“Mən Hafiz Hacıyevlə yox, Əli Həsənov və onun kimilərlə mübarizə aparıram və aparacağam da…”.
Bu gün Səbail rayon Məhkəməsində tanınmış hüquqşünas Aslan İsmayılovun cinayət məsuliytətinə cəlb olunması üçün xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Bu işə hakim Azər Tağıyev baxır.
A.İsmayılovun həbsini tələb edən isə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir. O, A. İsmayılovun CM-nin 147 (böhtan) və 148(təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.
A.İsmayılov məhkəməyə polis vasitəsi ilə gətirilib. Polislər birbaşa onun iş yerinə gedib, götürüv gətiriblər. Bu proseslə əlaqədar məhkəmənin qarşısına da çoxlu sayda polis qüvvələri cəlb edilib. Məhkəmənin hazırlıq iclasına gələnləri içəri buraxmayıblar. Onlara bildirilib ki,zalda yer yoxdur.
Hazırlıq iclasında H. Hacıyev özü də iştirak edib. O, A. İsmayılovun prezident və ailəsini təhqir etdiyini bildirib.
A.İsmayılovun etirazına baxmayaraq H.Hacıyevin iddiası icraata götürülüb, hüquqşünas təqsirləndirilən şəxs qismində tanınıb.
H. Hacıyev iddia ərizəsində yazıb ki,A. İsmayılov özünün facebook səhifəsində yaydığı materiallarda onu təhqiramiz formada “canlı” adlandırıb, şantajla adamlardan pul aldığını bildirib. Bununla onu təhqir edib, böhtan atıb.
A. İsmayılov isə hesab edir ki, bu H. Hacıyevin öz fəaliyyəti deyil. O, başqalarının sifarişi ilə məhkəməyə mürüciət edib: “Mən Hafiz Hacıyevlə yox, Əli Həsənov və onun kimilərlə mübarizə aparıram və aparacağam da…”.
Bu iş üzrə məhkəmə fevralın 7-də davam edəcək.
Azadlıq.info
Oxunub: 1496