İlk öncə özünüzə sual edin:
– Mən hansı ölkədə yaşayıram?
– Mən hansı xalqın nümayəndəsiyəm?
İlk baxışda çox sadə görünən iki sual. Hər halda indi mənim yazımı oxuyub-anlayırsınızsa, demək, siz də
Azərbaycan xalqının nümayəndəsisiniz və böyük əksəriyyətiniz də Azərbaycan adlı uçuruma sürüklənən
məmləkətdə yaşayırsınız. Bu ölkədə yaşayıb, baş verən
özbaşınalıqları, rüşvətxorluğu, qanunsuzluğu, talançılığı və bütün dəyərlərin necə məhv edildiyini
görməmək üçün gərək “KOR”, duymamaq üçün isə “KAR” olasan. Bu ölkədə vətəndaşları
mitinqə çağıranda çox qeyri-adi bir reaksiya ilə üzləşirik. İnsanlar bu dəvətdən boyun qaçırmaq
üçün müxtəlif bəhanələr gətirir və özlərini elə aparırlar ki, elə bil “talan edilən” bu məmləkət bunların
dədə-baba torpaqları deyil, adamlar bir neçə günlük bura gəliblər. Nədir bizi VƏTƏNİMİZDƏ baş verən
ürəkbulandıran hadisələrə “ƏCNƏBİ” olmağa məcbur edən səbəb ? Gəlin, öncə bir neçə məhşur
bəhanələrə aydınlıq gətirək
” Tək mənnən nolasıdıye ? “Təbiİ ki, tək səninlə heç nə olmayacaq, amma sən tək deyilsən axı. Təsəvvür elə, sənin kimi bu sualı verən insanların hamısı yox, sadəcə iki faizi Meydana gəlsə, nə baş verər? Mən bu sualın cavabını verim, “məsələ kökündən həll olar.” ” Yenə bunlar yeyib-doyublar”. Bu məsələdə də yanılırsınız. Sizə belə bir sual verim: “Mənə elə bir iş adamı göstərə bilərsiniz ki, işləsin, müəyyən qədər pul qazandıqdan sonra desin ki, “Bu qədər pul mənə bəsdir, daha işləmirəm”? Mümkün deyil, insanoğlu yeməklə doya bilməz, siz bir düşünün, hətta qanuni yollarla pul qazanan insanlar belə ömürlərinin sonuna kimi işləyib sərvətlərini artırırlar. Qeyri-qanuni, asan yollarla milyardlar əldə edən bir “zümrənin” “yeyib-doyacağına” inanmaq nə qədər məntiqlidir? ” Əşi, millətin dərdi mənə qalıb ?” Əgər sən də bu millətin nümayəndəsisənsə, millətin dərdi birbaşa sənin dərdindir, onlarla birgə sən də gündəlik həyatında bu problemlərlə üzləşirsən. Bəs yaxşı, burda belə bir sual ortaya çıxır: “MİLLƏTİN DƏRDİ NƏDİR?”
Millətin dərdi ” Səhiyyədir”. Məgər sən xəstələnəndə bu ölkənin xəstəxanalarına getmirsən? Getdiyin yerdə səni pul verməyəcəyin təqdirdə müalicə etməkdən imtina etmirlər? Hər kəs kimi səni də sərvətlərlə dolu ölkədə tibbi sığortadan məhrum etməyiblər? Əgər belədirsə, demək ki, millətin dərdi sənin dərdindir.
Millətin dərdi ” Təhsildir”. Məgər sən və ya sənin yaxınların bu ölkənin orta və ali təhsil müəssisələrində təhsil almır? Məgər sənin uşaqlarından məktəbdə ” tabaşir pulu, fond pulu, süpürgə pulu” kimi qanunsuz ödənişlər etməyinizi tələb etmirlər? Ya düşünürsən ki, səni universitetin illik ödənişini verməyəcəyin təqdirdə, universitetdən xaric etməyəcəklər ? Necə ki, minlərlə tələbəni xaric ediblər. Əgər sən də bu problemlərlə üzləşirsənsə, demək ki, sənin problemlərinlə, millətin dərdi eynidir.
Millətin dərdi yazmaqla bitməz, məncə, bu iki faktor yuxarıda yazılan sualın aydınlaşması üçün kifayətdir.
” Stadionda mitinq olar ? ” Bu suala qısa cavab verəcəm. Bəli olar! Mənim fikrimcə Haqsızlığa qarşı etirazın, zülmə qarşı dirənişin olduğu istənilən məkan MEYDANDIR! Bu yazımda beyinlərdə qaranlıq qalan bəzi sualları aydınlatmağa çalışdım. Dostlar gəlin bütün bəhanələri kənara ataraq, problemlərimizi dilə gətirək, bu talançılığa, qanunsuzluğa birgə etiraz edək!
İlham Aslan oğlu