Nemət Əliyev
Əli Əhmədov YAP gənclərinin dünənki yığıncağında yenə də uğurlu gənclər siyasətindən, gənclərin də bu siyasəti yüksək qiymətləndirməsindən danışıb…
Axı hansı uğurlu siyasətdən danışırsınız, cənab Əli Əhmədov! Heç rəsmi hesabatlara baxmırsınız, kitab, dəftər açmırsınız? Xəbəriniz yoxdur ki, rəhbərliyində təmsil olunduğunuz partiya və hökumətin həyata keçirdiyi siyasət ölkədə 15-24 yaş qrupuna daxil olan gənclərin sayının son 6 ildə 316 min nəfər azalmasına gətirib çıxarıb (2011-2017-ci illər)? Bəs dağılan ailələrin son 5 ildə 22 faiz artmasından (2011-2016-ci illər) da məlumatınız yoxdur? Elə isə son üç ildə bağlanan nikahların sayında 24 faiz azalma əmələ gəlməsini də (2013-2016-cü illər) bilməyinizi istərdim. Onu da əlavə edim ki, “uğurlu” il saydığınız 2017-ci ildə gənclərin ümumi vəziyyətini xarakterizə edən bu göstəricilər daha da pisləşib…
Doğrusu, belə dəhşətli nəticələrə gətirib çıxarmış siyasətinizə “uğursuz siyasət” adı vermək də yerinə düşmür. Xüsusən də, gənclərə münasibətdə yürütdüyünüz hazırkı gərəksiz siyasəti davam etdirmək istəyiniz, biləsiniz ki, bir müddət sonra ümumi əhali sayının azalmasına da səbəb olacaq…
Elə isə bu tükürpədici statistikadan və təhlükəli tendensiyadan xəbər tutan Azərbaycan gənci ölkənin bu gününə və gələcəyinə zərbə vuran belə bir siyasəti hansı ağıl və məntiqlə yüksək qiymətləndirə bilər, cənab baş nazir müavini?! Bunu dəqiq bilin ki, Vətənin, xalqın gələcəyini düşünən gənc, gənc ailə, elə həm də yaşlı nəsil belə bir siyasətə nəinki müsbət qiymət verə, heç onu təqdir edə də bilməz. Buna əmin olun!
Oxunub: 340