Növbədənkənar prezident seçkisi təyin olunan gündən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun sanki çiçəyi çırtlayıb. Adam özünü ölkədə baş verənlərə görə sorumlu sayır. Bütün məsələlərlə bağlı mövqe bildirrir. 2015-ci il parlament seçkisindən sonra onun nəinki üzünü görən, heç səsini eşidən olmamışdı. Başını aşağı salıb işini görürdü, biznesiylə məşğul idi. Bu növbədənkənar nədirsə, onu yaman özünə güvənli edib.
Əslində, haqqı var, adam 2000-ci ildən Azərbaycanda keçirilən seçkilərin nəticəsini hakimiyyətin istəyinə uyğunlaşdırmaqda ad çıxarıb; həm də təkcə regionda deyil, bütün dünyada. Bundan başqa, yaxın regionlarda keçirilən seçkilərə də müşahidəçi kimi həmişə qatılır, dəyərli məsləhətləriylə yanaşı, oturuşmuş, həm də illərin sınağından çıxmış seçki təcrübəsini də bölüşür.
Növbədənkənar seçkiyə start veriləndən Məzahir Pənahov öz işlərini kənara qoyub sosial şəbəkələri sahmana salmağa girişib. Son günlərin başlıca mözusu olan mühacirləri də unutmur. Bu gün də MSK-nın iclasında deyib ki, sosial şəbəkələrlə bağlı müraciətlər Mərkəzi Seçki Komissiyasında araşdırılacaq. Onun sözlərinə görə, KİV-lərlə bərabər sosial şəbəkələr də diqqət mərkəzində olacaq. Bu ki belə başlayıb, qorxuram Mətbuat Şurasının səlahiyyətlərinə də sahib çıxıb qəzetləri indi də bu “reket” elan eləsin.
Məzahir Pənahov dairə və məntəqə seçki komissiyalarına da xəbərdarlıq edib: “Yanlışlığa yol verən komissiya üzvlərinin bağışlanmayacağını bir daha bəyan edirəm”. Ancaq bu yanlışlığın nədən ibarət olduğunu deməyib. Məsələn, Məzahir sədr olandan bütün dairə və məntəqə komissiyaları yanlışa yox, saxtakarlığa, səs oğurluğuna, cinayətə yol verir, ancaq indiyə kimi heç biri cəzalandırılmayıb. Döşündə, koftasının altında bülleten gizlədən müəllimlər, əksinə, irəli çəkilib, ənam alıb, vəzifədə yüksəlib. Hələ indiyə kimi səs oğrusunun cəzalandırıldığını görən olmayıb. İndi Məzahir Pənahovun “yanlışlıq” açıqlamasının altında nə yatdığından kimsənin xəbəri yoxdur, bizim qocalar dediyi kimi: bir özü bilir, bir də öz Allahı. Ancaq bu da bir qədər şübhəlidir, keçən bu 18 ildə bu qədər saxtakarlığa, qanunsuzluğa qol qoyan adamın Allahımı olar?
Məzahir Pənahov bu gün daha bir maraqlı açıqlama verib. Onun rəhbərlik etdiyi seçkidə “Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, , Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Vətəndaş Cəmiyyəti Uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi “exit poll” keçirəcək. Şair bu yerdə deyib:
– Sərraf gəlsin bu bazarı dolansın…
Bunlar Azərbaycan cəmiyyətinə bəlli “çox müstəqil” qurumlardır. Onların keçirdiyi “exit poll”un nəticələrini təkcə biz yox, bütün dünya şəkk-şübhəsi olmadan tanıyacaq. Bazar olsun!..
Azadliq.info
Oxunub: 840