ABŞ prezidenti Donald Tramp Konqres tərəfindən təsdiq olunan dövlət büdcəsini imzalayıb. Büdcədə demokratik dəyərləri qiymətləndirmək üçün ABŞ-ın xüsusi proqramı çərçivəsində inkişaf etməkdə olan ölkələrə maliyyə yardımı edilirdi.
Bu ilki büdcədə Gürcüstan və Ukraynadan fərqli olaraq Ermənistana maliyyə yardımı edilməyəcək. Xatırlayırsınızsa, keçən il Azərbaycan, Belarus, Qazaxıstan və Türkmənistana da edilən maliyyə yardımları ləğv olunmuşdu.
ABŞ-ın ayırdığı maliyyə yardımının dayandırılması Ermənistana necə təsir edə bilər? Bu qərarların qəbulunda Rusiya ilə münasibətlərin təsiri varmı?
ABŞ dünyanın çoxsaylı ölkələrinə müxtəlif məsələlərlə bağlı maliyyə yardımı edir. Burada ABŞ-ın siyasi məqsədlər güdən təməl dövlət prinsipləri əsas götürülür.
Humanitar məsələlərdən tutmuş, terrorla mübarizəyədək müxtəlif məsələlərə görə yardımlar edilir. Xüsusilə də inkişaf etməkdə olan ölkələrə təhsil, səhiyyə, qaçqın, yoxsulluq problemlərinin həllində, habelə vətəndaş cəmiyyəti, media, sosial və hüquqi islahatlar istiqamətində də maliyyə yardımları göstərilir.
ABŞ dünyanın 172 ölkəsində təqribən 800-dən çox hərbi baza saxlayır. Bu ölkələrin əksəriyyətinə informasiya və təhlükəsizlik baxımından da maliyyə yardımı edir.
D.Tramp hakimiyyətə gəldikdən sonra dövlət büdcəsinin xaricdə xərcləmələrini əsaslı şəkildə azaldacağını vəd etmişdi. Artıq keçən ildən etibarən bu istiqamətdə müəyyən addımlar atılır. Xaricə edilən bir sıra maliyyə yardımlarının azaldığı və ya dayandırıldığı müşahidə edilir.
Maliyyə yardımlarının azaldılmasında və ya dayandırılmasında köklü səbəb kimi ABŞ büdcəsinin xarici xərclərinə qənaət edilməsi göstərilir. Bu il bir sıra ölkələrə hətta terrorla mübarizə üçün ayrılan vəsaitlər də dayandırılıb. Burada konkret olaraq hansısa açıq siyasi səbəblər göstərilməsə də, təbii ki siyasi məsələlərin rolu istisna deyil.
Xüsusilə də Rusiya və İranla çox yaxın siyasi münasibətlərdə olan ölkələrə bu yardımları dayandırmaq təsadüfi deyil. Gürcüstan və Ukraynadan fərqli olaraq, əvvəllər yardım edilən digər adı çəkilən ölkələr Rusiya ilə çox sıx siyasi münasibətlərdədir.
Elə götürək Azərbaycanı. Ölkəmiz “Antiterror Koalisiyası”nın üzvü olsa da, ABŞ-ın qlobal maraqlarına qarşı heç bir addım atmasa da maliyyə yardımları dayandırıldı. Deməli, bu qərarların verilməsində daha önəmli siyasi mülahizələr üstünlük təşkil edib.
Eynilə Ermənistana ediləcək müxtəlif maliyyə yardımlarının dayandırılması da çox güman ki oxşar siyasi səbəblərdən qaynaqlanır.
Hətta Orta Şərqdən Ermənistana gələn qaçqınların məskunlaşmasına maliyyə yardımı ayırmaq üçün ABŞ konqresmenlərinin müraciəti də nəzərə alınmayıb. ABŞ prezidentinin yanaşması onu göstərir ki, ənənəvi xarici siyasət doktrinası dəyişib. ABŞ-ın qlobal və regional maraqlarına birbaşa cavab verməyən bütün ölkələrlə münasibətlər yeni müstəviyə keçir.
Bununla belə, ABŞ-ın Ermənistana maliyyə yardımını dayandırması onların münasibətlərinə ciddi xələl gətirəcəyini sanmıram. Çünki ABŞ-da çox mütəşəkkil erməni lobbisi var. Ermənistan ehtiyyatla olsa da Avropa İttifaqı ilə inteqrasiyaya can atır. Həm də Ermənistana humanitar məqsədlərlə ediləcək maliyyə yardımına idarələrarası qaydada baxılması tövsiyə edilib.