Mirzəyevlər ailəsində son bir ildə 3-cü müəmmalı ölüm hadisəsi
Tovuz rayonunda baş vermiş dəhşətli hadisənin bəzi təfərrüatları məlum olub. Rayonun hüquq-mühafizə orqanlarından verilən xəbərə görə, yanğından sonra 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyevanın meyitləri evin ayrı-ayrı otaqlarından tapılıb. İlkin baxış zamanı F.Məmmədovun əl-ayağının və ağzının lentlə bağlandığı aşkarlanıb. Onun baş nahiyəsində, həyat yoldaşı P.Mirzəyevanın isə bədəninin müxtəlif yerlərində yanıq izləri olub.
İlkin ehtimala görə, ər-arvad qətlə yetirildikdən sonra cəsədləri yandırılıb.
İşin maraqlı tərəflərindən biri budur ki, qətlə yetirilənlərdən Pakizə Mirzəyeva AFFA-nin keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır. O, Tovuz rayon Mərkəzi Xəstəxanasında həkim işləyirmiş. Və bu hadisə Mirzəyevlərlə bağlı son aylarda baş vermiş üçüncü müəmmalı ölüm hadisəsidir. Bundan əvvəl Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev və qardaşı oğlu Orxan Mirzəyev avtomobil qəzasında həlak olmuşdu. Anar Mirzəyev fevralın 15-də Sabirabad ərazisində, Orxan Mirzəyev isə ötən ilin yayında Hacıqabulda qəzaya düşmüşdü.
***
Tovuzda yanan evdə meyitləri aşkarlanan ər-arvadın qətlə yetirildiyi məlum olub. Tovuz rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
***
Tovuz şəhərindəki yaşayış evlərinin birində yanğın baş verib. Hadisə şəhərin Mərdan Musayev və Kəhriz küçələrinin kəsişməsində olub. Hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb.
Baxış zamanı mənzildə ev sahibi, 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşaq qızının meyiti aşkarlanıb.
Oxunub: 1076