“Ukrayna prokurorluğunu məhkəməyə verəcəm. Çünki, məhkəmənin qərarının olmasına baxmayaraq Ukrayna prokurorluğu sənədlərimin qaytarılmasını qanunsuz olaraq yubadır”. Bunu jurnalist Fikrət Hüseynli “Amerikanın Səsi”nə bildirib.
Onun sözlərinə görə, prokurorluq martın 19-dan gec olmayaraq məhkəmənin qərarını yerinə yetirməli, sənədləri qaytarmalıdır.
“İndi prokurorluq bəhanə edir ki, guya ekstradisiya yoxlamalarını başa çatdırmayıb. Bununla yanaşı prokurorluq mənə Ukraynada müvəqqəti yaşamaq üçün sənəd verilməsini təmin etməyib. Prokurorluğun hərəkətləri nəticəsində külli miqdarda maddi zərər çəkmişəm. Çünki Ukraynada yaşamaq üçün mənə kompensasiya verilməyib. Məhkəməyə müraciətimdə kompensasiya məsələlərini də qaldıracam”, – deyə o qeyd edib.
Fikrət Hüseynli 2017-ci il oktyabrın 14-də Azərbaycanın sorğusu əsasında İnterpol xətti ilə Kiyevdən Düsseldorfa uçarkən saxlanılıb.
Oktyabrın 18-də Ukraynanın Borispol şəhər Məhkəməsi onu Azərbaycana ekstradisiyası məsələsinə baxmaq üçün 18 gün müddətinə həbs edib.
Hüseynli ittihamları təkzib edib və ona qarşı cinayət işini siyasi sifariş adlandırıb.
Oktyabrın 27-də Kiyevin Lukyanovski Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai xadim Boris Zaxarovun zaminliyi ilə Hüseynlini azad edib. Eyni zamanda, məhkəmə dövlət ittihamçısının Hüseynlinin Azərbaycana ekstradisiyası haqqında vəsatətini təmin etməyib.
Kiyev prokurorluğu Hüseynlinin azad edilməsindən apellyasiya şikayəti verib və onun həbs edilməsini tələb edib. Dekabrın 27-də etiraza baxılması müddəti başa çatıb.
Bundan sonra daha 4 məhkəmə iclasında prokurorluğun şikayəti təmin edilməyib.
Bununla yanaşı, 2018-ci il yanvarın 12-də Azərbaycanın baş prokuroru Zakir Qaralov Ukrayna baş prokuroru Yuri Lutsenkoya jurnalist Fikrət Hüseynlinin ekstradisiyasının ləngidilməsindən narahatlığını bildirən məktub göndərib.
Məktuba qoşmada Fikrət Hüseynli və Saakaşvilinin birgə ağ-qara şəkli əlavə edilib.
Martın 5-də axşam saatlarında Kiyev şəhərində jurnalist Fikrət Hüseynlinin yaşadığı evə basqın olub. Lakin jurnalist qaça bilib.
Oxunub: 426