Bakıda yanğın təhlükəsizliyi qaydalarını pozmaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Məmməd Vəliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı açıqlanıb.
Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas yanvarın 30-na təyin edilib.
Şikayətə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.
M.Vəliyev barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd edək ki, hadisə 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan doqquzmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb.
Fakt üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri ilə cinayət işi başlanıb.
M.Vəliyev CM-nin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan şirkət rəhbəri apellyasiya şikayəti verib. (Report)
Oxunub: 118