Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə məscidlərdə xütbələr zamanı İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyə çağırıb və buna şəxsən nəzarət edəcəyini bildirib. Bu əcaib çağırışa geniş şərh vermədən, AXC dövründəki parlament iclaslarından birində islamçıların təmsilçisi S.M.Qənizadə ilə M.Ə.Rəsulzadə arasında yaşanan bir polemikanı diqqətinizə çatdırırıq. Bu polemikanın predmeti “Müəssislər Məclisinə seçkilər haqqında” qanun layihəsinin 96-cı bəndi idi. O bənd din təmsilçilərinin məscidlərdə və kilsələrdə siyasi təbliğat aparmasını qadağan edirdi. Həmin iclasın stenoqramını sizə təqdim edirik.
Stenoqramma
Parlamentdəki “İttihadi-islam” fraksiyasının üzvü Sultan Məcid Qənizadə söz alaraq bildirir: “Mən bu maddə barədə danışmaq istərdim. Burada deyilir ki, kilsə və məscidlərdə möizə formasında ruhanilər tərəfindən təbliğat aparılmasın. Bu qadağa kilsəyə aid edilirsə, məscidə də aid olmalıdır. Halbuki, məscidlər kilsədən, mollalar isə keşişdən fərqlidir. Belə ki, keşişlər gəlib kilsədə dua edib gedirlər. Lakin ruhanilər böylə deyillər. Bizim mühüm məsələlərimiz həmişə məsciddə həll olunmuşdur. Ruhanilərimiz də həmişə cəmaət üçün rəhbər olmuşlar. Onlar nəinki dua və namaz işində, hətta dünyəvi işlərdə də, məsələn, ticarət və qeyri işlərdə cəmaətə rəhbər və yol göstərən olmuşlar. Çünki ruhani işlər ilə bərabər ticarət və sənət kimi dünyəvi işlər də gərək şəriət yolu ilə olsun. Belə olan halda, məscidlərin həyətində siyasi təbliğatı qadağan etməklə biz bir növ ruhanilərə ehtiramsızlıq göstəririk. Qabaqkı maddələrdən birində zabitləri və polisləri seçmək və seçilmək hüququndan məhrum etdik ki, onlar seçki işlərinə təsir göstərməsinlər. Bu qadağa ruhanilərə də tətbiq olunarsa, onda onları polis məmurları ilə eyniləşdirmiş olarıq, halbuki, polis seçki yerinə əlində qamçı ilə gəlir, ruhanilər isə möizə ilə gəlirlər. Əgər biz İslam səltənəti istəyiriksə, gərək əsasımız doğru yol ilə olsun. Bu doğru yolu isə bizə ruhanilər göstərəcək ki, hansı yol savabdır. Onları nə üçün bu işdən uzaqlaşdıraq? Onlar hər zaman rəhbər olublar. Nə üçün Müəssislər Məclisinə seçkilərdə rəhbər olmasınlar? Gələcəkdə onlar millətin və cümhuriyyətin səadətinə zamindirlər. Mən xahiş edərdim ki, bu maddə qanundan çıxarılsın. Kilsələr münasibətdə qalsa da, məscidlərə aid edilməsin. Çünki islamiyyətdə məscid, kilsə kimi deyil. Məsciddə cəmaətin ümumi məsələləri həll olunur.
İclasa sədrlik edən Həsən bəy Ağayev: Son söz məruzəçi M.Ə. Rəsulzadəyə verilir.
Məhəmməd Əmin Rəsulzadə: Bu məsələyə əsas bir nöqteyi-nəzərlə baxmaq lazımdır. Burada üləma və ruhanilərin heysiyyətinə toxunacaq heç bir şey yoxdur. Birdəfəlik anlamalıyıq ki, indiki zamanda xalq cümhuriyyəti elan etmişiksə, bütün hakimiyyət millətin öz əlindədir və bütün qanunlar xalqın rəyilə hakimiyyəti milliyyə əsasında çıxarılacaq. Xalqın seçdiyi nümayəndələr millət və məmləkətin hansı üsulla idarə olunacağı xüsusunda qanunlar çıxaracaqlar. Belə bir zamanda əsrlərlə bundan əvvəl yaranmış əsasları qurmaq zamanı deyildir. O zaman çoxdan keçmişdir.
Əfəndilər! Üləmanın vəzifəsi bir vəzifeyi-diniyyə olduğundan müqəddəsdir. Deyirlər ki, seçki də müqəddəsdir və belə bir müqəddəs işdən ruhaniləri məhrum etmək olmaz. Lakin bunu bilməliyik ki, dini məsələlər başqa, dünya işləri isə bambaşqadır. Əgər diqqətli olsaz, görərsiniz ki, dünyəvi məsələlərdə dini məsələlərə xas olan müqəddəslik qətiyyən yoxdur. Dini etiqadlar tənqidin, mühakimənin fövqündədir. Halbuki, siyasi etiqadlar daima tənqid hədəfidir. Bir şey ki, tənqidə və mühakiməyə məhkumdur, onda müqəddəslik aramaq əbəsdir. Bir də gərək diqqət edəsiniz ki, seçkilər millətin azad rəyindən hasil olmalıdır. Ona görə də bütün polis məmurlarının, qorodovoyların və başqa hakimlərin seçki hüquqları əlindən alınır. Bu nə üçündür? Ölkə vətəndaşı olduqları halda onlar niyə seçkidən məhrum edilir? Ona görə ki, bununla başqalarının azad səs vermək hüququ təmin olunur.
Bizə deyirlər ki, qorodovoy, polis ağac ilə, qamçı ilə gəldikləri halda, ruhanilər vəz ilə gələcəklər. Fəqət, siz mənə təminat verə bilərsinizmi ki, qorodovoylar qamçı ilə gəldikdə bəzi ruhanilər lənətlər və küfrlərlə gəlməyəcəklər? Qorodovoyun əlində zopa varsa, ruhanilərin də küfrü, lənəti var (Alqışlar).
Sultan Məcid yerindən: O ruhani deyil, o mərsiyaxandır.
M.Ə. Rəsulzadə üzünü S.M. Qənizadəyə tutaraq çıxışını davam etdirir: Əvət, keçən il bunun təcrübəsini gördük, sizə məxsus olan ruhaninin birinin nə elədiyini gördük. Ona görə də imkan vermərik ki. Allahın evindən istifadə edib, yenidən küfrlər yağdırıb, təşviqat yapmaqla məqsədlərinə nail olsunlar.
Bir də əfəndilər, bunu bilməlisiniz ki, üləmanın vəzifəsi bitərəf qalmaqla xalqı haqq yoluna çəkməkdir. Fəqət, insan bir siyasi firqəyə mənsub olursa, bitərəf qala bilməz. Bir zamandakı firqələr rəqabətə çıxmışlar, bir zamandakı emosiyalar coşmuşdur, bir zamandakı firqə şəriətə uyğun olan və olmayan bütün vasitələrlə qarşı tərəfi məğlub etmək istəyir, bir zamandakı əhalinin bir sinfi digərinə qarşı mübarizə və rəqabətə qalxmışdır, belə bir zamanda yeganə bir sülh yeri varsa ki, barışmaq üçün oraya müraciət edilməlidir, o da məsciddir. Belə zamanlarda üləma sülh sözü ilə gəlib firqələrə nəsihət etməlidir. Lakin üləmalar da bu keşməkeşdə desə ki, həqq filan firqənindir, filan firqə isə haqsızdır, o zaman məscidlər bir ixtilaf yeri olar və üləma sülh-səlahə çağırıb, xalqı barışdırmalı ikən, minbərlərdən doğru bilmədiyi firqələr üzərinə küfrlər yağdırmaqla odun üzərinə yağ tökəcəkdir. Çünki mənim məsləkimə minbərdən biri zidd gedərsə, əmin olunuz ki, həmin adam alim də olsa, mən ona etirazımı bildirəcəyəm. Ona qarşı hörmət bəsləməyəcəyəm. İndi söyləyiniz, qalarmı hörməti belə üləmanın? Qətiyyən qalmaz! Əgər istəyirsiniz ki, məscid bir möhtərəm vasitə, sülh və səlah olsun, qoyunuz o bitərəf və müqəddəs qalsın. Əgər istəyirsiniz ki, din nümayəndələrinin heysiyyəti toxunulmaz qalsın, əgər istəyirsiniz ki, məscid məscidliyində bulunsun, onu dünya işlərinə qatmayın, buraxınız orası ancaq ibadət üçün qalsın. Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın… Bir alim ittihadçı, digəri müsavat, sosialist olursa, bir üləmanın biri çıxıb deyəcək ki, səsinizi filan firqəyə verin, ardınca da mərsiyaxan da çıxıb səsinizi filan firqəyə verin, o yalan deyir desə, o vaxt nə olar? Məhz bu nöqteyi-nəzərdən məscidləri mübarizə aparan siyasi firqələr arasında bir sülh amili kimi saxlamaqdan ötrü bu maddə qəbul edilməlidir ki, məscid ilə minbər bitərəf qalsın. Alimlər xaqlı sülh yoluna çağırsın, məscid də siyasi işlərdə iştirak etməsin.
Həsən bəy Ağayev: Əvvəl Qənizadənin təklifini səsə qoyuram Təklif belədir: “Kilsə və məscid, habelə ruhanilərin moizəsi barədə maddə çıxarılsın”. Kim Sultan Məcid Qənizadənin təklifini qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Kim əleyhinədir. Əksəriyyətin rəyi ilə təklif qəbul olunmur. Hər kim 96-cı maddəni qəbul edirsə, rica edirəm, əlini qaldırsın. Əksəriyyətin rəyilə 96-cı maddə qəbul olunur.
Oxunub: 378