Qısa müddət əvvəl Bakıda idim. Ölkədəki vəziyyətdən uzun- uzadı yazmağa ehtiyac duymuram. Çünki, siz vəziyyəti məndən daha yaxşı bilirsiniz.
Bakıdakı son günümdə görüşdüyüm dostlardan biri belə bır ifadə işlətdi: “Məhsul” Stadionunda mitinqə çıxmaqla dəyişiklik olacağına inanmışdıq”. Açığı, bir neçə mitinqlə dəyişiklik olacağına inanmağı sadəlövhlük hesab edirəm. Ancaq bu etirazlar hər şeyi dəyişməsə də, çox şeyi dəyişdirdi. Ən əsası ölkədəki bu qədər təzyiqlərə, təqiblərə, təhdidlərə rəğmən insanların qətiyyən ruhdan düşməməsinin səbəbi həmin mitinqlər oldu. Əgər problem kəmiyyətdirsə, demək istəyirəm ki, əslində, bu da qətiyyən problem deyil. Çünki mitinqlərdə iştirak edən insan sayı 9- 10 mindən aşağı deyil. Bir anlıq düşünün ki, ölkədə müstəqil mətbuat qalmayıb, azad söz məhv edilib, müxalifyönlü saytlar bloklanıb, 150-dən artıq insan siyasi baxışlarına görə həbs edilib və yeganə mübarizə platforması kimi sosial şəbəkələr qalıb. Belə bir ölkədə 10 minlik mitinq etmək, avtoritarizmə müqavimət göstərmək, etiraz ruhunun ölməsinə imkan verməmək olduqca əhəmiyyətlidir.
Misir inqilabı zamanı (Hərçənd ki, inqilab yarımçıq qaldı) əsas aktivistlərdən biri olan Wael Ghonim demişdi: “Heç kəs qəhrəman deyildi, çünki hər kəs bir qəhrəman idi. Hamımız inqilab üçün nələrsə etməyə, Misir üçün bir şeyləri qurban verməyə hazır idik”.
Bir şeyə inanmalıyıq ki, xalqın gücü iqtidarın gücündən üstündür. Ölkəmizi xilas etmək üçün hərəkətə keçmək vaxtıdır. Ölkəmiz heç zaman olmadığı qədər acınacaqlı vəziyyətdədir. Bunları görmək o qədər də çətin deyil. Bu xalqa illər öncə itirdiyi azadlıq havasını, demokratiya qoxusunu yenidən dadızdırmaq lazımdır və bunu biz edəcəyik. Hər gün bu xalqı kiçildirlər. Çünki hakimiyyət hələ də xalqın planlarını görmür. Xalq hansı gücə malik olduğunu isbat etməlidir. Ölkədəki vəziyyəti dəyişmək üçün hər şeyi siyasi partiyalardan, siyasətçilərdən gözləməməliyik. Hər birimiz bir təşkilatçı, bir qəhrəman olmalıyıq. Çünki bizim xəyallarımız var. Çünki biz o xəyalları həyata keçirmək istəyirik.
İnanıram ki, xalqın etiraz potensialının hansı məkanda olmasının əhəmiyyəti yoxdur. Xalqın etirazı “Məhsul” stadionundan da məhsul verə bilər. Əsas odur ki, ayaqda olaq, ölkəmizə sahib çıxaq, taleyimizə biganə qalmayaq. Bütün bəhanələri arxivə göndərib, meydanlardan “mən də varam” deyə bilməliyik.
Toğrul İbrahim
Oxunub: 600