Ölkədə ağılalmaz şeylər baş verir. Növbədənkənar prezident seçkisi təlaşı hakimiyyəti elə həyəcanlandırıb ki, ağına-bozuna baxmadan hamını səhnəyə çıxarıb dəyişməz namizədə səs verməyə tapşırırlar. Bu dəfə səhnəyə çıxan şəxsin çağırışı daha biabırçı və daha qanundankənar oldu. Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə açıqca bəyan etdi ki, məscidlərdə xütbələr zamanı İlham Əliyevin namizədliyini təbliğ etmək üçün göstəriş verib. Göstəriş öz yerində, təbliğatın necə getdiyinə də şeyx şəxsən özü nəzarət edəcək. Azərbaycanda Allahın evinə-məscidlərə çoxdan siyasət girib, bilirsiniz. Amma belə açıq-açığına çağırış edən Şeyx həzrətləri Allahın qanunlarından sonra bir də ölkənin qanunlarını ayaqlamış olur. Çünki Dini Etiqad Azadlığı haqqında qanunun 5-ci maddəsinə görə: “
Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır. Dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır. Dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər.” İndi bu çağırışın adını nə qoyuruq? AKP-nin hakimiyyətdə olduğu Türkiyədə belə Dəyanət İşləri Başqanlığı məscidlərdə siyasətlə məşğul olmağı qadağan edib.
Qurumun qərarında məscidlərin bütün müsəlmanların ibadət yeri olduğu, istər din xadimlərinin, istərsə də deputatlığa namizədlərin ibadət məkanında siyasi təbliğat apararaq ayrı-seçkilik etmələrinin doğru olmadığı vurğulanıb: “Məscidlərdə siyasətlə məşğul olmaq qadağandır. Müsəlman olan hər kəs məscidə gələ bilər. Orada siyasi təbliğat aparmaq “burada mən varam, məni dəstəkləməyənlər getsin” deməkdir. Bu, həm din xadimlərinə, həm namizədlərə, həm də siyasi partiyalara aiddir. Məscid hər kəsin məscididir, orada siyasətlə məşğul olmaq günahdır, çünki birbaşa ayrı-seçkilikdir.”
Bənzər mövqeni hələ AXC hakimiyyəti dövründə parlament iclaslarından birində islamçıların təmsilçisi S.M.Qənizadə ilə polemikası zamanı M.Ə.Rəsulzadə də bildirib.
“Əgər istəyirsiniz ki, məscid bir möhtərəm vasitə, sülh və səlah olsun, qoyunuz o bitərəf və müqəddəs qalsın… Əlhəzər, ruhaniləri siyasətə qarışdırmayın… Bir alim ittihadçı, digəri müsavat, sosialist olursa, bir üləmanın biri çıxıb deyəcək ki, səsinizi filan firqəyə verin, ardınca da mərsiyaxan da çıxıb səsinizi filan firqəyə verin, o yalan deyir desə, o vaxt nə olar? Məhz bu nöqteyi-nəzərdən məscidləri mübarizə aparan siyasi firqələr arasında bir sülh amili kimi saxlamaqdan ötrü bu maddə qəbul edilməlidir ki, məscid ilə minbər bitərəf qalsın. Alimlər xalqı sülh yoluna çağırsın, məscid də siyasi işlərdə iştirak etməsin.”
Şübhəsiz, böyük öndərin dediyi kimi, Allahın evi bitərəf və müqəddəs qalmalı, din xadimləri insanları sülhə, qardaşlığa, ədalətə çağırmalıdır. Bizdə isə qanunu belə saya salan yoxdur. Möminlərin başında duran adam o evdən başqa çağırışlar etməyə başlayıb. Allah özü axırını xeyir eləsin…
Səadət
Oxunub: 336