CAR prezidentinin 10 illik iqtidarina necə son qoydular?
Cənubi Afrika Respublikasının prezidenti Ceykob Zuma hakim Milli Konqres Partiyasının tələbi ilə razılaşaraq istefaya getdi. Partiya fevralın 12-də Zumaya postunu tərk etməsi üçün 48 saat vaxt vermişdi. CAR lideri ölkə büdcəsindən böyük məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunur. İttihamları qəbul etmədiyini deyən Zuma bununla belə, dünən səhər saatlarında elan etdi ki, partiyanın qərarına tabe olaraq prezidentlikdən gedir.
Hazırda CAR-da dövlət başçısının səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Siril Ramaposa icra edir. Ramaposanı bu posta parlamentin dünənki iclasında hakim partiyanın deputatları təyin ediblər. Müxalifətdən olan depuatlar həmin iclasda iştirakdan imtina ediblər.
Qanuna görə, Ramaposa 2019-da ildə keçiriləcək növbəti seçkilərə qədər prezident səlahiyyətlərini icra edəcək.
Cənubi Afrika Respublikasında siyasi böhran son bir neçə ayda kəskinləşib. Ötən ilin əvvəlindən müxalifyönlü deputatlar Ceykob Zumanın istefasını tələb edirdilər. Lakin hakim partiya istefa tələbini dəstəkləmədiyinə görə Zumanın impiçmenti ilə bağlı səsvermə hər dəfə nəticəsiz qalırdı.
Ötən ilin sonunda – Ramaposa partiyaya sədr seçiləndən sonra vəziyyət dəyişdi. Ramaposa korrupsiyaya, partiya sıralarında sui-istifadə hallarına qarşı mübarizə aparacağını bəyan etdi. Həmçinin ölkədə radikal iqtisadi dəyişikliklərə gedəcəyini bildirdi.
2009-cu ildən prezident postunu tutan Zumanın adı dəfələrlə korrupsiya qalmaqalında hallanıb. Onun biznes imperiyasının lideri olan Qupta ailəsi ilə yaxın əlaqələri illərdir müzakirə olunurdu. Qupta ailəsinin biznesinə mədən sənayesi üzrə səhmlər, texnologiya şirkətləri, KİV-lər və s. daxildir. Hazırda CAR polisi Qupta ailəsinin çoxmilyonluq dövlət sifarişlərini necə aldığını araşdırır.
2017-ci ildə Apelyasiya Məhkəməsi müəyyən etdi ki, Zuma çirkli pulların yuyulmasında, 800 dələduzluq işində, çoxmilyardlıq silah alışı (1999-cu ildə prezident köməkçisi olarkən) zamanı rüşvət almaqda təqsirli bilinir.
Konstitusiya Məhkəməsi isə ortaya çıxardı ki, parlament şəhər kənarındakı rezidensiyasının dövlət vəsaitləri hesabına maliyyələşdirən Zumanın məsuliyyətə cəlb edilməsinə nail ola bilməyib. Ona görə də məhkəmə Milli Assambleyaya prezidentin impiçmentinə dair yeni qaydalar işləyib hazırlamağı tapşırdı.
Rezidensiya (Kvazulu-Natal əyalətində yerləşən) ilə bağlı qalmaqal 2014-cü ildə baş vermişdi. Həmin vaxt hüquqşünas Tuli Mandonsela hesabat yayaraq Zumanı 15 milyon dollarlıq dövlət vəsaitini mənimsəməkdə ittiham etmişdi. Zuma ittihamı rədd etmiş, lakin bununla belə, büdcəyə 631 min dollar qaytarmışdı.
İstefadan bir müddət əvvəl xəbər yayılmışdı ki, Zuma cinayət təqibindən azad olmaq üçün immunitet almağa çalışır. Ramaposanın Zumanı cinayət təqibindən qoruyub-qorumayacağı isə hələ ki bəlli deyil.
Siril Ramaposa
1994-cü ildə irqçi rejimin çöküşü ilə nəticələnən danışıqlar zamanı Ramaposa prezident Nelson Mandelanın baş təmsilçisi idi. Daha sonra o, biznesi siyasi karyeradan üstün tutaraq CAR iqtisadiyyatının bütün açar sahələrində (kommunikasayadan tutmuş, mədən sənayesinə qədər ) paya sahib oldu.
2012-ci ildə yenidən siyasətə qayıdan Ramaposa Afrika Milli Konqres Partiyasında sədr müavini oldu. 2014-cü ildə isə vitse-prezident postunu tutdu.
Ekspertlər Ramaposanın hakimiyyətə gəlişinin CAR-ın xarici siyasətində kardinal dəyşiklərə səbəb olacağını düşünmürlər. Zuma dövründə ölkənin Rusiya ilə sıx iqtisadi əlaqələri vardı. 2016-cı ildə iki ölkə arasında ticarət dövriyyəsi 750 milyon dollar olmuş, sonrakı il bu rəqəm bir qədər də yüksəlmişdi. Lakin son dövrlər Zumanın nüfuzunun zədələnməsi Rusiya şirkətlərinə ciddi problemlər yaratmış və onlar prezidentin opponentləri ilə əlaqələr qurmağa başlamışdılar.
Zuma və xanımları
10 ildir CAR-a rəhbərlik edən 75 yaşlı Zumanın 8 xanımı var. Onlardan 5-i keçmiş prezidentin rəsmi, 3-ü qeyri-rəsmi həyat yoldaşdır. Yerli mətbuatın yazdığına görə, Zumanın bu qadınlardan 18 övladı var.
Zumanın xanımlarından biri Nkosazana Dlaminidir. Damini Mandelanın hakimiyyəti dövründə CAR-ın əvvəlcə səhiyyə, ardından da xarici işlər naziri olmuşdu. Zuma hakimiyyətə gələndən sonra isə daxili işlər naziri təyin olunmuşdu. Lakin Zuma iqtidara gələndə cütlük artıq boşanmışdı.
Çoxarvadlı olması ilə yanaşı, Zuma həm də qalmaqallı bəyanatları ilə məşhur idi.Məsələn, bir dəfə demişdi ki, azyaşlı anaların əlindən uşaqlarını almaq, özlərini də məktəbə göndərmək lazımdır. Cinsi azlıqlara qarşı dözümsüz olan Zuma deyirdi ki, gənc olsaydı, homoseksualları şəxsən özü döyərdi. Keçmiş prezident eynicinslilərin nikahanı millət və Allah qarşısında rüsvayçılıq adlandırmışdı.
Ceykob Zuma siyasətə 17 yaşındaykən gəlib və elə həmin il Afrika Milli Konqresinə üzv olub. Zuma orta təhsilini belə, başa çatdıra bilməyib. Məktəb həyatının ilk illərində Zumanın polis işləyən atası silahlı insidentdə həyatını itirib. Beşinci sinifdən sonra Zuma məktəbdən çıxaraq təhsilini yarımçıq qoyub.
Siyasətə gəlişindən az sonra məhkumluq həyatı yaşayıb. Onu və Konqresdəki silahdaşlarını hakimiyyəti devirmək cəhdində ittiham edərək həbsə atıblar. Həbsxanada Zuma Afrika Milli Konqresinin lideri və CAR-ın gələcək prezidenti Nelson Madela ilə tanış olub.
Ceykob Zuma
Həbsdən çıxandan sonra birinci dəfə evlənib və Konqresin digər üzvləri kimi CAR-dan gedərək 15 il qonşu dövlətlərdə yaşayıb.
80-ci illərdə Zuma SSRİ-də KQB məktəbində təhsil alıb. SSRİ-i Afrika Milli Konqresinin o vaxtkı rejimlə mübarizəsini dəstəkləyirdi. Tədricən Zumanın nüfuzu yüksəlməyə başlayıb və o, Konqresin Milli İcra Komitəsinə üzv seçilib.
Milli Konqres hakimiyyətə gələndən sonra Zuma ilk dəfə (1999-cu ildə) yüksək vəzifəyə təyin olunaraq CAR-ın vitse-prezidenti olub.
Lakin 2005-ci ildə prezident Tabo Mbeki korrupsiya qalmaqalında adı keçən Zumanı istefaya göndərib. Məlum olub ki, Zuma 5 milyard dollarıq dövlət sifarişi (silah alışı) zamanı mənimsəməyə yol verib. Bu vəsaitin bir hissəsi Zumanın hesabında aşkarlanıb.
Daha sonra Zumaya qarşı zorlama ittihamı irəli sürülüb. Lakin yetrəli sübut tapılmadığı üçün işə xitam verilib. 2007-ci ilin dekabrında Ali Məhkəmə Zumanın üzərindən bütün ittihamları götürüb.
2009-cu ildə Milli Assambleyanın sessiyasında Zuma 5 il müddətinə prezident seçilib. Cəmi bir il sonra adı növbəti qalmaqala qarışıb və Demokratik Alyans deklarasiyadan kənar gəlirlərinin və nikahdan kənar övladının olduğunu əsas gətirərək prezidentin istefasını tələb edib. Lakin həmin vaxt parlamentdəki 400 deputatdan yalnız 84-ü Zumanın istefasını dəstəkləyib.
2014-cü ildə Milli Koqresin seçkilərdəki növbəti qələbəsindən sonra Zuma yenidən prezident seçilib. Və son korrupsiya qalmaqalına görə CAR lideri postunu vaxtından bir il əvvəl tərk etmək məcburiyyətində qalıb.
“Bloomberg”in fevralın 15-də dərc etdiyi siyahıda iqtisadiyyatı ən pis olan ölkələr arasında CAR ikinci yeri tutub. Birinci yerdə Venesuela qərarlaşıb. CAR iqtisadiyyatı 2010-cu ildən zəifləməyə başlayıb “Bloomberg” hesab edir ki, bunun əsas səbəblərindən biri açar vəziəfələrə düzgün kadrların təyin olunmamasıdır. Daha bir ciddi problem işsizlikdir. Ötən il CAR-da işsizlik səviyyəsi 40 faizə yüksəlib…
strateq.az
Oxunub: 188