“The Independent” yazır ki, Rusiyada prezident seçkisinə bir ay qalır. Bu seçkinin bülletenlərində səkkiz namizədin adı və adların qarşısında kiçik kvadratlar var. Amma ən önəmlisi Putinin adının qarşısındakı kvadratcıqdır.
Bu mənada Rusiyada 2018-ci ilin prezident seçkisi 2012-ci ilin seçkisindən çox az fərqlənəcək. Amma fərq hər halda var.
2012-ci ildə onun prezidentliyinə çox böyük etiraz var idi və buna görə də o seçki bir növ Putinin referendumu sayılırdı. Putin qalib gəldi. Amma bu seçkidə Putinin qarşısında duran yeganə rəqib – seçici süstlüyüdür.
Bir çox təhlilçilər bildirirlər ki, Kreml bu seçkinin legitimliyinin heç kimdə şübhə qoymamasına çalışır.
Necə də olmasa, 2012-ci ildən sonra Putin Krımı Rusiyaya qaytarıb. Buna görə də indi Putinin daha böyük faizlə qalib gəlməsi lazımdır. Böyük faiz isə böyük seçici iştirakı olmadan olmur. Bu dəfə Putin üçün elektoratın 65-70 faizinin iştrakı kafi olmayacaq.
Burada böyük bir problem var: Rəqabəti olmayan seçkiyə elektoratı necə cəlb edə bilərsən?
İndi Kreml bu 70 faiz söhbətinin olduğunu qızğın inkar edir. Halbuki Altay vilayətinin qubernatoru Aleksandr Karlinin iclas zamanı gizlicə yazılmış səsi məhz bunu deyir.
O bu audioda deyir ki, “Mərkəzi Seçki Komissiyasının sədri 70 faiz yoxdur deyə bilər, amma siz bunu heç vecinizə almayın. Bu rəqəmi bizə heç kim qadağan etməyib, qələm bizim əlimizdədir”.
Vəziyyəti təhlil etmiş bir çox ekspertlər “The Independent” qəzetinə deyiblər ki, seçkidə elektoratın 70 faizinin iştirakı az ağlabatandır.
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru Valeri Solovey deyir ki, 70 faiz rəqəmi bəlkə də əldə oluna bilər, lakin bunun üçün seçkidə nəsə bir intriqa, maraq yaradılmalı, başqa namizədlərə rəqabət imkanı verilməlidir.
Onun fikrincə bu, Kreml üçün təhlükəli oyun olardı.
Qolos seçki monitorinqi qrupundan Qriqori Melkonyants deyir ki, hətta 60 faizin iştirakını da təmin etmək üçün də süni müdaxilələr olmalıdır.
Kreml belə “müdaxilələri” artıq əvvəlcədən edib, yazır “The Independent”. Seçki Krımın ilhaqı ilə eyni günə, martın 18-ə “təsadüf” edir.
Böyük bir ehtimalla seçki günü seçicilərə müxtəlif əyləncələr, ucuz lotoreyalar və sosiskalar təklif olunacaq. Rusiyanın seçki ənənəsində belə şeylər əlavə olaraq 5-10 faiz seçici cəlb edir.
Sankt Peterburqdakı Avropa Universitetinin müqayisəli siyasət professoru Qriqoru Qolosov deyir ki, daha böyük elektoratın toplanması üçün hakimiyyət daha geniş müdaxilələr etməyə məcburdur.
O bildirir ki, böyük bir ehtimalla hakimiyyət ondan asılı olanların, yəni büdcə təşkilatlarında işləyənlərin bu səsvermədə tam iştirakını təmin edəcək.
“Müəllimlər, həkimlər, hərbçilər, polis, fabrik-zavod fəhlələri, hətta ruhi xəstələri səsverməyə cəlb edəcəklər” – deyir professor Qolosov.
Qolosovun fikrincə, 2011-ci ilin parlament seçkisi zamanı olduğu kimi qutulara topası ilə bülleten doldurulması da baş verə bilər.
“Prezident administasriyası yəqin ki, təmiz seçki keçirməyə çağıracaq, amma yerlərdəki qubernatorlar onlardan tələb olunanı yaxşı başa düşürlər – deyir alim, – Putinin pis nəticəsi onlar üçün pis xəbər ola bilər”.
Putinin köməyinə həm də Şimali Qafqazın respublikaları çatacaq. Ramzan Kadırovun Çeçenistanı 2012-ci il seçkisində Putin üçün 99 faiz iştirak rəqəmi düzəltmişdi.
Bu dəfə Çeçenistan parlamentinin spikeri bildirib ki, lazım olsa seçkidə iştirak 120 faizə çatıdırla bilər.
Müstəqil seçki tədqiqatçısı Sergey Şpilkin deyir ki, hazırda iki Rusiya var. Birinci Rusiya ikinci Rusiyadan əhəməyyətli dərəcədə təmizdir.
Bu iki Rusiya coğrafi baxımdan da fərqlidir. Birinci Rusiya əhalinin 80 faizinin yaşadığı böyük şəhərlərdir. İkinci Rusiya seçki müşahidəsinin olmadığı və əhalinin cəmi 20 faizinin yaşadığı ucqar Rusiyadır. Ötən seçkidə hər iki Rusiyanın seçkidə iştirakı bərabər olmuşdu.
Şpilkin deyir ki, ümumilikdə “qeyri-adi” səslər (izaholunmaz) 2000-ci ildə cəmi 3 milyon idisə, indi bu rəqəm 10-15 milyona çatıb.
Melkonyants isə deyir: Kreml bu seçkidə seçim qarşısındadır: aşağı iştirakla rahat qələbə və ya yuxarı seçki iştirakı ilə yanaşı saxtakarlıq qalmaqalları.
Oxunub: 740