Artıq 60 gündür ölkədə təhsilin taleyinə məsul olan ali quruma-Təhsil Nazirliyinə rəhbər tapılmır. Düz iki aydır hökumət əli çıraqlı nazir axtarır. Nazir də ki, tapılmır ki, tapılmır. Adama deyərlər, yenisini seçmək məsələsi belə daşa dirənəcəkdisə, daha köhnəni niyə çıxarırdınız? Pis, yaxşı Mikayıl Cabbarov yola verirdi ki. Guya indiki şərtlərə görə yeni gələn ondan daha yaxşımı olacaq? Olacaqsa, olsun. Amma nəhayət, bir qərar verin, cənablar. Təhsilin taleyini öz daxili intriqalarınızın qurbanına çevirməyin. Onsuz da on illərdir təhsilin başına açdığınız oyunu açmısınız. Ölkənin hazırkı duruma düşməsində yarıtmaz təhsil siyasəti də oynadığı rolu oynayıb. İndi fikriniz nədir, yoxsa düşünürsünüz, başsız da yola vermək olar bu nazirliyin işini?..
Yazıçı Mark Tven deyirdi ki: “Təhsilin edə bilmədiyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsindən kənarda qala bilməz. O, pis əxlaqı yaxşıya çevirə bilər, pis ənənələri yıxar və yerinə yaxşı yenisini qoyar, o, insanları mələklər səviyyəsinə çıxara bilər.” Sizin təhsil siyasətiniz on illərdir bunların hansını edə bilib? Hansı pis əxlaqı yaxşıya çevirib? Hansı pis ənənəni yıxıb yerinə yenilik gətirib? Mələk olmaq bir yana, sizin təhsil siyasətiniz normal insan yetişdirmək istiqamətində nə edə bilib ki? O siyasət açıq fikirli, elmli, yeni düşüncəli, müstəqil fərdlər yetişdirə bilibmi on illər ərzində? Elm ocaqlarının yolunu müasir dünyanın işıqlı üfüqlərinə açmağa təşəbbüs göstəribmi? Yox, nə yazıq ki. Bütün bu gözəl şeylərin əvəzində universitetlərdə rüşvət kök atıb illərcə, təhsilin səviyyəsi sıfıra enib, yeni düşüncəli gənclərə qapılar qapadılaraq ölkə cəhalət bataqlığına salınıb.
Mark Tvenin təhsil haqqında bir maraqlı fikri də var: “Təhsil hər şeydir. Şaftalı bir zamanlar acı badam idi; gül kələm də üniversitet təhsili almış kələmdən başqa bir şey deyil.” Bəli, təhsil bir milləti də beləcə yetişdirən, onun gələcəyini şəkilləndirən ən önəmli amildir. O gələcək də təhsilin başında kimlərin dayanmasından asılıdır. Azərbaycan təhsilinin 25 illik səviyyəsi onun indiyə qədər başında duranlardan yarımadığını açıq ortaya qoyur. İndi hər kəs yeni simanı gözləyir. O həsrətlə gözlədilən adam kim olacaq, onun təyinatı nəyi dəyişəcək? Böyük gözləntilər olmasa belə, yeni nazirin kim olacağı hamını maraqlandırır. Baxaq, bu götür-qoy daha hara qədər uzanacaq?
Səadət
Oxunub: 216