Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Sücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmənin iclası davam etdirilib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən S.Əkbərov vəsatət qaldırıb.
O, zərərçəkmiş Arif Alışanovun da məhkəmədə iştirak etməsini tələb edib. Buna görə də məhkəmə iclasının təxirə salınmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra iclasda məlum olub ki, zərərçəkmiş A.Alışanovun məhkəməyə mülki iddiası daxil olub. O, təqsirləndirilən S.Əkbərovdan 4 milyon 582 min manatın tutulmasını, həmçinin onun əmlaklarının üzərinə qoyulub, özünə yönləndirilməsini istəyib.
Mülki iddia məhkəmə icraatına qəbul edilib.
Daha sonra təqsirləndirilən Sücayət Əkbərov sərbəst ifadə verib.
O, qeyd edib ki, A.Alşanovu 2007-ci ildən tanıyır: “Arif Alışanov Şamaxıya torpaq almağa gəlirdi. Mən də orada “makler”lik edirdim. Bunun əvəzində pulumu alırdım. Pulları onun kürəkəni gətiridi. Bir müddət problemimiz olmadı. 2011-ci ildə Arif Alşanov mənə zəng edib dedi ki, kürəkəni Fəridin adına olan torpaqları öz həyat yoldaşı Mehriban xanımın adına keçirim. Sən demə qızı kürəkəni Fəriddən boşanırmış. Torpaqları qadının adına keçirdik”.
O dindirilən zaman söyləyib ki, 2013-cü ildə Şamaxıda 6 hektar torpaq alınıb: “Ümumilikdə alınan torpaqlar onun qızlarının, ailə üzvlərinin, sürücüsü Hacı Balayevin adında olub. Torpaqlar kimin adından kimin adına keçməsini də bilirəm. 6 hektara alınan torpaq isə Hacının adına qeydiyyatda olub”.
Təqsirləndirilən şəxs bildirib ki, A.Alşanovun 2011-ci ildə Şamaxıda ümumilikdə 120 hektar torpaq sahəsi olub.
O ifadəsində vurğulayıb ki, A.Alışanov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudoun yaxın adamı olub: “”MTN işi”ndə o, aradan çıxdı. Əslində onun da adı bu işdə hallanırdı. Bunlar öz cinayətlərini örtbasdır etdilər. Mənim əlimdə faktlar da var”.
O, zərərçəkmiş A.Alışanovu həm də gənc qızın ölümündə ittiham edib. Deyib ki, bu məsələni bildiyinə görə onun özünü böhtanla aradan götürməyə çalışırlar: «Hadisə 2016-cı ildə olub. Siz itkin düşmüş qızların şəkilini gətirin, göstərim sizə…».
Oxunub: 362