Xəbər verildiyi kimi, sabah dövlət qulluğuna keçiriləcək qəbul imtahanlarında 1537 nəfər iştirak edəcək. Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu rəqəmin gözləniləndən dəfələrlə aşağı olduğunu deyib və buna təəccübünü bildirib: “Biz xeyli müraciətin olacağını gözləyirdik. Lakin cəmi 1537 müraciət almışıq. Halbuki 2000-dən çox vakansiya elan olunub. Müraciətlərin azlığı bizdə təəccüb doğurur”. Həqiqətən, imtahanlara qatılan iştirakçıların say azlığı nə ilə bağlıdır? Bu sualla təhsil məsələləri üzrə ekspert Kamran Əsədova müraciət etdik. Onun məsələ ilə bağlı açıqlaması belə oldu:
-İlk növbədə qeyd edim ki, bir ildən çox fasilədən sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 noyabr 2017-ci il tarixdən etibarən dövlət qulluğuna qəbul imtahanları başladı. Əvvəlki illərdən fərqli olaraq DİM dövlət qulluğuna qəbulun formatında dəyişiklik etdi və imtahanlar müəyyən qruplara uyğun olaraq keçirilməyə başladı. İlk keçirilən imtahanın nəticələri o qədər də yüksək olmadı. Təəssüf ki, Dövlət Qulluğunda işləmək üçün imtahanlarda iştirak edən şəxslərin təxminən 80%-i kənarda qalır. Keçid ballarının aşağı salınmasına baxmayaraq, vəzifəyə uyğun bilinənlər təxminən 20-30% arası olur. İmtahan iştirakçılarının zəif nəticə göstərməsinin əsas problemi təhsil sistemində və əsas da universitetlərimizdə bilik meyarının çox zəif olmasıdır. Yəni ali məktəblərdə təhsil əmək bazarının tələblərinə uyğun, müasir tələblər səviyyəsində deyil. Xoşagəlməz tendensiya odur ki, kifayət qədər yüksək bal toplayan və hətta Prezident təqaüdünə layiq görülən tələbələr olsa da, sonrakı mərhələlərdə məzunlar dövlət qulluğuna qəbul olunmaq üçün komissiyaya müraciət etmirlər, Müraciətin illər ötdükcə azalmasına təsir göstərən bir neçə vacib məqam var: Birincisi, işə qəbul imtahanlarında tərtib edilən test tapşırığının çətinliyidir ki, daha çox rəqəm, fakt tipli suallar tərtib edilir ki, iştirakçılar müvəffəqiyyət əldə edə bilmirlər. İkincisi test imtahanını keçdikdən sonra belə, müsahibə mərhələsində müəyyən məmur təsirinin olması, kənar təsirlərin olması müraciət edənlərdə inamı azaldır. Üçüncü, bəlkə də ən vacib nüans odur ki, dövlət idarələrində əmək haqqının aşağı iş saatının çox və ağır olmasıdır. Bu gün özəl və xidmət sektorunda daha çox əmək haqqı və gəlir əldə etmək mümkündür. Yəni gənclər baxırlar ki, ticarətdə, biznesdə pul çoxdur, ora can atırlar. Dördüncüsü, Dövlət qulluğuna imtahanlarda iştirak etmək üçün tələb olunan imtahan pulu – xidmət haqqının çox olmasıdır. Belə ki, manat verib imtahanda uğursuz nəticə əldə etmək təhlükəsinə görə gənclər iştirak etmək istəmirlər. Halbuki, əvvəl bu imtahanlar pulsuz idi və iştirakçıların sayı kifayət qədər çox idi. Başqa bir problem isə bir çox hallarda namizədlərin potensiallarından yuxarı inzibati vəzifəyə maraq göstərməsi və nəticədə həmin vəzifəni tuta bilməməsi ilə şərtlənir. Bəzən namizədin normal təhsil səviyyəsi mövcud olsa da, o, müsahibəyə ciddi hazırlaşmır.
azadliq.info
Oxunub: 76