Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində vəkil Aslan İsmayılov haqqında cinayət işinin icraata götürülməsinə münasibət bildirib:
Dünən Səbail rayon məhkəməsin tanınmış vəkil və fb-də kütləvi səhifəsi, çoxsaylı izləyiciləri olan Aslan İsmayılov haqqında cinayət işini icraata götürülmüşdür. O, saxta bir ittihamla Azərbaycan Respublikası Cinayət məcəlləsinin 147 (böhtan), 148-ci (təhqir) maddələri ilə günahlandırılır. Rəsmi ittiham bəhanədir. Aslan İsmayılovu fəal vətəndaş mövqeyinə, sosial şəbəkələrdə aktivliyinə, ardıcıl olaraq qanunları pozan bir sıra vəzifəli şəxslər barəsində tənqidi yazılarla çıxış etdiyinə görə susdurmaq istəyirlər. Bir qayda olaraq məhkəmələr belə qərarları qanununun aliliyinə görə deyil, prezident aparatından verilən tapşırıqlar əsasında qəbul edirlər. Aslan İsmayılov fb yazılarında çox ciddi məsələlər qaldırır, bilavasitə ailəyə yaxınlığı ilə seçilən müxtəlif vəzifəli şəxslər haqqında ifşaedici materiallar verirdi. Onu Milli Onkologiya Mərkəzi, apteklərdə narkotik tərkibli dərmanların qanunsuz satışı, AZAL şirkətində qiymət soyğunçuluğu, qanunsuz fəaliyyət göstərən kazino-qumarxanalar, vəzifəli şəxslər tərəfindən yaşıllıqların məhv edilməsi və hakimiyyət təmsilçilərinin digər çoxsaylı qanunsuz əməllərini fb, instagram səhifələrində ifşa etdiyinə görə cəzalandırmaq istəyirlər. Aslan İsmayılovun Milli Onkologiya Mərkəzində baş verənlər, AZAL şirkətində qiymət soyğunçuluğu, çimərliklərin müxtəlif vəzifəli şəxslər tərəfindən ələ keçirməsi barədə sosial şəbəkələrdə apardığı kampaniyalar böyük ictimai dəstək qazanmışdı. Onun haqqında saxta cinayət işinin rəsmiləşdirilməsi ilk növbədə söz, tənqidi fikirlər səsləndirmək azadlığının, sosial şəbəkələrdən cəmiyyətin maraqları naminə istifadə etmək təşəbbüslərinin, fəal vətəndaş mövqeyi nümayiş etdirməyin qarşısını almağa yönəlib.
Oxunub: 500