam edir. Bahalı maşınlarda ucuz adamlar avtoşluq dərdindədirlər. Qarabağda könüllü vuruşanların ardınca yararlı olduğu halda yararsız hərbi bilet daşıyan gənclər nəzərə çarpdı. Son illərdə inqilab səviyyəsində üç adam fərqləndi – Mübariz İbrahimov, Fərid Əhmədov, Ramil Səfərov… Sənayemiz inkişaf etmədi və biz yenə də Çinin və Avropanın iqtisadi müstəmləkəsi olaraq qaldıq. Ünsiyyət vasitələri çoxaldı, amma aramızdakı səmimi ünsiyyət süniləşdi. Və.s və.s. Hə, hə, bir də altına ağ əskilər sərilən sonuncu körpələrin övladları “pampers”lə rahatlaşdılar. Qaranlıqlar içərisində can verən sizlərə, “hələlik”, “gecəniz xeyrə qalsın deyirəm”…Vaxtınızı aldığımı düşünürsünüzsə, “müvəqqəti narahatçılığa görə sizdən üzr istəyirəm” – təmir yerlərindəki elan tablosundan…
Oxunub: 194