ABŞ-ın dövlət katibi Reks Tillerson və ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Gerbert Makmasterin Türkiyəyə səfəri bu gün başa çatır. Bir neçə gün öncə bu səfəri mediaya şərh edərkən dilə gətirdiyim bütün ehtimallar əsasən öz təsdiqini tapdı. Bu səfər regiondakı hərbi-siyasi böhrana necə təsir edəcək?
ABŞ-ın çağdaş Orta Şərq siyasətindən qaynaqlanan regional problemlər Türkiyə ilə münasibətlərdə gərginliyi xeyli yüksəltmişdi. Xüsusilə də Türkiyənin irimiqyaslı Afrin əməliyyatına başlaması və YPG/PKK silahlı birləşmələrinə qısa müddət ərzində vurulan sarsıdıcı zərbələr bölgədə gözlənilməz hərəkətliliyə səbəb oldu.
ABŞ Türkiyənin həssas yanaşdığı və total müharibələrə səbəb olacaq bəzi uzaqvədəli planlarını ertələməli olduğunu qəbul etdi. İran və Əsəd rejimi arzulamadığı fakt qarşısında qaldı, Rusiya isə bəzi ikitərəfli amillərə görə bu əməliyyatlara maksimum ehtiyatlı mövqe sərgilədi.
Türkiyənin Afrindən sonra Münbiç üzərinə hərbi əməliyyat planını açıqlaması ABŞ-ı hərəkətə gətirdi. Bu əməliyyatın reallaşması regonu daha da çıxılmaz proseslərə sürükləyəcəyini artıq bütün tərəflər qəbul edir. İlk növbədə ABŞ-ın maraqlarına yaranan təhlükələri neytrallaşdırmaq üçün Türkiyə ilə anlaşması vacib idi.
Beləliklə, ABŞ-Türkiyə münasibətlərində yaranmış gərginliyi yumşaldacaq ilk açıqlamalar ABŞ tərəfindən edildi. Tillersonun Türkiyə səfəri öncəsi “Türkiyənin təhlükəsizliyində həssas yanaşdığı məsələləri anlayırıq və qəbul edirik. NATO çərçivəsində çox önəmli müttəfiqimizdir” ifadəsi ilə danışıqlar üçün normal zəmin yaradılırdı.
Həmçinin, ABŞ-ın Milli Kəşfiyyat Direktoru Daniel Coats tərəfindən ABŞ Konqresinə təqdim olunan və Senatın Kəşfiyyat Komitəsində “ABŞ kəşfiyyatının Dünyadakı təhdidlərin qiymətləndirilməsi Hesabatında” Suriyanın şimalındakı YPG silahlılarını PKK-nın Suriyadakı milis gücü olduğunu təsdiqləməsi də təsadüfi deyildi. Bu hesabat Türkiyə hökumətinin Afrinə yönəlik hərbi əməliyyatı üçün irəli sürdüyü əsas səbəbin təsdiqlənməsi demək idi. ABŞ PKK-nı rəsmən terror təşkilatı kimi tanıdığı üçün bu hesabat dolayısı ilə YPG ilə bağlı rəsmi siyasi mövqe idi.
Türkiyə ordusunun uğurlu əməliyyatları ilə yanaşı, rəsmilərinin çox sərt açıqlamaları və qətiyyətli mövqeyi öz müstət təsirini göstərdi. Habelə, ölkə ictimaiyyətinin bütün spektrindən ABŞ-la münasibətlərdə vahid mövqe sərgilənməsi də dövlətin gücünü və iradəsini ifadə edirdi. İlk növbədə görünən budur ki regionda mövcud olan hərbi-siyasi situasiyada Türkiyənin ləng diplomatiyasını çevik və çılğın diplomatiya əvəz edib.
Bu səfər ABŞ-Türkiyə münasibətləri baxımından çox maraqlı və dönüş nöqtəsi sayıla bilər. Qarşılıqlı verilən mesajlar proseslərin gələcəyi ilə bağlı çox önəmlidir. Mövcud olan bütün problemlərin bir anda həll olunacağını demək çox nikbin yanaşma olar. Ancaq qəbul edilən razılaşmalar hazırkı dönəmdə çox maraqlı yeni situasiyaya yol açacaq.
İkitərfli və heyətlərarası görüşlərdən sonra Tillersonun açıqlaması xüsusilə diqqət çəkir: “İndiyədək yaşananlara geri dönmək istəmirik. Bu andan etibarən ABŞ bir, Türkiyə isə digər nə isə etməyəcək. Suriyanın gələcəyi ilə bağlı, onun təhlükəsizliyi, demokratikləşməsi, idarəetməsi və digər siyasi hədəflərimizi birgə müəyyən etdik. Artıq nə edəcəyiksə, yalnız birlikdə edəcəyik”.
ABŞ rəsmisinin bu açıqlamasında bir neçə önəmli məqsəd var: Türkiyə hökumətini və cəmiyyəti rahatlatmaqla münasibətlərdəki psixoloji gərginliyi aradan qaldırmaqdır. NATO çərçivəsində əməkdaşlıqlarda yarana biləcək problemlərin qarşısını almaqdır. Regionda maraqları toqquşan tərəflərə verilən düşünülmüş mesajdır. Suriya böhranında ABŞ-la Türkiyənin vahid mövqeyə gəldiklərini qeyd etməklə Rusiyanın və İranın Türkiyə ilə münasibətlərində şübhələrə və gərginliyə yol açmaqdır. Xüsusilə də Suriyada çoxsaylı Rusiya hərbiçilərinin ABŞ hərbiçiləri tərəfindən məhv edilməsi olayı son həmlə deyil, başlanğıcdır. Əsəd rejiminin aqibəti və Suriyanın bütövlüyü ilə bağlı məsələlərdə ABŞ-Türkiyə ortaq qərara gəlsə də, Şimali İraq və “Kürdüstan” məsələlərində fikir ayrılıqları hələ davam edir. ABŞ-ın Suriyada açıq dəstəklədiyi bütün qruplara da üstüörtülü mesajlar var.
Xüsusilə də Münbiçin gələcək taleyi ilə bağlı müzakirələrin istiqaməti Türkiyənin maraqlarına tam cavab verir. Membirçdə yaşayan əhalinin 95%-i sünni ərəblər olsa da bu böyük şəhərə nəzarət YPG silahlılarının əlindədir. ABŞ-Türkiyə razılaşmasına görə artıq Münbiç ərəblərin idarəetməsində olacaq və onun təhlükəsizliyində kürdlərin iştirakı olmayacaq.
Təhlillər göstərir ki bu səfər ABŞ-Türkiyə münasibətlərinə müsbət töhfə olsa da, regiondakı problemlərin müsbət həllinə gətirəcəyini demək hələ çox tezdir.
Oxunub: 190