Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Əlbəttə, Azərbaycan xalqı üçün çoxdandır ki, seçki rəhmətə gedib. Hamı bilir ki, İo Kio babalar sehirli xalatı geyinib, seçki qutusundan “sürpriz” çıxaracaq. Ona görə də xalq seçkiləri boykot edib, yalnız karusellər hesabına seçki məntəqələrinin qarşısında süni kütləvilik yaradılır. Son dövrlər isə seçki saxtakarlığı daha asan ifşa olunur. Anındaca topa bülletenlərin qutuya atılması, məntəqə sədrlərinin saxtakarlıq canfəşanlıqları telefona çəkilir və sosial şəbəkələrdə yerləşdirilir. Yəni, seçici getdikcə daha çox və əyani şəkildə əmin olur ki, ölkədə keçirilən seçkilər sadəcə imitasiyadı.
Artıq məlum olduğu kimi hakim partiyanın namizədi bu il də İlham Əliyev olacaq. Bu il də müsbətə doğru heç bir addım atılmayıb, hakimiyyətin mahiyyəti dəyişməyib, keçmiş seçkilərdəki ifşalardan dərs çıxarılmayıb. Amma bir həqiqət də var ki, seçkiyə könüllü gedən adamlar müxalifət namizədinə səs verir. Hətta kütləvi saxtakarlıqdan sonra da Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin 200 mindən artıq səs aldığını etiraf etdilər. Bugünə qədər keçirilən seçki prosesləri və onların nəticələri göstərir ki, bu ölkədə seçkiyə getmək əsas şərt deyil. Seçkidə kimə səs verməyin də əhəmiyyəti yoxdur. Əsas olan səs verdiyin namizədin arxasında dayanmaqdı. Daha doğrusu verdiyin səsin arxasında dayanmaqdı. Bir halda ki, hökumət seçki “ənənə”lərini dəyişmir, o zaman xalq seçmək ənənəsini dəyişməlidir. Yəni, məntəqədə seçki qutusuna atdığı bülleteni, meydanda da varlığı ilə təsdiqləməlidir.
Bir sözlə, ölkənin gələcəyi üçün, dövlətin maraqları naminə hər bir vətəndaş namizədliyini verməlidir. Prezidentliyə yox, səsinə sahib çıxmağa namizəd olmalıdır. Bəli, xalq da haqqını alana qədər meydanlara namizəd olmalıdır, susmamağa namizəd olmalıdır, əsl vətəndaşlığa namizəd olmalıdır.
Əgər xalqın seçib-seçilmək haqqı əlindən alınıbsa, deməli əlində heç nəyi qalmayıb. Həqiqətən də hakimiyyətin mənbəyi olmaq istəyiriksə, xalq olmağı bacarmalıyıq. Unutmayaq ki, seçki qutusuna atılan saxta səslər həm də taleyimizn qutusuna atılan bombalardı. Biz seçməyi bacarmalıyıq ki, bir qrup adam bizi istədiyi seçim qarşısında qoya bilməsin. Səsimizin arxasında durmasaq, önümüzdə divar kimi durmağa davam edəcəklər.
İlham
Oxunub: 486