MTN-in Antiterror Mərkəzinin keçmiş rəisi, həbsdəki general Elçin Quliyev onun işində zərərçəkmişlərdən biri olan Maqsud Mahmudovu Ukraynada dövlət çevrilişinə cəhddə suçlayıb.
E.Quliyev martın 15-də Bakı Apellyasiya Məhkəməsində özünün və MTN-də onun tabeliyində işləmiş polkovnik Azər Mehdiyevin şikayətinə baxılarkən bu haqda danışıb.
Məhkəmədə öncə zərərçəkmiş M.Mahmudov çıxış edib, vaxtilə MTN-də ondan alındığını iddia etdiyi 120 min dolların qaytarılmasını tələb edib. Onun başqa bir tələbi isə təqsirləndirilən keçmiş MTN-çilərin cəzasının artırılması olub. M.Mahmudov hesab edir ki, E.Quliyevə 10 il 6 ay, A.Mehdiyevə isə 8 il həbs verilməsi onlar üçün yüngül cəzadır.
MTN-ə onu təqsirləndirilən A.Mehdiyevin çağırdığını deyən zərərçəkmişin sözlərinə görə, 120 min dolları da ona verib. Mehdiyev də öz növbəsində həmin pulu aparıb o vaxt nazirin köməkçisi olan Vüqar Mahmudova (həm də keçmiş nazir Eldar Mahmudovun əmisi oğludur) verib.
Təqsirləndirilən şəxslər isə zərərçəkmişin yalan danışdığını, onun dələduz olduğunu, bir çoxlarını şərlədiyini söyləyiblər.A.Mehdiyev təsdiqləyib ki, bu adamı MTN-ə doğrudan da o çağırıb, amma keçmiş nazir Eldar Mahmudovun tapşırığı əsasında: “Gələndən sonra da onu rəhbər şəxslərin yanına göndərmişəm”.
E.Quliyev isə onun Ukraynadakı Maydan hadisələrinə görə çağırıldığını bildirib. Deyib ki, məqsəd onun xarici xüsusi xidmət orqanları ilə əlaqəsinin olub-olmadığını aydınlaşdırmaq idi: “Bu adam Ukraynada Maydan hərəkatında iştirak edirdi. Hətta müxalifətlə birlikdə aksiyada Azərbaycan bayrağını da qaldırmışdı. “Youtube” kanalına baxsanız, görərsiniz. Onun həmin işlərdə əli var idi. Prokurorluqda bunun adı keçən nə qədər iş var. Adam dələduzun böyüyüdür. İndi belələri gəlib bizim üzümüzə dayanır”.
M.Mahmudov ünvanına söylənilən ittihamları cavabsız qoymayıb: “Əgər mən dələduzamsa, dövlət çevrilişində iştirak etmişdisə, məni niyə MTN-dən buraxırdınız? Mən pulumu tələb edirəm. Elə sizin kimilərə görə adamlar ölkədən qaçıb gedir, sonra da xaricdən söyürlər. Mən ölkəmin bayrağını qaldırmışamsa, burada nə qəbahət var?”
Məhkəmə martın 30-da davam edəcək. (azadliq.org)
Oxunub: 126