Yaxud, Musa Quliyevi millət vəkili olmağa kim məcbur edib?
Sosial şəbəkələrdə küçəni süpürərkən avtomobil vurması nəticəsində dünyasını dəyişən yaşlı qadının fotosu yayılıb. İki gündür bu qan donduran hadisə əsas müzakirə mövzusuna çevrilib. Həqəqətən də yaşlı bir qadının ağır əmək faəliyyəti ilə məşğul olması, üstəlik avtomobil qəzasının qurbanına çevrilməsi dəhşətli hadisədir.
Amma daha dəhşətli olan hökumətin sözçülüyünü edənlərin, “inkişaf mələkləri”nin baş verənlərə laqeyd yanaşmasıdır. Münasibət bildirəndə isə diriləri deyil, ölənləri günahlandırmağa çalışırlar.
Məsələ ilə bağlı açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev bildirib ki, o qadını işləməyə heç kim məcbur etməyib: “Yol-nəqliyyat hadisəsinə qaldıqda isə maşın yaşlı adamı da, cavanı da, uşağı da, işləyəni, işləməyəni də vura bilər. Bu səbəbdən mənə elə gəlir ki, gedən bu müzakirələr, sadəcə olaraq, yersizdir. Bu cür yanaşmanı düzgün qəbul etmirəm.Yaşlı qadını heç kim orada işləməyə məcbur etmir. Məgər, onu məcburi işlədirlər?! Ola bilər ki, əvvəlcədən o işlə məşğul olub, işdən anlayışı var, fiziki imkanları da şərait yaradır və beləliklə, öz çörək pulunu qazanır”-deyə millət vəkili bildirib.
Təbii ki, normal ölkədə xalqın seçdiyi millət vəkili tamam fərqli münasibət sərgiləyərdi. Yəni, normal deputat bu xəbərdən bərk sarsıldığını ifadə edərdi, qadının ailəsinə hansısa yardımın göstəriləcəyini söyləyərdi, fiziki əməyə olduqca aşağı qiymət verildiyini etiraf edərdi və.s
Təsəvvür edin ki, məlum hadisə hansısa məmurun qohumunun başına gəlsəydi hansı reaksiya verilərdi. Yaxud, hansısa müxalifət funksioneri bu hadisəni törətsəydi hökumət həmin qadını Fəxri Xiyabanada dəfn etməyə də razı olardı.
Amma faciəli şəkildə dünyasını dəyişən süpürgəçi qadındı. İnsan qiymət verilməyən ölkədə bu qadının ölümünə bu qədər soyuqqanlı yanaşılması təbiidir. Çünki Musa Quliyev süpürgəçiyə sahib çıxan hökumətin deyil, ölkənin sərvətlərini süpürmüş hökumətin təmsilçisidir. Amma bu süpürülmüş ölkənin deputatı susa da bilərdi. Adamları aressivləşdirən açıqlamasını bağlı saxlaya da bilərdi. Ümumiyyətlə, belə adamları millət vəkili olmağa kim və nə məcbur edir?
Əgər bir dəfə xalqın adından danışa bilmək cəsarətin olmayacaqsa, ölkədəki korrupsiyaya, saxtakarlığa, repressiyalara etiraz etmək iradən olmayacaqsa, müstəqil fikir bildirmək hüququn yoxdursa, niyə deputat olursan?
Əslində bu ölkənin vətəndaşları heç nədən sığortalanmayıb. Hərənin qanı bir tərəfdə batır. Birini avtomobil öldürür, milyonunu talançılıq, hüquqsuzluq, biganəlik, acgözlük.
Samir