XII yazı
Yaxın vaxtlarda nəşr olunacaq “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969” adlı kitabımızın Xəlil Rza Ulutürk, Abbas Zamanov, Sara xanım Sarayeva, maestro Niyazi, 1962-ci ildə Dağlıq Qarabağda rəhbərliyin dəyişdirilməsi haqqında, 1963-cü il aclığı, Sumqayıt hadisələri, Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılması, Şıxəli Qurbanovun zəfər və faciəsi, 60-cı illərdə Sovet Azərbaycanında din və ateizmlə bağlı XI epizodu ilə Siz artıq tanışsınız. Onikinci yazımız ötən əsrin 50-60-cı illərində Azərbaycan SSR-də mühacirət həyatı yaşayan Azərbaycan Demokrat Firqəsinin fəaliyyəti ilə bağlıdır…
Pişəvərinin müəmmalı ölümü və Güney Azərbaycan mühacirlərin daxilində ziddiyyətlər
Əsasən Cənubi Azərbaycandan olan İran siyasi mühacirlərin ilk böyük dəstəsi 1946-cı ilin dekabrında Sovet Azərbaycanına gəlmişdi. İran qoşunları Təbrizə daxil olanda respublika rəhbərliyin xahişi ilə Moskva Astara, Biləsuvar, Xudafərin və Çulfa keçid məntəqələrin dekabr ayının 12-dən 19-na qədər bir həftə açıq saxlanmasına razılıq verdi. Bir həftə ərzində 5784 nəfər partiya işçisi, milli ordunun zabitləri, fədai dəstələri və Azərbaycan milli hərəkatının digər fəal iştirakçıları Sovet Azərbaycanına keçə bildi. Onların içərisində 95 nəfər Azərbaycan Demokrat Firqəsinin (ADF) rəhbərliyinə daxil olan şəxslər və Seyid Cəfər Pişəvəri başda olmaqla 12 nəfər partiya liderləri var idi. Milli ordunun zabit və döyüşçüləri, fədailər, ADF-nin vilayət partiya təşkilatı məsul işçilərindən fərqli olaraq Təbrizdə olan yüksək partiya və hökumət rəhbərlərinin əksəriyyəti qabaqcadan hazırlanmış siyahı əsasında öz ailə üzvlərini Sovet Azərbaycanına gətirə bilmişdilər. Sovet rəhbərliyinin göstərişi ilə dekabr ayının 19-da gündüz saat 17:00-da sərhəd məntəqələri bağlansa da, müxtəlif vasitələrlə Azərbaycan SSR-ə gələnlərin qarşısını almaq mümkün olmadı. 1947-ci ilin yanvarında respublikada iranlı siyasi mühacirlərin sayı 6318 nəfərə, 1954-cü ildə isə 9022 nəfər çatdı.
1947-ci ildən başlayaraq Pişəvəri başda olmaqla Azərbaycan Demokrat Firqəsi öz fəaliyyətini Sovet Azərbaycanında davam etdirməyə başladı. İlk vaxtlar dövlət təhlükəsizliyi orqanların sərt nəzarətinə alışa bilməyən demokratlar, tədricən Sovet həyat tərzinə “uyğunlaşmağa” başladılar. 1953-cü ildə Stalinin ölümü, az sonra Mir Cəfər Bağırovun və onların yaxşı tanıdığı daxili işlər və təhlükəsizlik orqanları rəhbərlərinin həbsi, 1957-ci ildə SSRİ-də antipartiya qrupunun “ifşası”, 1958-1959-cu illərdə Azərbaycan rəhbərliyinin millətçilik üstündə vəzifədən uzaqlaşdırılması onlardan da yan keçmədi. 1959-cu ildə Azərbaycan KP MK-nın IX plenumundan düz bir ay sonra Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin də plenumu keçirildi. 1959-cu ilin 6-7 avqust tarixində keçirilən plenum Mirqasım Çeşmazəri Mərkəzi Komitənin sədri vəzifəsindən azad etdi. Həmin plenumda Qulam Yəhya Daneşian yenidən ADP MK-nın sədri seçildi. Bununla bağlı o, MK Bürosunun qərarı ilə Bakı Ali Partiya Məktəbi xüsusi fakültəsinin dekanı vəzifəsindən azad edildi. ADF MK-nın təqdimatı ilə onun yerinə Əbizadə (Azəroğlu) Balaş təyin edildi. Qulam Yəhya Daneşian 1906-cı ildə Sərab vilayətinin Əsgərabad kəndində doğulmuşdu. Ailəsi ilə birlikdə Bakıya köçmüş, 1921-ci ildən komsomolun, 1925-ci ildən kommunist partiyasının üzvü olmuşdu. Lakin 1937-ci ildə İran təbəələri ölkədən çıxarılması başlayanda o, da Ərdəbil, Sarab, Miyanədə gizli partiya işində çalışmışdı, dəfələrlə həbs edilmişdi. 1945-ci ilin payızında Azərbaycan Demokrat Partiyası yarandıqdan fədai dəstələrinə başçı təyin edilmişdi. 1946-cı ilin dekabrında Milli Hökumətin süqutundan sonra o, rəhbərlik etdiyi fədai dəstələri ilə Sovet Azərbaycanına gəlmişdi.
Hələ 50-ci illərin ortalarında Qulam Yəhya Daneşyanın ADF MK rəhbərliyində təmsil olunması partiya daxilində ciddi narazılığa səbəb olmuşdu. Seyid Cəfər Pişəvərinin yaxın əhatəsində olmuş köhnə MK üzvlərinin xeyli hissəsi ona qarşı birləşmişdilər. 1954-cü ilin iyul ayının 5-də Azərbaycan KP MK yanında partiya məktəbinin foyesində 40 nəfərə qədər Firqə üzvü ayaq üstə iclas keçirib ADF MK ilə danışıqlar aparmaq üçün Mirağa Azəri, Fəthi Xoşginabi, İsmayil Pişnamizidən ibarət nümayəndə heyəti seçmişdilər. İclasda Qulam Yəhyaya qarşı bir sıra ittihamlar irəli sürülmüşdü. Hətta Pişəvərinin əmisi oğlu olan Mirağa Azəri öz çıxışında Daneşianın əleyhinə təhqiramiz ifadələr işlədərək onu Pişəvərinin ölümündə ittiham etmişdi. Bu qalmaqalda Azərbaycan KP MK rəhbərliyi Qulam Yəhyanın tərəfini saxladığından MK-nın nümayəsndəsi S. Xalıqovla Mirağa Azəri arasında münaqişə yaşanmışdı. Bununla bağlı Azəri Sov. İKP MK-ya şikayət ərizəsi göndərmişdi. Həmin ərizənin araşdırılması ilə bağlı Sov. İKP MK-nın Xarici kommunist partiyaları ilə iş şöbəsi Azərbaycan KP MK-dan Mirağa Azəri haqqında arayış istəmişdi. İ. Mustafayev 1955-ci ilin yanvar ayının 3-də Sov. İKP MK-nın Xarici kommunist partiyalarla əlaqələr şöbəsinin müdiri V. Stepanova yazırdı: “Yoldaş A. Başkirovun xahişi ilə İran siyasi mühaciri Azəri Mirağa Bədəl oğlu haqqında arayışı sizə göndəririk. Eyni zamanda sizə məlum edirik ki, Azərinin Azərbaycan KP MK-nın əməkdaşı Xalıqovun onu təhqir etməsi haqqında şikayətinin heç bir əsası yoxdur və bu onun tərəfindən Sov. İKP MK-ya şikayət etmək üçün zəmin kimi uydurulmuşdur.” O, Moskvanın tələb əsasında Azərbaycan KP MK-nın partiya orqanları şöbəsinin məsul təşkilatçısı S. Xalıqovun Mirağa Azəri haqqında 1954-cü ilin dekabr ayının 25-də hazırladığı 3 səhifəlik arayışı da bu məktuba əlavə etmişdi.
Eyni ittihamı Qulam Yəhyaya qarşı 1954-cü ilin avqust ayının 21-də SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə və SSRİ Nazirlər Sovetinin sədri Georgi Malenkova məkublarında İran siyasi mühacirləri Camal Nekan və İsmayıl Tarixpeyma da irəli sürmüşdülər. Onlar yazırdılar: “1947-ci ildə Pişəvərinin ölümünü necə təsadüfü hesab etmək olar? Bizə məlumdur ki, gec-tez Pişəvərinin Cənubi Azərbaycanı sülh və demokratiya düşmənlərinə satan cinayətkarları ifşa edəcəyini Qulam Yəhya bilirdi. Cinayətkarlara öz yollarında olan maneəni aradan götürmək zəruri idi. Ona görə qabaqcadan hazırladıqları planı nəhayət ki, icra etdilər. Maraqlıdır ki, həmin səfər zamanı Pişəvərinin sürcüsü Bəhram xəstələnir, onun yerinə İngiltərənin Təbrizdəki səfirinin (Təbrizdəki konsulu və ya Tehrandakı səfiri olmalıdır – C.H.) qardaşı Pişəvərinin sürücüsü təyin edilir. Qəza zamanı maşında sürücü, Pişəvəri, Qulam Yəhya və Nurməmməd Quliyev oturmuşdu və onların içərisindən yalnız Pişəvəri ölür.” Onlar eyni zamanda Qulam Yəhyanı Cənubi Azərbaycanda olarkən qarətçilikdə, Milli Hökumət üçün ayrılmış vəsaitləri mənimsəməkdə, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komissarının müavini Ağasəlim Atakişiyevlə əlbir olaraq bu vəsaitləri bölüşməkdə ittiham edirdilər. Lakin maliyyə nazirliyi və SSRİ dövlət bankının Azərbaycan kontorunun, DİN və DTK məsul şəxslərinin iştirakı ilə apardığı yoxlamalar zamanı aydın oldu ki, Azərbaycan və Kürdüstan muxtariyyətinin məsul şəxsləri kimi Pişəvəri, Badigan, Qulam Yəhya, Qazi Məhəmməd və digərlərinin imzası demokratik hərəkat üçün 2 323 382 rial, fədai dəstələrinin yaradılması və saxlanılması üçün 512 097 rial, İranlı zabit demokratları saxlamaq və onları fədai hərəkatında istifadə etmək üçün 275 110 rial, xüsusi tapşırıqları yerinə yetirmək məqsədi ilə döyüşçüləri saxlamaq üçün 48 202 rial, çekist əməliyyatçıları saxlamaq üçün 244 350 rial və sair vəsaitlərin hesabatları qaydasındadır. Lakin Milli Hökumətin süqutundan sonra İranda müxtəlif əməliyyatları üçün hələ 1945-ci ilin iyul ayında yaradılmış 24011 nömrəli xüsusi hesaba ayrılmış bir milyon manat (həmin dövrün kursu ilə 6 086 427 rial 35 dinara bərabər) həcmində xarici valyutanın qalığı (2 386 865 rial 35 dinara bərabər xarici valyuta) Azərbaycan Dövlət Təhlükəsizliyi Nazirliyinin Cənubi Azərbaycanda işlər üçün məsul olan əməkdaşının adına keçirildi. Bu məqsədlə SSRİ Dövlət Bankının Azərbaycan kontorunda Dövlət Təhlükəsizliyi Nazirliyinin əməkdaşının adına 24015 nömrəli xüsusi hesab açılmışdı. 1949-cu ildə İranda pul islahatı keçirildikdən sonra xüsusi hesabda saxlanılan həmin məbləğ 27 446 190 riala bərabər olmuşdu.
Lakin Dövlət Təhlükəsizliyi Komitəsinin Camal Nikan və İsmayil Tarixpeymanın məktubu ilə bağlı apardığı araşdırmalarda Pişəvərinin ölümü ilə bağlı məsələ haqqında bir şey deyilmirdi. Azərbaycan SSR DTK-nin sədri Anatoli Quskov Camal Nikanla bağlı yazırdı ki, Mahaçqalada doğulmuş, milliyyətcə azərbaycanlı olan Nikan 1946-cı ildə İrandan Sovet İttifaqına gəlmiş və 1948-ci ilə qədər Bakıda yaşamışdır. O, qeyd edirdi ki, 1948-ci ildə Nikan Zaqafqaziya hərbi dairəsində xüsusi hazırlıq keçdikdən sonra İrana göndərilmiş və orada “Lut” adlı Sovet rezidenti ilə gizli əlaqələr quraraq ona radio hissələri, pul və son məlumatları ötürmək üçün gizli avadanlıq çatdırmışdı. Quskovun məlumatına görə Nikan müəyyən edilmiş vaxtdan 23 gün gec qayıtmış və Tehran rezidenturasının gələn xəbərə görə özünü İranda ehtiyatsız aparmış, xüsusi əməliyyatdan döndükdən sonra İsmayil Tarixpeymanın İran irticasına qarşı mübarizə məqsədi ilə yaratdığı gizli gənclər qrupuna və və daha onun Sov. İKP tipində təsis etdiyi “İran Azərbaycanı Kommunist Partiyası”na daxil olmuşdur. Bu təşkilatın əsas məqsədlərindən biri Qulam Yəhyanı hörmətdən salmaq, onun ADF MK üzvlüyündən çıxarılmasına və həbsinə nail olmaq idi. Lakin Nikanın Tehranda görüşdüyü “Lut” 1949-cu ildə İran tərəfinə keçmiş və Sovetlərin İrandakı bütün rezidentura şəbəkəsini iranlılara vermişdi. Bunu nəzərə alaraq ADF MK rəhbərliyinə qarşı fəaliyyətin zərərsizləşdirmək üçün dövlət sirrini yaydığını əsas gətirərək Camal Nikana 1950-ci ildə üç il həbs cəzası vermişdilər. 1953-cü ildə həbsdən çıxandan sonra o, ADF rəhbərliyinə qarşı fəaliyyətini davam etdirmişdi.
Belə bir arayışı DTK-nın sədri Quskov 1954-cü ildə İsmayil Tarixpeyma haqqında da hazırlamışdı. Arayışda qeyd edilirdi ki, o, 1924-cü ildə Bakıda doğulmuş, 1930-cu ildə ailəsi ilə birlikdə İrana getmiş, 1946-cı ildə Milli Hökumət tərəfindən hərbi təhsil almaq üçün Bakıya göndərilmiş, hərbi kurs buraxıldığı üçün 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdi. Lakin ADF MK-nın bəzi rəhbərlərinə qarşı mübarizə məqsədi ilə gizli gənclər təşkilatı yaratdığına görə 1949-cu ildə dövlət təhlükəsizliyi orqanları tərəfindən həbs edilmişdi. İstintaqa verdiyi ifadədə o, göstərirdi ki, 1948-ci ildə 13 nəfərdən ibarət iranlı demokrat gənclərlə birlikdə “Gənc qvardiya” filminə baxdıqdan sonra qərara gəliblər ki, gənclərdən ibarət qrup yaradıb mürtəce hökumətə qarşı gizli iş aparmaq üçün İrana getsinlər. Bu məqsədlə onlar Azərbaycan KP MK-ya məktub yazıb xahiş etmişdilər ki, onları Cənubi Azərbaycana gizli işə göndərsinlər. Quskov yazırdı: “İstintaq prosesində Tarixpeyma qrupunun bizim partiyanın siyasətinə münasibətdə hər hansı düşmən münasibəti aşkar edilmədi. Bununla belə o, SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin xüsusi müşavirəsinin qərarı ilə 1950-ci ilin avqust ayının 14-də sosial təhlükəli ünsür kimi 5 il müddətinə islah əmək düşərgəsinə göndərildi. 1953-cü ilin oktyabr ayında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə amnistiyaya düşdükdən sonra Bakıya qayıdan Tarixpeyma ADF rəhbərliyinə və ilk növbədə Qulam Yəhyaya qarşı iranlı demokratları səfərbər etdiyindən Bakıdan çıxarıldı və yaşamaq üçün Gədəbəyə göndərildi. İsmayil Tarixpeyma SSRİ Dövlt Təhlükəsizliyi Nazirliyinə və Malenkova məktubunda Bakıdan çıxarılmasın belə şərh edirdi: həbsdən çıxandan sonra “Bakıya gəldim və Qulam Yəhya ilə görüşdüm. O, mənə təklif etdi ki, “əgər sən yazsan 1949-cu ildə demokratik partiya əleyhinə fraksiyanın təşkilatçısı Pənahian idi, onda Bakıda yaşayacaqsan və maddi cəhətdən təmin olunacaqsan. Onun cinayətkar fikri haqqında Kambəxşə deyən kimi və onun təklifindən imtina edən kimi Qulam Yəhya məni təhdid edərək dedi: “Əgər bu haqda haradasa danışsan, onda 4 şahid gətirəcəyəm və yenidən səni həbs etdirəcəyəm…” Bundan sonra o, viza və qeydiyyat şöbəsinə zəng etdi. Viza və qeydiyyat şöbəsi məni məcbur etdi ki, 24 saat ərzində Bakı şəhərini tərk edim…Mən Azərbaycan SSR Daxili İşlər Nazirliyinə müraciət etdim, nazirlikdə mayor Bağırov məndən iltizam aldı ki, 24 saat ərzində Bakını tərk edib Gədəbəyə getməliyəm, mən ora getməyə məcbur oldum.” Ötən əsrin 50-60-cı illərində Cənubi Azərbaycan mühacirlərinin başına gələn belə macaralar, partiyadaxili və mühacirət daxili intriqaların qurbanı olanlar yüzlərlədir.
Seyid Cəfər Pişəvərinin ölümü ilə bağlı Bağırovdan sonra formalaşan yeni Azərbaycan rəhbərliyində də müəyyən şübhələr var idi. Xüsusi ilə Pişəvərinin ölümü ilə bağlı istintaq işini aparan Azərbaycan Dövlət Təhlükəsizliyi Nazirliyinin məsul əməkdaşının istintaqın gedişi ilə bağlı məruzə etmək üçün Moskvaya çağırılması və ezamiyyət zamanı müəmmalı formada mehmanxanada ölməsi əlavə şübhələr doğurmuşdu. 1954-cü ildə yeni rəhbərlik formalaşdırıldıqdan sonra avqust ayının 16-da Azərbaycan KP MK-nın birinci katibi İmam Mustafayev Azərbaycan Demokrat Partiyasında vəziyyət haqqında Sov. İKP MK katibi Mixail Suslova məktubunda maraqlı bir əqama toxunur. O, yazırdı: “Azərbaycan Demokrat Firqəsinin əsasını qoyan Pişəvərinin 1947-ci ilin iyul ayının 3-də Azərbaycan SSR-in Yevlax rayonunda tamamilə şübhəli şəraitdə baş vermiş avtomobil qəzasında həlak olmasından sonra 1947-ci ilin sonunda Bakıda demokratlar arasında siyasi və təşkilatı işləri aparmaq üçün Sov. İKP MK-nın icazəsi ilə Azərbaycan Demokrat partiyasının komitəsi yaradılmışdır.” Belə məsələlərdə çox diqqətli olan Sovet rəhbərliyi amma nədənsə Mustafayevin MK katibinə yazdığı “tamamilə şübhəli şəraitdə baş vermiş avtomobil qəzası” ifadəsini sükutla qarşılamışdı. Bu məsələ 1956-cı ildə Bakıda keçirilən Mir Cəfər Bağırovun məhkəməsində yenidən gündəliyə gəldi. Bağırova qarşı irəli sürülən 5 ittihamdan biri Mir Cəfər Pişəvərinin ölümü ilə bağlı idi. Bu məqsədlə şahid kimi son dəqiqələrində Yevlax xəstəxanasında Pişəvərinin yanında olmuş DTK-nın rayon şöbəsinin rəisi L. Salahov istintaqa cəlb edilmiş və ondan ifadə alınmışdı. Məhkəmə prosesində dövlət ittihamçısı Pişəvərinin ölümü ilə bağlı Bağırova sual verdikdə, o, qısa cavabında dedi ki, bu məsələni Moskvadakı yoldaşlardan soruşun. Bu cavabdan sonra dövlət ittihamçısı məsələni dərinləşdirmədi və məhkəmə prosesinin gedişində Pişəvərinin ölümü ilə bağlı ittiham sübuta yetirilmədiyi üçün geri götürüldü.
Yeni seçilmiş ADF MK rəhbərliyinin ilk addımı 1960-cı ilin aprel ayının sonlarında Bakıya gələcək Sov. İKP MK-nın birinci katibi və SSRİ Nazirlər Sovetinin sədri Nikita Xruşşovla görüşmək arzusunu Vəli Axundova bildirmək oldu. Aprel ayının 14-də Qulam Yəhya Daneşian, Balaş Azəroğlu və Əbdülhüseyn Aqahi Axundova yazırdılar: “ADF MK üzvləri Sov. İKP MK birinci katibi, Sovet dövlətinin başçısı və dünyada böyük sülh hərəkatının başçısı olan N.S. Xruşşov yoldaşla görüşməyi arzu edirlər. Odur ki, Sizdən xahiş edirik bizim bu arzumuzun həyata keçməsinə kömək edəsiniz.” Lakin bu görüş baş tutmasa da, ADF MK rəhbərliyi Xruşşovun iştirakı ilə keçirilən Azərbaycanda Sovet hakimiyyətinin 40 illiyi ilə bağlı partiya və hökumət tədbirlərinə dəvət edilmişdilər.
Qulam Yəhya Daneşian ADP MK-nın sədri seçildikdən sonra müavini Rəhim Qazi ilə birlikdə Mirqasım Çeşmazərin Bakı radiosunun Cənubi Azərbaycan verilişləri redaksiyasında işlə təmin edilməsi və eyni zamanda Azərbaycan SSR EA-nın Şərqşünaslıq institutunda kiçik elmi işçi vəzifəsinə qəbul olunmasın respublika rəhbərliyindən xahiş edirdilər. Mirqasım Çeşmazər 1954-cü ildə seçilən Firqə rəhbərliyində önəmli adamlardan biri idi. O, MK katibi kimi həmin il ADF MK bürosunda təmsil olunan 5 nəfərdən (Qulam Yəhya Daneşian, Əbdülsəməd Kambəxş, Abdullayev (Vilayi) Mirrəhim, Rəhim Seyf Qazi, Eyvazov (Çeşmazər) Mirqasım) biri idi. 1954-cü ilin yayında ADF Komitəsinin sədri Qulam Yəhya Moskvaya Həmkarlar Hərəkatı Ali Məktəbinə və sədrin müavini Əbdülsəməd Kambəxş Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasına göndərildikləri üçün partiyanın fəaliyyətinə Mirqasım Çeşmazər rəhbərlik edirdi.
Plenum təşkilatı məsələlərlə yanaşı İran Xalq Partiyası (Tudə) rəhbərliyi ilə hələ 1953-cü ildə başlamış birləşmə məsələsini də müzakirə etdi. ADF MK-nın yeni seçilmiş sədri Daneşian təklif etdi ki, Demokrat Firqəsi vəhdədtə getməzdən öncə öz daxilində vəhdət yaradılmasına nail olmalıdır. Mir Cəfər Bağırovun rəhbərlikdən uzaqlaşdırılmasından sonra ADF-nin daxilində ciddi ixtilaflar yaranmışdı. Azərbaycana mühacirətdən sonra demokrat partiyasına rəhbərlik etmiş Seyid Cəfər Pişəvərinin silahdaşları Cənibi Azərbaycan Milli Hökumətində Ali Məhkəmənin sədri olmuş Zeynalabidin Qiyami, ADF MK-nın katibi Sadıq Badigan, Xalq Qoşunu naziri general Cəfər Kavian və digər tanınmış şəxslər Mir Cəfər Bağırovun yaxın adamları kimi demokrat partiyasının rəhbərliyindən uzaqlaşdırılmışdı. 1954-cü ilin iyul ayının 16-da ADF MK-nın plenumunda Qulam Yəhyanın əleyhinə olan 40 nəfərlik partiyadaxili müxalifətin başıçılarından 9 nəfəri, o cümlədən Sadıq Badigan, Cəfər Kavian, Mirağa Azəri (Pişəvərinin əmisi oğlu idi), İsmail Pişnamazi və başqaları antipartiya qrupu adı ilə ADF-nin üzvlüyündən çıxarıldılar, 20 nəfərə isə partiya cəzası verildi. ADF MK rəhbərliyində intriqalarla bağlı Sadıq Badigan İmam Mustafayevə yazırdı: “Hal-hazırda mənim şəxsiyyətim təhlil olunur. Camaat arasında mənim adım xain, ziyankar və hətta cəsus adlandırılır. Bu gündür-sabah tutacaqlar, tənbeh edəcəklər deyə şüarlar buraxırlar. Avam və hər şeydən xəbərsiz camaatı təhrik edərək bu adlar altında mənim cəzalanmağım üçün imzalar yığrlar. Xülasəsi budur ki, Qulam Yəhya ilə Kambəxş mənim yaxamdan əl çəkmirlər. Qulam məni özü üçün rəqib hesab edir. O, fikir edir ki, bəlkə də bir gün mən onun yerini işğal edərəm. Ona görə də nə yolla olursa olsun mənim tapdanmağıma, əzilməyimə və nəhayət aradan getməyimə can atır.” Bu məzmunda bir şikayət ərizəsin Sadıq Badigan Ali Sovet Rəyasət heyətinin sədri Mirzə İbrahimova da yazmışdı. ADF MK üzvlüyündən uzaqlaşdırıldıqdan sonra onun pensiyası 3 min manatdan 2 min manata endirilmişdi, bu azalmanın guya Azərbaycan KP MK-nın göstərişi ilə edildiyi deyilsə də, əslində təşəbbüs ADF MK rəhbərliyindən gəlmişdi. Maddi “cəzalandırma” ilə yanaşı ona siyasi etimad da azalmışdı və dövlət təhlükəsizliyi orqanları bir vaxtlar ADF MK-nın ikinci adamı olan Badigana Moskvaya tibbi əməliyyata gedən oğlunu müşayiət etməyə icazə verməmişdilər. O, bunu ADF MK rəhbərliyinin respublika DTK-nın sədri Anatoli Quskova verdiyi əsassız məlumatlarla izah edirdi.
İran Xalq Partiyası (İXP), Azərbaycan Demokrat Firqəsi və Kürd Demokrat Partiyasının bir mərkəzdə birləşməsi ideyası əslində Moskvanın planı idi. Sov. İKP MK-nın Xarici kommunist partiyalarla əlaqələr şöbəsinin müdirinin müavini İ. Vinoqradov hələ 1954-cü ilin noyabrında bu birləşmə modelini Moskvada olan İran Xalq Partiyası MK-nın üzvləri ilə hazırlayıb İmam Mustafayevə göndərilmişdi. Onun fikrincə, üç partiyanın Moskvada planlaşdırılan müşavirəsini Əmir Xizi açmalı, İranda milli azadlıq hərəkatı haqqında Reza Radmaneş, Azərbaycan Demokrat Partiyasının İranda fəaliyyəti haqqında Qasimi, Azərbaycan Demokrat Partiyası və Kürdüstan Demokrat Partiyasının fəaliyyəti haqqında “bakılı yoldaşlardan biri” məruzə etməli, dinlənilən məruzələr üzrə qətnamələr, birgə proqram və nizamnamə qəbul edilməli idi. Müşavirə İXP MK-nın üzvü Reza Rustun və “bakılı yoldaşların birinin” yekun sözü ilə başa çatmalı idi. Tudə rəhbərliyinin Moskva ilə razılığına görə təşkilati baxımdan müşavirə “İXP MK, ADF və KDP nümayəndələrinin konfransı”, siyasi baxımdan isə “Birləşdirici konfrans” adlandırılmalı, iclaslara növbə ilə bütün iştirakçıların nümayəndələri sədrlik etməli, konfransda müzakirələr və təkliflər həm fars, həm Azərbaycan dilində aparıla və səsləndirilə bilərdi. Tudə rəhbərləri tərəfindən hazırlanmış qətnamə layihəsində yazılırdı ki, “Hər üç partiyanın İranda strateji məqsədi imperializm və onun daxili agentləri üzərində milli-azadlıq hərəkatının qələbəsi və xalq demokratik hökumətinin qurulmasıdır. Bu məqsədə çatmağın yolu ölkədə əhalinin bütün demokratik və antiimperialist təbəqələrini (fəhlə, kəndli, kiçik burjuaziya və milli burjuaziya) fəhlə sinfinin hegemonluğu altında vahid cəbhədə, İran Xalq Partiyasının vahid rəhbərliyi altında birləşdirməkdən keçir.” Proqram haqqında qətnamədə milli məsələ “İranın milli müstəqilliyi” zəminində qoyulur, milli-azadlıq hərəkatının gedişində Azərbaycan və kürd xalqlarının öz müqəddəratını təmin etmək hüququ inkar edilir, bu xalqların milli-azadlıq hərəkatına bütün İran xalqlarının mübarizəsi kontekstində baxılırdı. Nizamnamədə nəzərdə tutulan dəyişikliklərə görə İran proletariatının hegemonluğunu və çoxmillətli ölkənin birliyinin Tudə partiyası ifadə etməli idi, ADF və KDP İran Xalq Partiyasının rəhbərliyi və onun proqramı əsasında mübarizə aparmalı idi. Lakin nizamnamədə hər iki vilayətdə Azərbaycan Demokrat Partiyası və Kürdüstan Demokrat Partiyasının öz adlarının saxlaması qəbul edilir, onların öz təşkilatı strukturlarını saxlaması, öz konfrans və qurultaylarını keçirməsi, öz Mərkəzi Komitəsini seçməsi tanınır, lakin həmin MK-ların İran Xalq Partiyasının rəhbərliyi altında olacağı bildirilirdi. Nizamnamə tələblərinə görə ADF və KDP öz qurultaylarında İXP qurultaylarına göndərilən nümayəndələri seçməli, ADP-nin iki, KDP-nin bir rəhbər nümayəndəsi İXP MK üzvülüyünə əlavə edilir, lakin İXP, ADF və KDP üzvləri birləşmiş təşkilatın üzvləri hesab edilməli idi.
Moskvada müvafiq sovet partiya orqanları ilə razılaşdırılmış İXP MK-nın rəhbərliyi tərəfindən hazırlanmış bu sənədlərlə tanış olduqdan sonra İmam Mustafayev Sov. İKP MK-ya yazdığı məktubda İran demokratik qüvvələrinin birləşməsi ideyasının doğru olduğunu qeyd etməklə yanaşı, bildirdi ki, Azərbaycan KP MK-nın nəzərincə indiki şəraitdə bu birlik təşkilatı baxımdan qeyri-mümkün, siyasi baxımdan məqsədəuyğun deyildir. Onun fikrincə, Moskvada yerləşən İXP MK üzvlərinin bütün partiyalar, o cümlədən Bakıda yerləşən Azərbaycan Demokrat Partiyasının əvəzinə qərarlar qəbul etməsi məqbul deyildir. Mustafayev izah edirdi ki, həm ADF və həm də KDP bütün partiya üzvlərin deyil, onların yalnız Sovet Azərbaycanında mühacir olaraq məskunlaşmış hissəsini əhatə edir. O, yazırdı: “Azərbaycan Demokrat Partiyasının rəhbərliyi İranda indiki mövcud gizli iş şəraitdə nəinki ölkədəki partiya təşkilatları ilə, hətta digər Sovet respublikalarında yaşayan partiya üzvləri ilə əlaqələrə malik deyildir. Kürd Demokrat Partiyasına gəldikdə isə, bu partiyanın Azərbaycan SSR-də ayrıca, müstəqil rəhbər təşkilatı mərkəzi mövcud deyildir. Azərbaycan SSR-in ərazisində yaşayan Kürdüstan Demokrat Partiyasının ayrı-ayrı üzvləri Azərbaycan Demokrat Partiyasının təşkilatlarında təmsil olunublar. Beləliklə, indiki mövcud şəraitdə Sovet İttifaqında yerləşən həmin partiyaların mühacir xadimləri vahid proqram və vahid nizamnamə əsasında birlik məsələsini həll etmək hüququna malik deyillər.” İmam Mustafayev eyni zamanda Cənubi Azərbaycan əhalisinin milli-azadlıq arzularının bütövlükdə İranın demokratikləşməsindən asılı edilməsin yanlış sayırdı. O, yazırdı: “Birləşmiş partiyaların vahid proqramının təklif edilən layihəsində ayrılmaq da daxil olmaqla, millətlərin öz müqəddəratını təyin etmək hüququndan birbaşa danışılmır. Milli məsələnin qoyuluşunun qeyri-müəyyənliyi, aydın olmaması perspektivdə demokratlara, Cənubi Azərbaycan və Kürdüstanda xalqların milli-azadlıq hərəkatına olan inamını sarsıda bilər, minlərlə qurban vermiş və verməkdə davam edən demokratların əhval-ruhiyyəsində düşkünlük yaradar…Azərbaycan KP MK hesab edir ki, indiki şəraitdə hər partiyanın təşkilati müstəqilliyini saxlamaqla qeyd edilən İran demokratik partiyalarının blokunun yaradılması doğru olardı. Sovet İttifaqında yerləşən bu partiyaların rəhbər xadimlərinin vahid fəaliyyət Komitəsi yaratmaları məqsədəuyğun olardı.” Bu məktuba əlavə olaraq Sov. İKP MK katibi Mixail Suslova göndərdiyi məlumatda İmam Mustafayev bildirirdi ki, 1955-ci ilin iyun ayının 1-nə olan məlumata görə Azərbaycan SSR-də 9863 nəfər iranlı siyasi mühacir yaşayır və onların 2787 nəfəri Azərbaycan Demokrat Partiyasının üzvüdür.
İran Xalq Partiyasının 1954-cü ilin dekabrında Moskva üzərindən göndərdiyi təkliflər demokrat firqəsində ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb oldu. Bu təkliflər bir ilə axın Firqənin Mərkəzi Komitəsinin plenumunda, və icraiyyə heyətində (büroda) müzakirə edildi. Tudənin təkliflərini ADF MK rəhbərlik edən Mirqasım Çeşmazər belə qiymətləndirirdi: “Müxtəsərin desək, Tudeyi İranın Mərkəzi Komitəsi təklif edir ki, Hizb Tudeyi İran vahid rəhbərlik təcəssümüdür. Azərbaycan və Kürdüstan Demokrat firqələri o hizbin proqramını, nizamnaməsini, rəhbərliyini qəbul etsin, bir vahid təşkilat yaransın. Yəni Azərbaycan və Kürdüstan Demokrat firqələri öz proqram və nizamnamələrindən, müstəqilliyindən əl çəksin və Hizb Tudeyi İrana birləşsin.” ADF rəhbərliyi Tudənin birlik təkliflərinə tərəfdar olsa da, lakin bu birliyi hər üç partiyanın vahid proqram əsasında təşkilatca birləşməsinə tərəfdar deyildi, vahid xalq cəbhəsində birləşməsi, blok yaranmasına tərəfdar idi. ADF rəhbərliyi 1955-ci ilin yanvar ayında birləşmə məsələsini MK plenumunun müzakirəsinə çıxardı və həmin müzakirədə Mərkəzi Komitənin 17 üzvündən 14 nəfəri (Qulam Yəhya Daneşian, Möhsün Milanian və Əbdülsəməd Kambəxş Moskvada təhsil aldıqları üçün iştirak etmirdilər), təftiş komissiyasının 7 nəfər üzvü iştirak edirdi. Müzakirələrdən sonra 21 nəfərdən 16 nəfəri (Mirqasım Çeşmazər, Mirrəhim Vilayi, Balaş Azəroğlu, Bülluri Hökumə, Əbdülhüseyn Aqahi, Muxtar Didəkunani, Əmirəli Lahrudu, Murad Qaradağlı, Fərəc Dəstgüşadə, Səbzəli Vəlizadə, Aram Zatıkyan, Şükür Qaffari, Qulamrza İlhami, Əli Gəlavij, Barat Niknəjad, Hüseyn Qurbanəlizadə) partiyaların öz proqram, nizamnamə, təşkilat quruluşu və rəhbərlik cəhətdən həqiqətən müstəqil olmasına, vahid xalq cəbhəsi yaranmasına, blok olmasına, hərəkət birliyi olmasına və birgə hərəkət komitəsi təşkil edilməsinə səs verdilər. 5 nəfər (Rəhim Qazi, Əhmədəli Rəsədi, Həsən Nəzəri, İbrahim Sahili, Rza Qazi) isə İran Xalq Partiyasının simasında vahid rəhbərlik yaranması, onun Mərkəzi Komitəsinin rəhbərliyinə, o partiyanın proqram və nizamnaməsinin qəbul olunmasına, nəticədə bir vahid təşkilat yaranmasına səs verdilər. Səsverməyə uyğun olaraq ADF MK-nın qərarı 1955-ci ilin mart ayının 18-də Tudənin Mərkəzi Komitəsinə göndərildi. Lakin plenumdan kənar da ADF daxilində İXP MK-nın təklifləri əsasında birləşməyə tərəfdar olanlar az deyildi. Onların ən fəal nümayəndəsi İnayətulla Reza idi. O, Stalinin “bir ölkənin proletariatını milliyətə görə parçalamaq olmaz” fikrinə istinad edərək Azərbaycan Demokrat Firqəsinin ləğv edilməsi və vahid təşkilat yaradılması istiqamətində qızğın təbliğat aparırdı. ADF-nin Bakı təşkilatının 3-cü konfransında İnayətulla Reza ilə birlikdə Səadət Hələtayi, Məmmədəli Pirzadə, Hüseynqulu Bəhrəmi Cəlal Xələtbəri, Həsən Bicari, Murtuza Fatimi, Əli Tohidi, Cahangir Fəhmi, Cəbrayıl Ruyindej və Yusif Yusifli də vahid partiya yaradılması ideyasını müdafiə etmişdilər. Lakin onlar “birləşmə” məsələsinə münasibətdə ADF daxilində azlıqda idilər. 1920-ci ildə Rəştdə doğulmuş keçmiş hərbçi İnayətulla Reza 1944-cü ildən İran Xalq Partiyasının üzvü idi. Həmin il o, şturman ixtisası üzrə Ali Aviasiya Məktəbini bitirmiş və 1-ci aviasiya polkunda eskadrilya komandiri işləmişdi. Lakin İran baş qərargahı onun kommunist fəaliyyətindən şübhələndiyi üçün 1945-ci ildə onu Kirman şəhərinə göndərmiş və orada o, 11 ay həbs və sürgün həyatı yaşamışdı. 1946-cı ildə həbsdən azad olunduqdan sonra Cənubi Azərbaycana işə göndərilmiş Tudənin Mərkəzi Komitəsinin qərarı İXP üzvlüyündə demokrat firqəsinin üzvlüyünə keçmişdi. Azərbaycana gəldikdən sonra İnayətulla Reza milli ordunun aviasiya qüvvələrinin komandir müavini işləmiş və 1946-cı ilin dekabrında Sovet Azərbaycanına mühacirət etmişdi. O, 1947-1951-ci illərdə respublika partiya məktəbində oxumuş, 1952-ci ildə Azərbaycan Dövlət Universitetinin fəlsəfə şöbəsinin aspiranturasına daxil olmuşdu. Lakin “birləşmə” məsələsi meydana çıxandan sonra 50-ci illərin ortalarında partiyadaxili ixtilaflarda fəal iştirak etmiş, ADF-nin ləğv edilməsi, Tudənin simasında İranda vahid marksist partiyasının yaradılmasının qatı tərəfdarı olduğu üçün Firqədən çıxarılmışd. Lakin 50-ci illərin sonlarında Maoçuluq ideya istiqaməti kimi meydana çıxdıqdan sonra o, Sov. İKP ideologiyasından üz döndərib bir qrup İran kommunisti ilə birlikdə Pekinə mühacirət etdi. Dünya kommunist hərəkatının böhranından sonra İrana qayıdan İnayətulla Reza köhnə ixtilafları unutmadı və müstəqil Azərbaycana münasibətdə İran şovinizmin əsas təbliğatçılarından birinə, Ermənistanın Azərbaycana təcavüzü genişlənəndə Yerevanın əlində bir alətə çevrildi.
Ardı var.
Oxunub: 500