Beynəlxalq Bankın 2015-ci ilin dekabrından həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev yenidən istintaqa cəlb olunub. Yaxın günlərdə ona qarşı yeni ittihamlar irəli sürüləcək. Bu haqda “Azadliq.info”ya hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
Bildirilir ki, artıq xeyli vaxtdır bu proses gedir. Hətta yeni işlə əlaqədar müstəntiq də bir neçə dəfə Cahangir Hacıyevi dindirib. Dindirmə keçmiş bankirin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində baş tutub.
Yeni ittihamın mahiyyəti haqda konkret məlumat verilməyib.
Qeyd edək ki, Cahangir Hacıyev 2017-ci ilin sentyabrından yaxınları və vəkilləri ilə görüşmək hüququndan məhrum edilib. Vəkillər bunun qanun pozuntusu olduğunu bildirərək, bir neçə dəfə məhkəməyə müraciət etsələr də, nəticə dəyişməyib. Amma yeni cinayət işi ilə bağlı dindirmələrin vəkilin iştirakı ilə keçirildiyi bildirilir. Mənbənin sözlərinə görə, C.Hacıyev vəkilsiz ifadə verməkdən imtina edib.
Xatırladaq ki, C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir 15 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb. O, yaxınlarının adına, özünün və dostlarının biznesinə görə rəhbərlik etdiyi bankdan milyonlarla kredit ayrılması və həmin pulların qaytarılmamasında, tabeliyində olan şəxslərə bu haqda qanunsuz göstərişlər verməkdə ittiham edilir.
C.Hacıyev isə özünü təqsirli bilmir. Həbsində daha çox Maliyyə naziri Samir Şərifovu günahlandırır.
azadliq.info
Oxunub: 338