İranda kütləvi etiraz aksiyaları ərəfəsində Tehran şəhərində baş örtüyünü çıxararaq çubuqla yelləyən qadın azadlığa buraxılıb, bir insan haqları vəkili bildirib.
Adı hələ ki, məlum olmayan qadın dekabr ayında İranda baş vermiş kütləvi etirazlar vaxtı sosial şəbəkələrdə paylaşılan şəkili ilə etirazların simasına çevrilmişdi.
Vəkil Nəsrin Sotudeh bildirib ki, o, qadının azadlığa buraxıldığı rəsmi sənədi görüb.
İran rəsmiləri bu xəbəri hələ ki, təsdiqləməyiblər.
Keçmiş siyasi məhbus Nəsrin Sotudeh bazar günü Facebook səhifəsində fars dilində yazıb ki, “İnqilab küçəsi qızı buraxılıb”.
Qadın baş örtüyünü Tehranın mərkəzi İslam İnqilab küçəsində çıxarıb. İranda qadınların ictimai yerlərdə başı açıq olmaları qadağandır.
Vəkil bildirib ki, o, qadının işi ilə məşğul olmaq üçün prokurorluqa gedib və onun buraxıldığını öyrənib.
“Ümid edirəm ki, sadə hüququndan istifadə etdiyinə görə ona zərər gətirmək üçün qadına qarşı qondarma bir iş qurmazlar”, xanım Sotudeh yazıb. “O, təqib olunası heç bir səhvə yol verməyib”.
31 yaşlı qadının bir körpənin anası olduğu deyilir.
Onun şəkli İranda hökumətə qarşı kütləvi aksiyalar ətrafında sosial kampaniyalarda istifadə olunub.
Keçən ay baş vermiş etirazlar və hökumətin aksiyaçılara qarşı əməliyyatları nəticəsində ən azı 20 nəfər həyatını itirib.
Onun taleyi barədə məlumat istəyən minlərlə insan həm farsca, həm də ingiliscə Twitter və digər sosial şəbəkələrdə #oharadadır (#where_is_she və ya #WhereIsShe) həştəqindən istifadə ediblər.
Qadının şəkli ilk dəfə White Wednesday (Ağ Çərşənbə) kampaniyası üçün istifadə edilib. White Wednesday kampaniyasında iştirak edənlər İranda sərt geyim qayda-qanunlarına etiraz olaraq, çərşənbə günləri ağ rəngli paltar və ya baş örtüyü geyinirlər.
1979-cu il İran İslam İnqilabından sonra iranlı qadınlar İslam qaydalarına uyğun olaraq, saçlarını örtülü saxlamağa məcbur ediliblər.
Oxunub: 456