Moskva Antidopinq Laboratoriyasının keçmiş rəhbəri Qriqori Rodriçenko Ermənistandan olan ağır atletlərə dopinq-testdən keçməyə yardım edib.
Erməni idmançılarına istinad edən jurnalistlərin yazdığına görə, postsovet məkanında bu tip “yardım” göstərən şəbəkə fəaliyyət göstərir. Etdiyi köməyə görə Rodriçenko pulu nağd şəkildə alıb.
Dopinq məsələləri üzrə tanınmış ekspert olan Rodriçenko ABŞ-a köçüb. Ona qarşı ittihamları Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) irəli sürüb.
Təşkilat iddia edir ki, Moskvada işlədiyi müddətdə Rodriçenko erməni idmançılarının 2008 və 2012-ci il olimpiadalarında medal qazanmaları üçün dopinq istifadəsinə yardım edib.
Gürcüstan Antidopinq Agentliyinin rəhbəri Pavle Kasradze də bununla bağlı jurnalistlərə maraqlı məlumatıar təqdim edib.
Onun sözlərinə görə, Rodriçenkonun yardımından Ermənistanla yanaşı, keçmiş sovet respublikalarının əksəriyyəti, o cümlədən Azərbaycan da istifadə edib.
“Hamı bilirdi ki, müsbət dopinq nəticəsin gizlətmək istəyənlər Rodriçenkoya müraciət edirdi”, – deyə Kasradze qeyd edib.
Ermənistan Antidopinq Agentliyinin rəhbəri Areq Ovannisyan da Rodriçenkonun köməyə görə nağd pul aldığını təsdiqləyib.
Qeyd edək ki, hazırda Rusiya, Ermənistan, Çin, Ukrayna, Qazaxıstan, Belarus və Azərbaycan ağır atletləri müxtəlif dopinq pozuntularına görə beynəlxalq strukturdan uzaqlaşdırılıb.
azadlıq.info