AXCP Rəyasət Heyətinin üzvü, Elçibəyin yaxın silahdaşı və Milli Azadlıq Hərəkatının əsas simalarından olan Məşədi Vaqif (Vaqif Pənahov) dünyasını dəyişib.
Onun vəfatı ilə bağlı AXCP sədri Əli Kərimli feysbuk səhifəsində bunları yazıb:
“AXCP-yə, ölkənin demokratik qüvvələrinə, bütövlükdə xalqımıza ağır itki üz verib. Partiyamızın Rəyasət Heyətinin üzvü Məşədi Vaqif Pənahov dünyasını dəyişib. Məşədi Vaqif Mlilli Azadlıq Hərəkatının öncüllərindən biri olmuş, AXC-nin Sovet imperiyasına və onun Azərbaycandakı vassallarına qarşı mübarizəsində, Bakı kəndlərində təşkilatlanmasında müstəsna xidmətlər göstәrmişdi. Prinspial demokrat, əqidəli cəbhəçi olaraq uzun illər idi ki, ölkəmizdə hüquq və azadlıqlar uğrunda mübarizənin ön sıralarında yorulmadan mübarizə aparırdı. Səhhətindəki problemlərə baxmayaraq bütün siyasi məhbus məhkəmələrində iştirak edirdi. AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi onu xüsusilə sarsıtmışdı. Hər bir insanın nahaqdan, şərlənərək həbs olunmasını özünün şəxsi problemi sayardı. Partiyamızın hamı tərəfindən qəbul edilən ağsaqqalı idi. Onu tanıyan minlərlə insan üçün dürüstlük, ləyaqət, cəsarət, sözü bütövlük, səmimiyyət simvolu idi. Son illərdə səhhəti və yaşlanması ilə əlaqədar olaraq dəfələrlə partiyanın Rəyasət Heyətindən istefa vermək istəmişdi. Ancaq partiyadaşları Rəyasət Heyətini onsuz təsəvvür edə bilmirdi, onun partiya rəhbərliyindən getməsini heç kim yaxın buraxmırdı…
Məşədi Vaqifin olduğu hər yerdə səmimiyyət, təmənnasızlıq, fədakarlıq var idi. O örnək şəxsiyyət idi. Babaları da cümhuriyyətçi olmuşdu, 20-ci əsrin 30-cu illərində nəsillikcə repressiya edilmişdilәr. Əqidəli demokrat, əsl cümhuriyyətçi idi. 30 ilə yaxın siyasi fəaliyyəti dövründə yürüdüyü yolda heç zaman tərəddüd etmədi. Siyasi məhbusların azad olunmasını, xalqımızın azadlıqlarına yenidən qovuşmasını, Rəsulzadə cümhuriyyətinin ölkəmizdə yenidən bərqərar olmasını çox istəyirdi…
Çox təəssüf ki, arzularının gerçəkləşməsini görə bilmədi. Ruhən, Əbülfəz Elçibəyə, Həsən Kərimova və digər hərəkatçı dostlarına qovuşdu. Bu yolda yürüməkdə davam edənlərin çiynindəki məsuliyyət daha da artdı. Allah Məşədi Vaqifə rəhmət eləsin! Allah haqq yolunda yürüyənlərə güc və qüvvət versin, xalqımızın, dövlətimizin yolunu açıq etsin, xalqı və dövləti üçün döyünən qəlblər bu dünyadan nisgillə getməsin”.
Məşədi Vaqif yaşadığı Məhəmmədi qəsəbəsində dəfn edilib.
Allah rəhmət eləsin!
Oxunub: 980