Novruz bayramı münasibətilə qanunsuz pul yığılmasına etiraz edən həkim “polisə müqavimət”də təqsirləndirilərək həbs edilib.
Həbs edilən Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının həkimi Elxan Heydərovdur.
Martın 14-də səhər iclasında (hər gün səhər keçirilən qısa iclas) baş həkim Novruz bayramına görə həkimlərə pul yığmaları barədə tapşırıq verib. Elxan həkim isə buna etiraz edərək, “bizə nə maaş verilir ki, hələ bundan da bayrampulu yığırsınız” deyib.
Həkim maaşın azlığından şikayətlənmək və pul yığılmasına etiraz etməklə yanaşı, ölkə rəhbərliyi haqqında da tənqidi fikirlər səsləndirib. Ancaq onun bu etirazı həbslə nəticələnib.
Belə ki, Elxan həkim işdən çıxıb evə gedərkən polis tərəfindən saxlanılıb və “polisə müqavimət” ittihamı ilə təqsirli bilinərək inzibati həbslə cəzalandırılıb.
Onun həbsinə “üsyankar çıxışı” səbəb olub. Belə ki, xəstəxana rəhbərliyi onun barəsində dərhal “lazımi instansiyalara“ məumat verib.
Bundan sonra isə Elxan həkimə “ilkin xəbərdarlıq” olaraq 30 sutkalıq inzibati həbs verildiyi iddia olunur.
Oxunub: 752