Dünən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib ki, onlar məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyində təmir-bərpa işləri aparmağı planlaşdırırlar. Nazir qeyd edib ki, “dövlətin imkanları olmasa da” onlar təmir-bərpa işini müxtəlif sponsorların vasitəsi ilə görmək niyyətindədirlər. Təşəbbüsü alqışlayırıq. Amma istər-istəməz insanın ağlı “dövlətin imkanları olmasa da” ifadəsinə ilişib qalır. Deyəsən bizim əliaçıq hökumətimizin imkanları ancaq başqaları üçündür. Bu ölkənin milyardlarından xalqın övladlarına gəlib çatan qəpik-quruşdur ancaq. O da hələ böyük minnətlə…
Bu ölkənin gələcəyi üçün böyük işlər görmüş Tağıyev kimi insanların muzeyinə nədən pul tapılmır ki? Nədən bu ölkənin milyonları ilə Pakistanda qızlar liseyi açmağa, Budapeştdə uşaq bağçası və ibtidai məktəbi tikməyə, Bosniyada tibb mərkəzi inşa etməyə, Romanın Kapitoli Muzeyinin bərpa işlərinə, Fransadakı “Bizim ledi” kilsəsinin, Luvr muzeyinin, Notre- Dame kilsəsinin, Saint Paterne kilsəsinin təmirinə, Versal Sarayının “sənət əsərləri”nin bərpasına səxavətlə milyonlar xərclənir, amma öz dəyərlərimizə pul tapılmır? Necə olur ki, gərəksiz oyunlara səpilən milyardlardan kiçik bir hissəsi Tağıyev kimi şəxsin payına düşmür? Necə olur ki, “Eurovision”a 800 milyon dollar, Avropa Oyunlarına 4 milyard 600 milyon dollar, “Formula 1” yarışlarına 120 milyon xərcləyən hökumətin bizim öz şəxsiyyətlərimizə sıra gələndə əli aşağı olur?
Hökumətin təmirinə pul tapmadığı tarixi abidə təkcə Tağıyev muzeyi deyil. Mədəniyyət və Turizm Nazirliyinin rəsmi açıqlamasına görə, ölkədə qeydiyyata alınmış 6300 tarixi abidə var ki, onların çoxu təmir olunmalıdır. Bu abidələrin arasında 100-ü isə tam qəzalı vəziyyətdədir. İndi özünüz düşünün, xaricdə xeyriyyəçilik adına dolayı rüşvət olaraq səpilən o yüz milyonlar hesabına bu abidələri bərpa edib normal vəziyyətə gətirmək olardı, ya yox?
Oxunub: 346