“Azərbaycanda aprelin 11-nə təyin edilmiş prezident seçkilərində namizədlər seçkiqabağı təşviqat başlamamış təbliğat aparmamalıdırlar”. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.
O qeyd edib ki, bu, qanun pozuntusudur: “Ola bilər ki, bunu özləri etməsinlər, başqaları – onları gözdən salmaq istəyən şəxslər edir. Bütün tərəflər diqqətli olmalıdır. Azərbaycanda insanlar məsələlərə düzgün qiymət vermək bacarığındadırlar. Hansısa namizəd bu cür əməllərə əl atırsa, öz seçicilərini itirir”.
Məzahir Pənahov AzTV-lərə baxsaydı, yəqin, belə açıqlama verməyi özünə yaraşdırmazdi…
Bundan bir gün qabaq deputat, həm də prezidentliyə namizəd Qüdrət Həsənquliyev də Seçki Məcəlləsinin pozulmasından ciddi narahat olduğunu bildirmişdi: “Seçki Məcəlləsinə görə, seçkilərin lehinə və ya əleyhinə istər təbliğat, istərsə də əks-təbliğat aparmağa seçkilərə 20 gün qalmış icazə verilir. Bəs Milli Şura adlanan quruma niyə belə hüquq tanınır?”
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri bildirib ki, Milli Şuranın martın 10-da keçirmək istədiyi mitinq Seçki Məcəlləsinə ziddir. “Onlar martın 10-da mitinq keçirmək istəyirlər və mətbuatda yayılan informasiyalara görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən də bu aksiya sanksiyalaşdırılıb. Qanunların aliliyini istəyən qrupun özü belə təşəbbüsdə olmamalıdır”.
Adam deputatdır, həm də hüquqşünasdır, qanunlarla bağlı narahatlığı bu baxımdan başadüşülən olmalıdır. Ancaq nədən qanun pozuntusuna birtərəfli yanaşır? Seçki təbliğatını pozanların adını çəkməkdə çətinlik çəkir? Axı özünü müxalifət sayır, hakimiyyətə qarşı olduğunu deyir, üstəlik, prezidentliyə namizədliyini verib. Partiyasının hansı durumda olmasını, üzvlərini sayını, tərəfdarlarının olub-olmamasını kənara qoyuruq. Sadəcə prezidentliyə namizəd(yeri gəlmişkən, artıq onun da namizədliyi qeydə alınıb) kimi ölkədə, həm də seçkiylə bağlı baş verənləri izləmək borcudur, maraqlı tərəf kimi. İzləmirsə, yaxud izləmək istəmirsə, eləcə də bütün bunları izləməyə icazəsi yoxdursa, verdiyi açıqlamalar sabun köpüyündən başqa bir şey deyil.
Namizəd kimi, həm də birinci post uğrunda mübarizəyə qoşulan adam kimi gərəkdir ki, bunları izləsin. Hamıdan çox ona bu izləmə onun özünə gərəkdir. Seçicilərinin rəğbətini, həm də səsini qazanmaq üçün.
Yeri gəlmişkən bir maraqlı məqamı da oxucuların diqqətinə çatdıraq. İmza toplamaq kampaniyası başlayandan sonra bir neçə rayonda olmuşam. Seçicilərdən imza toplanması ilə bağlı xüsusi maraqlanmışam. Sorğuladığım adamlar kimsəyə imza vermədiklərini, kimsənin onların qapısını döymədiyini deyiblər. Bəs bu qədər imza necə və hardan toplanıb? MSK sədri Məzahir Pənahov hansı imzaları təsdiqləyib?
Qayıdaq Qüdrət Həsənquliyevin seçki pozuntusu narahatlığına. Başı seçkiyə, olmayan imza toplanmasına qarışdığından, ola bilsin, izləməyi unudub. Xatırladaq, bəlkə, seçki kampaniyasının gedişində yararlandı. Beləliklə, növbədənkənar seçkiyə start veriləndən – fevralın 5-dən – prezidentliyə başqa bir namizəd İlham Əliyev vəzifə səlahiyyətlərindən yararlanaraq martın 8-nə qədər 114 sərəncam imzalayıb. Bu sərəncamların 42-si birbaşa seçici səsinə hesablanmış sərəncamlardır. Hələ seçkiyə 1 aydan artıq vaxt qalır, bu sərəncamların artacağı istisna deyil. Üstəlik, bu sərəncamlarla bağlı “zəhmətkeş məktubları” hər gün www.president.az saytında yerləşdirilir. Həmin məktubların çoxunda İlham Əliyevə dəstək bildirilir. Prezidentliyə namizəd Qüdrət Həsənquliyev həmin məktublarla bu saytda tanış ola bilər. O məktublardan bir neçəsindən sitatla oxucularımızı da tanış edək:
1.“…Hörmətli cənab Prezident, göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Biz gənclər həmişə Sizinləyik və bu il aprelin 11-də keçirilən prezident seçkilərində hamılıqla Sizə səs verəcəyik. Çünki Siz gənclərin dostusunuz. Biz bunu hər zaman duyur və hiss edirik.
Hörmətlə,
Pənahov Emin.
Azərbaycan Respublikası, Tərtər rayonu. 2 mart 2018-ci il”.
2.“Hörmətli cənab Prezident.
…Fürsətdən istifadə edib fəxri adlara görə təqaüdün məbləğinin artırılması, biz sənət adamlarının sosial müdafiəsinin və onlara dövlət qayğısının gücləndirilməsi ilə bağlı imzaladığınız sərəncamlara görə də Sizə minnətdarlığımı bildirirəm.
Eyni zamanda, bildirirəm ki, qarşıdan gələn prezident seçkilərində biz mədəniyyət xadimləri Sizi ürəkdən dəstəkləyəcək, böyük inamla, məhəbbətlə Sizə səs verəcəyik.
Tanrı Sizi qorusun.
Hörmətlə, Babayev Arif, Xalq Artisti, professor, Prezident təqaüdçüsü, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli.
Azərbaycan Respublikası, Bakı şəhəri. 2 mart 2018-ci il”.
3.“…Hörmətli cənab Prezident, bütün kino xadimləri aprelin 11-də keçiriləcək prezident seçkilərində yalnız Sizə səs verəcəklər. Bu seçkilərdə Sizə uğurlar diləyirəm. Xalqımızın xoşbəxtliyi və firavanlığı naminə fəaliyyətinizdə Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayıram.
Dərin hörmət və ehtiramla,
Məmmədova Şəfiqə,
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq Artisti, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri. 3 mart 2018-ci il”.
4.“…Cənab Prezident, mən həm rəssamlarımızın adından, həm də şəxsən öz adımdan Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Əminliklə bəyan edirəm ki, qarşıdan gələn prezident seçkilərində biz rəssamlar həmişəki kimi yekdilliklə Sizə səs verəcəyik.
Xalq rəssamları adından dərin hörmətlə,
Xəlilov Fərhad
Məmmədov Səlhab
İbrahimov Ağəli
Ağababayev Tofiq
Hüseynov Arif
Əhmədov Xanlar
Eldarov Ömər
Müfizadə Cəmil
Hacıyev Altay və başqaları (cəmi: 22 nəfər). 6 mart 2018-ci il”.
5.“…Hörmətli cənab Prezident.
…Akademiyanın müəllim, tələbə və işçi heyəti Sizin siyasətinizə daim dəstək göstərir. Sizi əmin edirik ki, aprelin 11-də keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcəyik.
Hörmətlə, Eldarov Ömər Həsənoviç
Salayev Fuad Məmməd Emin oğlu
Məmmədov Səlhab İsa oğlu
Hüseynov Cəlil Qafar oğlu
Ağabəyov Mayis Əlişir oğlu
Ağababayev Tofiq Məmmədəli oğlu
Müfidzadə Cəmil Miryusif oğlu
Məmmədov Tokay Həbib oğlu
Əliyev Natiq Kamal oğlu, Xalq rəssamları və başqaları (cəmi: 30 nəfər).
Azərbaycan Respublikası, Bakı şəhəri. 6 mart 2018-ci il”.
Seçki təbliğatını kimin pozmasını Qüdrət Həsənquliyev bu məktubları oxumaqla asanca müəyyənləşdirə bilər; hüquqçu, partiya sədri, deputat, prezidentliyə iddialı kimi…
Azadliq.info
P.S.Qüdrət Həsənquliyev günləri yenidən saymalıdır…
Oxunub: 54