Təhqirə “yaşıl işıq” yandıranların təhqirlə mübarizə absurdluğu
Heç kimə sirr deyil ki, Azərbaycan siyasətinə təhqiri, rəqiblərə qarşı iyrənc mübarizə üsullarını mövcud hakimiyyət tətbiq edib. Heç bir qınaq, tənqid, çağırış hakimiyyəti bu əməlindən çəkindirməyib. Amma zaman elə gətirdi ki, hakimiyyətin etdiklərinin 1-2 faizi bumeranq kimi özünə qayıtdı və bu qayıdış hakim komandanı ciddi narahat etdi. Ona görə rejim sözçüləri bir müddətdi təhqirə qarşı mübarizə aparır, mənəvi dəyərlərdən danışır, kişi kimi mübarizədən dəm vururlar.
Prezidentin köməkçisi Əli Həsənov da gücləndirilmiş iş rejiminə keçib. Palaz boyda statuslar yazır, müsahibələr verir və mühacirətdə olan soydaşlarımıza təhqirin yolverilməz olduğunu izah etməyə çalışır
“Məqsədim, bir tərəfdən, siyasi mübarizə meydanında son zamanlar bəhs olunan şəxslər tərəfindən başladılmış və getdikcə genişlənən qeyri-əxlaqi mübarizə üsullarını aradan qaldırmaq, digər tərəfdənsə, bu cür hərəkətlərin heç kimə şərəf gətirməyəcəyinə, qeyri-əxlaqi davranış sahiblərinin xalqın nifrətini qazanacaqlarına onları inandırmaq idi.
Tam məsuliyyətimlə bəyan edirəm ki, cavabdeh olduğum sahədə çalışan şəxslərin heç biri və heç vaxt öz opponentlərinin şərəf və ləyaqətinə, milli-vətəndaş heysiyyatına toxuna biləcək leksikondan istifadə etməyiblər və belə hərəkətləri həmişə sərt formada qınayıblar. Biz həmişə istənilən şəxs, siyasi qurum və qüvvə ilə istənilən platformada sivil polemikaya açıq olmuşuq və bu gün də buna hazırıq.
Bu gün öz “siyasi mübarizəsini” söyüş və təhqir üzərində quranlar tutduqları yolun nə onların özlərinə, nə də ki, Azərbaycan cəmiyyətinə heç bir faydası olmadığını anlamalıdırlar. Belələri başa düşməlidirlər ki, müxtəlif fərziyyələrni mənim və hakimiyyəti təmsil edən digər şəxslərin adına çıxmaqla, “trollar”, “məqsədli təhqir” və s. bu kimi ifadələr ortaya atmaqla, heç kimə şərəf gətirməyən və sonu heç də yaxşı olmayan işə baş qoşurlar. Onlara bu ziyanlı əməllərdən əl çəkməyi tövsiyə edirəm. Mən üzümü məhz onlara tuturam və söyləyirəm: Azərbaycanı söyməklə öz komfortlu yaşayışınızı təmin etmək, İŞİD-in virtual versiyasını yaradaraq Vətəninizə qarşı savaş açmaq insanlıq simasını itirmək deməkdir”
Bu fikirləri Əli Həsənov öz feysbuk səhifəsində paylaşıb.
İlk baxışdan elə təəssürar yaranır ki, bu statusu demokratik ölkənin, insanpərvər hökumətinin nümayəndəsi yazıb. Amma reallıqlar bunun əksini sübut edir və Əli Həsənova xeyli suallar yaranır.
Telekanallar, hökumətin nəzarətində olan qəzetlər müxalifət liderlərini təhqir edəndə Əli Həsənov niyə qələmə sarılmırdı?
Hökumətin trolları virtual “İŞİD” çilik edəndə, hakim partiyaya məxsus səhifələrdə şərəf və ləyaqəti təhqir edəndə Əli Həsənov niyə bunun yolverilməz oıduğunu dilə gətirmirdi?
Eynullalar fəsiləsinə daxil olanlar saytlarında müxalifət funksionerlərinin ailələrinə çamur atanda Əli Həsənov niyə qaranəfəs status yazmırdı?
Əli Həsənovun nəzarətində olan “Xəzər” telekanalı hər mitinq ərəfəsində Əli Kərimlinin oğlunun fotolarını paylaşıb, ləyaqətsizlik saçanda niyə buna “dur” deyən tapılmırdı?
Ölkənin ən layaqətli, vətənpərvər oğul və qızlarına “ermənipərəst”, “narkoman”, “vətən xaini” damğası vurmaq təhqir deyilmi?
Hafizləri, Arazları mamizəd kimi xalqa sıramaq təhqir deyilmi?
Milyardları mənimsəyib, vətəndaşı qəpik- quruşa möhtac etmək təhqir deyilmi?
Yaxşı olar ki, Əli Həsənov ilk növbədə təmsil olunduğu komandaya müraciət etsin. Rəqiblərə qarşı ən iyrənc metodları tətbiq edib, sonra təhqirə qarşı mübarizədən danışmaq absurddu. Hakimiyyət bugün də adamlara imtina ərizəsi yazdırmaqla, insanları siyasi mövqeyinə görə şantaj etməklə məşğuldu.
Amma biz həmişə təhqirin əleyhinə olmuşuq və hakimiyyətin mübarizə üsullarından istifadə etməmişik.
Samir
Oxunub: 1344