Azərbaycan düşüncə baxımından hökumətin müdafiəçisi rolunda çıxış edən deputatla trolun bir-birini tamamladığı yerdir. Məsələn, “aforizmləri” dillər əzbəri olan Aqil Abbasın “Gürcüstanda pul yoxdur deyə, rüşvət də yoxdur” deyiminə bənzərini də sosial şəbəkədə bir trol yazıb. Sosial şəbəkə istifadəçilərindən birinin Gürcüstanda yoxsullar üçün çoxlu sayda pulsuz yeməkxana olması haqqında paylaşımına bir trol cavab yazıb ki, “bizdə yoxsul olmadığına görə, elə yeməkxanalar da yoxdur.” Bəlkə, ürəyinizdə “hər gün bir Avropa ölkəsini “darmadağın edən” AzTV-nin “inciləri” yanında bu nədir ki” deyəcəksiniz. Haqqınız var. Amma bir ölkənin deputatı taxma adlarla sosial şəbəkələrə daraşıb, ağalarını ən primitiv, dayaz şəkildə müdafiə edən anonimlərdən fərqlənməlidir axı. Axı bir deputat insi-cinsi bilinməyən bu trollardan fərqli olaraq, rəsmi şəkildə dövləti təmsil edir. Axı o deputat yalan-doğru minlərlə vətəndaşın təmsilçisi sayılır parlament kürsüsündə. Bircə dəfə o kürsüdən həmin vətəndaşların dərdlərindən danışsınlar barı. Bircə dəfə onların işsizlik problemini, yoxsulluqlarını, ehtiyaclarını, dilə gətirsinlər. Özlərinə gün ağladıqları kimi, bircə dəfə də haqqını yedikləri o insanlar yadlarına düşsün. Bircə dəfə də o haqq qazandırdığı rüşvət üzündən ehtiyac içində boğulan, çırpına-çırpına ümidləri məhv olan, çarəsizlikdən boğazına intihar ipi keçirənləri xatırlasınlar. Amma harda o insaf, o mərhəmət, o məsuliyyət, o borcluluq hissi? Görünür, onlar da gündəlik Az TV-yə baxıb, orda hamının özləri kimi firavan yaşadığına inanırlar. Daha bu qədər görməzdən gəlməyin başqa adı nə ola bilər ki?
Ölkə TV-ləri hər gün bizə başqa dünyanın adamları olduğumuzu isbat etməyə çalışır. O dünyanın ki, qurd quzuyla, köpək pişiklə, pələng ceyranla qol-qola gəzir. O dünyanın ki, hər kəs yağ-bal içində üzür, kimsənin dərdi-qayğısı yox, zəngin yoxsulu, imkanlı imkansızı, vəzifəli işsizi axtarıb inadla yardımçı olmaq istəyir. Məsələn, tutaq ki, yerli TV əməkdaşlarından biri belə bir reportaj verir: Bakı kafelərinin birində “espresso” içirdik. İçəri girən müştərilərdən biri barmenə “iki qəhvə, biri asqıya” deyir və iki qəhvə haqqı verib gedir. Barmen də dəzgahın üzərində asılı duran mismara bir kağız asır. Bir az sonra iki kişi gəlir: ” iki qəhvə, biri asqıya” deyib, üç qəhvə haqqı verib, ikisini içib gedir. Barmen yenə mismara bir kiçik kağız asır. Bunun gün boyunca belə davam etdiyi anlaşılır. Amma bu yerdə üst-başı bir az köhnə, yoxsul olduğu anlaşılan biri girir içəri, barmenə “asqıdan bir qəhvə” deyir. Adam barmenin gətirdiyi qəhvəni içib pul ödəmədən çıxıb gedir. Barmen də dəzgahın üstünə asmış olduğu kağızlardan birini çəkib çıxarır.” Azərbaycan TV-ləri belə bir reportaj verə bilər, şübhəsiz. Amma bu, bizdə deyil, İtaliyada Napolinin kənar məhəllələrinin birində baş verib. Onu hadisəyə şahid olan məşhur italyan kino sənətçisi Vittorio de Sica bir TV reportajında danışıb…
Oxunub: 138