Yaxın vaxtlarda nəşr olunacaq “Azərbaycanda Sovet Liberalizmi: Hakimiyyət, Ziyalılar və Xalq, 1959-1969” adlı kitabımızın Xəlil Rza Ulutürk, Abbas Zamanov, Sara xanım Sarayeva, maestro Niyazi, 1962-ci ildə Dağlıq Qarabağda rəhbərliyin dəyişdirilməsi haqqında, 1963-cü il aclığı, Sumqayıt hadisələri, Nikita Xruşşovun hakimiyyətdən uzaqlaşdırılması, Şıxəli Qurbanovun zəfər və faciəsi, 60-cı illərdə Sovet Azərbaycanında din və ateizm, ötən əsrin 50-60-cı illərində Azərbaycan SSR-də mühacirət həyatı yaşayan Azərbaycan Demokrat Firqəsi və Kürdüstan Demokrat Partiyasının fəaliyyəti ilə bağlı XIII epizodu ilə Siz artıq tanışsınız. Ondördüncü yazımız 1959-1961-ci illərdə Nikita Xruşşovun “gözləri və qulaqları” kimi Azərbaycana ikinci katib vəzifəsinə göndərilmiş Vladimir Semiçastnının fəaliyyəti haqqındadır…
Vladimir Semiçastnıy: qeyri-məhdud səlahiyyətli satrap
Vəli Axundov hakimiyyətinin ilk illəri çox ağır keçdi. Respublikanın üzərində millətçilik damğası var idi. Hələ Moskvadakı müzakirələr zamanı Nikita Xruşşov Azərbaycanda millətçiliyin baş alıb getdiyini, lakin bu məsələni çox qabartmamağı tövsiyə etmişdi. O, demişdi ki, bizim milli siyasətdə hansısa böhran haqqında danışmaq üçün süni şəkildə düşmənə dəlil vermək olmaz. Xruşşov bildirmişdi ki, bununla biz özümüz üçün süni böhran yaratmış olardıq. Respublikada güclənmiş millətçiliyə qarşı geniş danışmamağı tövsiyə edən Xruşşov Azərbaycana nəzarətin gücləndirilməsini də zəruri hesab edirdi. Vəli Axundova “etimad” göstərsə də, lakin ona və bütövlükdə respublikaya nəzarəti gücləndirmək məqsədilə özünün yaxın adamı hesab edilən 1950-1958-ci illərdə Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin katibi, 1958-ci ilin aprelindən isə birinci katibi olmuş, 1959-cu ildə Sov.İKP MK-nın partiya orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmiş Vladimir Semiçastnınıy Axundovun işə başlamasından bir ay sonra, 1959-cu ilin avqust ayının 10-da Azərbaycana KP MK-nın ikinci katibi vəzifəsinə göndərdi. O, yeni təyinatdan elə də məmnun deyildi və Azərbaycana gəlmək istəmirdi. Lakin Xruşşov onu yola gətirə bildi və izah etdi ki, yalnız kadrların uçot kartotekalrındakı kağızları ora bura qoymağı bacarmaq mühüm deyil, sənaye və kənd təsərrüfatı işlərində baş çıxarmaq lazımdır, daha arzuolunandır ki, üzərində nəzarət olmayan paytaxtdan uzaq bir yerdə real həyat məktəbi keçmək zəruridir. Əslində ucqar respublikada ikinci katib vəzifəsi MK-nın şöbə müdiri vəzifəsi ilə müqayisədə xeyli aşağı olsa da, Xruşşov Semiçastnını inandırdı ki, sonrakı yüksəliş üçün bu vacibdir. Yeri gəlmişkən Nikita Xruşşovun idarəçiliyi dövründə Rusiya Federasiyası, Ukrayna, Belorusiya və Ermənistan istisna olmaqla qalan bütün sovet respublikalarına mərkəzdən ikinci katiblər göndərilirdi. Çox maraqlıdır ki, respublika partiya təşkilatına yüksək vəzifəyə, ikinci şəxs postuna göndərilən Vladimir Yefimoviçin ali təhsili belə yox idi. O, yalnız 1941-ci ildə orta məktəbi bitirmiş və həmin ilin avqustundan başlayaraq addım-addım komsomol işində irəliləyib, orta məktəb attestatı ilə 1950-ci ildə SSRİ komsomolunun katibi, 1958-ci ildə isə birinci katibi, 1959-cu ildə Sov.İKP MK müttəfiq respublikalar üzrə partiya orqanları ilə iş şöbəsinin müdiri, 1959-cu ilin avqustunda Azərbaycan KP MK-nın ikinci katibi vəzifələrini tutmuşdu. Elə həmin orta məktəb təhsili ilə Semiçastniy Sovet partiya elitasına daxil ola bilmiş, uzun müddət Sov.İKP MK-nın üzvlüyünə namizəd və MK-nın üzvü olmuş, SSRİ Ali Sovetinin deputatı seçilmişdi. O, 1961-ci ildən 1967-ci ilə qədər SSRİ Nazirlər Soveti yanında DTK-ya da Stalinski vilayəti Krasnoarmeyski şəhərində 1941-ci ildə bitirdiyi orta məktəb attestatı ilə rəhbərlik etmişdi. Yalnız Sovet rəhbər elitasında karyerasını başa vurduqdan sonra, o, Ukrayna Nazirlər Soveti sədrinin müavini vəzifəsində işləyərkən 1973-cü ildə Taras Şevçenko adına Kiyev Dövlət Universitetini bitirmişdi. Nikita Xruşşovun şəxsi nümayəndəsi kimi Azərbaycana geniş səlahiyyət və xüsusi mandatla göndərilən 35 yaşlı Vladimir Yefimoviçin respublikada qarsımadığı bir iş, burnunu soxmadığı bir yer yox idi. O, sonralar öz xatirələrində yazırdı: “görünür izah etmək lazımdır ki, nə üçün respublikalarda Mərkəzi Komitənin ikinci katibləri rus olmalı idi. Ermənistandan başqa demək olar ki, hər yerə ikinci katibləri mərkəzdən göndərirdilər…Bu qayda özünü doğrultmuşdu…” Semiçastnıy qeyd edirdi ki, “ikincilər sıradan biri deyil, nüfuzu, gücü və idarəçilik bacarığına malik lider olmalı idilər ki, yaranmış məsələləri həll etsin, yaxşı təşkilatçı olsun, respublika rəhbərliyinə və kütlələrə təsir edə bilsin…Mən belə bir qayda qoymuşdum: partiya Mərkəzi Komitəsinin heç bir qərarı mənim dərkənarım olmadan buraxılmırdı. Hətta Axundov artıq imzalasaydı belə. Belə bir hadisə baş vermişdi, mən qardaşımı dəfn etməyə getmişdim və orada plenum olmuşdu. Mən bir həftə olmamışdım. Və onlar mənim redaktəm və dərkənarım olmadan MK plenumunun qərarını buraxmamışdılar.”
Semiçastnının respublikada əsas vəzifələrindən biri Sov. İKP MK-nın “İnqilabi sayıqlığı artırmaq haqqında” qərarının yerinə yetirilməsin təmin etmək idi. Partiya orqanlarının fəaliyyəti, yığıncaq və müşavirələrin sənədlərinin tərtib edilməsində “inqilabi sayıqlığın” qorunub saxlanması bilavasitə ona etibar edilirdi. Məsələn, 1960-cı ilin oktyabrında Sov. İKP MK-nın məsul əməkdaşı Malkov Axundova zəng edib bildirmişdi ki, partiya demokratiyasın genişləndirmək məqsədilə partiya konfranslarının keçirilməsi ilə bağlı nümayəndəlik normasını artırmaq və kommunistlərin konfranslarda geniş iştirakın təmin etmək lazımdır. Bununla yanaşı keçirilən partiya konfransları haqqında Moskvaya verilən informasiyalarda gizliliyi qorumaq məqsədi ilə konfransların yeri və keçirilmə tarixi göstərilmədən məlumat verilməsi tövsiyə edilirdi. “İnqilabi sayıqlığın” təmin edilməsindən irəli gələn belə informasiyaların hazırlanması bilavasitə Semiçastnıya tapşırırdı. MK Bürosunda bir qayda olaraq yekun sözü birinci katib deyəndən sonra qərarlar qəbul edilirdi. Lakin dəfələrlə belə hallar olmuşdu ki, qərar qəbul edildikdən sonra o, stenoqrafısa müraciət edib müzakirə edilən məsələ barədə xüsusi rəyinin stenoqrama əlavə olunmasın xahiş edirdi. Semiçastnıy yazırdı: “Əgər mənim hərdən hər hansı iddiam olurdusa, mən MK Bürosunun iclasından sonra qalırdım və deyirdim: Ya siz özünüz bunu düzəldin, ya da mən özüm sizin səhvinizi düzəltməyə məcbur olacağam, hansı ki, bunu mən etmək istəmirəm.”
Semiçastnının gəlişi 50-ci illərin sonlarında dil haqqında siyasətdən “zərər” çəkən qeyri azərbaycanlıları xeyli fəallaşdırmışdı. Onlar böyük səlahiyyətlə Bakıya gəlmiş ikinci katibin imkanlarından istifadə edərək Mustafayev – İbrahimovun dil siyasətinin qurbanları kimi özlərini təqdim edir və “ədalətin” bərpasında ona arxalanırdılar. Bakıdan L.Stepanov 1959-cu ilin noyabr ayının 15-də Semiçastnıya yazırdı ki, 1929-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı komsomol təşkilatının təyinatı ilə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə (1938-ci ildən Ali Sovetin Rəyasət Heyəti adlanıb) işləməyə göndərilib və 29 il orada işləyib, son 13 ili təltiflər şöbəsinin müdiri olub. Ali Sovetdə tutduğu vəzifədən azad olunduqdan sonra Stepanovu Daxili İşlər Nazirliyinin aparatında işlə təmin etmişdilər. O, yazırdı: “1958-ci ildə məlum səbəb üzündən Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin sədri Mirzə İbrahimov və keçmiş MK katibi yoldaş Cəfərli heç bir əsas olmadan məni işdən azad etdilər və büronun qərarı ilə mənim yerimə Çimnaz Aslanovanı təyin etdilər. Həmin vaxt bütün bunların NK-nın birinci katibi yoldaş Mustafayevlə razılıq əsasında edildiyin bildiyim üçün mən heç yerə müraciət etmədim, heç yerə şikayət etmədim. İndi mənə məlum oldu ki, Çimnaz Aslanova təqaüdə gedir və onun yerinə adam axtarırlar. Əlbəttə, heç kəs bunun haqqında fikirləşmir ki, İbrahimov və Cəfərli tərəfindən yol verilmiş ədalətsizliyi aradan qaldırmaq üçün məni öz vəzifəmə qaytarsın”. L. Stepanov xahiş edirdi ki, Semiçastnıy MK Bürosunun qərarı ilə onu 18 yaşından 48 yaşına qədər işlədiyi öz vəzifəsinə qaytarsın.
Yaxud 1957-ci ildə “siyasi baxımdan ziyanlı” milli məhdudluğuna görə cəzalandırılmış ermənicə “Kommunist” qəzetinin əməkdaşı A. Petrosov respublika rəhbərliyindəki dəyişiklikdən təxminən bir ay sonra Vəli Axundova müraciət edərək ona verilmiş partiya cəzasının ləğv edilməsini xahiş edirdi. Petrosov 1954-cü ildə Sov. İKP MK-ya və 1956-cı ildə Nikita Xruşşova məktub yazaraq Zaqafqaziya respublikalarında, o cümlədən Azərbaycanda “milli azlıqların mənəvi ehtiyaclarına az diqqət yetirildiyindən” şikayətlənmişdi. O, qeyd etmişdi ki, yerli rəhbər partiya və sovet orqanları milli azlıqların içindən çıxan kadrların inkişafına az qayğı göstərir və “milli azlıqların hüquqlarının tapdanması onları arxa plana itələyir, ümumi iş uğrunda mübarizədə onların təşəbbüslərini və siyasi fəallığını süstləşdirir.” Həmin vaxt rəhbərliyin göstərişi ilə T. Əliyev, M. Okulov və B. Vəkilovdan ibarət komissiya Petrosovun Xruşşova yazdığı məktubdan qoyulan faktları yoxlamış və “milli məhdudluqdan irəli gələn” belə fikirlərin “siyasi baxımdan ziyanlı” olduğunu bildirmişdilər. 1957-ci ilin yanvar ayının 29-da Azərbaycan KP MK Bürosunun Petrosov haqqında qəbul etdiyi qərarda göstərilirdi ki, onun “məktubu səhv, qərəzli, siyasi geriliyindən qaynaqlanan siyasi baxımdan zərərli hesab edilsin.” Bu qərardan sonra Petrosovun işdə vəzifəsi aşağı salınmış, MK-nın təbliğat və təşviqat şöbəsi onu ştatdan kənar mühazirəçi fəaliyyətindən uzaqlaşdırmış, özünün yazdığına görə Azərbaycan və erməni xalqlarının dostluğuna, onların Azərbaycanda Sovet hakimiyyəti uğrunda mübarizəsinə dair yazdığı kitabın çapı səbəbi izah edilmədən “Azərnəşr”də yubadılmağa başlayıb. Vəli Axundova məktubu ilə bağlı Azərbaycan KP MK-nın Təbliğat və Təşviqat şöbəsinin müdir müavini Ruhulla Orucov 1959-cu ilin avqust ayının 27-də Petrosovu qəbul etmiş və onun iddiasını rəhbərliyə çatdırmışdı. Millətçilik dalğasında respublika rəhbərliyi dəyişdirildiyi üçün Azərbaycan KP MK katibi Abdulla Bayramov və şöbə müdiri Şıxəli Qurbanov Mərkəzi Komitəyə təqdimat hazırladılar ki, komissiya və büro Petrosova münasibətdə sərt hərəkət edib və onun Nikita Xruşşova məktubunda bir sıra fikirlərinin yetkin olmadığın izah etməklə keçinmək olardı. Bu təqdimatı əsas tutaraq Azərbaycan KP MK Bürosu 1959-cu ilin noyabr ayının 5-də keçirdiyi toplantıda A. Petrosov haqqında MK Bürosunun 29 yanvar 1957-ci il qərarı kifayət qədər əsaslı olmadığı üçün onu ləğv etdi.
Vladimir Semiçastnının respublika partiya təşkilatına ikinci katib təyin edilməsi Bakıda yaşayan rus əhalisini xeyli qanadlandırmışdı. Hətta, bir sıra vəzifəli azərbaycanlılar özlərini qorumaq üçün idarə və müəssisələrdə işləyən rus millətindən olan işçilərin adından Semiçastnının adına zəmanət məktubları göndərilməsin lazım bilirdilər. Məsələn, Azərbaycan tibb institutunun professoru M. Hüseynov rektordan Semiçastnıya şikayət ərizəsi göndərdikdə, institutun qistalogiya kafedrasının müdiri professor Nikolay Kolesnikov 1960-cı ilin may ayının 17-də institutun rektoru Bahadur Eyvazov haqqında belə bir məktub yazmışdı. O, Semiçastnını əmin edirdi ki, Eyvazov kifayət qədər prinsipial, kollektivin hörmətini qazanmış, səhhətinə ziyan vurmaqla belə öz vaxtını və əməyini tibb təhsilinin və ümumilikdə elmin inkişafına sərf etmiş bir adamdır. O, eyni zamanda MK katibini məlumatlandırmağı zəruri bilirdi ki, rektor Bahadur Eyvazov “dərin beynəlmiləlçidir.”
Lakin Tibb institutunda qarşıdurmalar uzun sürdüyü üçün Semiçastnıdan sonrakı araşdırmalar göstərdi ki, professor Kolesnikov Dövlət təhlükəsizliyi nazirliyinin agenti olub və uzun müddət əsas işi Tibb institutunda azərbaycanlılar arasında millətçiliyin güclənməsi barədə SSRİ və Azərbaycan SSR Dövlət təhlükəsizliyi nazirliyinə operativ məlumatlar göndərmək olub. Kolesnikovun fəaliyyətini araşdıran İ. Əsgərov, T. Mkrtıçov və V. Yudenkovdan ibarət MK-nın komissiyası müəyyən etdi ki, professor Kolesnikov 1938-ci ildən 1954-cü ilə kimi Azərbaycan SSR dövlət təhlükəsizliyi orqanlarının agenti olub və tibb institutunun bir sıra əməkdaşları haqqında böhtançı məktublar yazıb, onları ağır siyasi cinayətlərdə ittiham edib, o cümlədən institutun azərbaycanlı əməkdaşları Salihov, İsazadə, Əliyev və Cəfərovu burjua millətçiliyində günahlandırıb.
Tək mülki şəxslər deyil, əsasən ruslardan və slavyan millətindən ibarət Azərbaycanda dislokasiya olan ordu hissələri də Semiçastnının gəlişindən həvəslənmişdilər. Tez-tez onu hərbi hissələrə görüşə çağırır, əsgər və zabitlər qarşısında çıxışa dəvət edirdilər. Azərbaycanda yerləşən 54295 nömrəli hərbi hissənin zabitləri Zaxarçenko, Belorusets, Babiç, Razdobudko və Şulqa 1960-cı ilin mart ayının 29-da Semiçastnıya yazırdılar: “Əziz Vladimir Yefimoviç! Biz Sizin həmyerliləriniz, 54295-ci hərbi hissənin ukraynalı hərbi xidmətçiləri Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 40 illiyi astanasında Sizi bizim hərbi hissənin şəxsi heyəti ilə “Sovet Azərbaycanının 40 illiyi və Sovet İttifaqı xalqlarının dostluğu”na həsr edilmiş görüşə dəvət edirik. Və istəyirik ki, Siz yeddiillikdə Sovet Azərbaycanının inkişafının perspektivləri və bizim vəzifələrimiz haqqında bizə danışasınız. Biz də bilavasitə Azərbaycan dəmir yolunun obyektlərinin əsaslı tikintisində, o cümlədən Biləcəri dəmir yol qovşağının yenidən qurulması və inkişafında iştirak edirik. Görüşün vaxtı Sizdən asılıdır və yaxşı olardı ki, bu 1960-cı ilin aprel ayında baş tutsun.”
Nəinki hərbi hissələrdən, Azərbaycanda yaşayan ruslardan, Semiçastnının bir vaxtlar əmək fəaliyyətinə başladığı Ukraynadan da ona tez-tez məktublar gəlirdi. Müharibə dövründə onun komsorq olduğu Kemerova koks kimya zavodunun kollektivi Semiçastnıya yazırdı ki, onlar zavodda komsomol təşkilatı ilə birlikdə “Ağsaqqal ənənəsi” klubu yaradıblar və klub 1960-cı ilin mart ayının 14-də “Bax bizdə belə olub” mövzusunda gecə keçirəcəkdir. Gecədə 20-40-cı illərdə keçmiş komsomolçuların “qəhrəman əməyindən” söhbət açılır və müharibə dövründən xatirələr danışılırdı. Onlar Semiçastnıdan xahiş edirdilər gecədə oxumaq üçün müharibə dövründə zavaddakı komsomol fəaliyyətindən bəhs xatirələrini yazıb zavoda göndərsin.
Sov. İKP MK 1960-cı ilin iyun ayının 14-də rəhbər partiya orqanlarına “İnqilabı sayıqlığı yüksəltmək haqqında” məktub göndərmişdi. Azərbaycanda məktubun icrasına nəzarəti bilavasitə Vladimir Semiçastnıy həyata keçirirdi. Məktub həmin ilin oktyabr ayında Azərbaycan KP MK Bürosunda müzakirə edilən zaman respublikanın partiya, sovet, komsomol, həmkarlar təşkilatlarına tapşırıldı ki, xaricə ezam edilən adamları diqqətlə yoxlasınlar, siyasi və mənəvi baxımdan təsadüfi adamları, boşboğazları, səbatsız və mütərəddid şəxsləri xarici ölkələrə işləməyə göndərilməsinə imkan verməsinlər. İdarə və müəssisələrin rəhbərlərinə tövsiyə edilirdi ki, xarici nümayəndə heyətlərini, turistləri və xaricdən gəlmiş ayrı-ayrı şəxsləri ciddi nəzarət altında saxlasınlar, xariciləri göstərilməsi qadağan olan ərazilərə və obyektlərə yaxın buraxmasınlar, idarə və müəssisələrdə, elmi-tədqiqat institutlarında dövlət sirlərinin qorunması təmin etsinlər. Müzakirələr zamanı dövlət sirrinin yayılması, mühüm sənədlərin itməsi barədə ayrı-ayrı nümunələr gətirilirdi. Məsələn, “Ural” teploxodunda Abşeron yarımadasının dəniz sahillərinin xəritəsi yoxa çıxmış və İranın Pəhləvi limanında tapılmışdı. Bu hadisə təcili şəkildə 1960-cı ilin sentyabr ayının 10-da Azərbaycan KP MK Bürosunda müzakirə edilmişdi. Yaxud neft-kimya müəssisələrinin çertyojlarının xarici praktikantlara göstərilməsi də partiya və təhlükəsizlik orqanlarının hiddətinə səbəb olmuşdu. Buna bənzər hadisələr Xəzər donanmasının teploxodlarının birində də baş vermiş, gəmidəki yük haqqında gizli məlumat radio ilə verilmiş, “Azgeoloqidarəsi”nin topoqrafının cibində Culfa və Ordubad sərhəd rayonlarının topoqrafik xəritələri olan pencəyi oğurlanmışdı. Bütün bu məsələlər Semiçastnının daha çox cavabdeh olduğu “inqilabi sayıqlığının yüksəldilməsin” zəruri edirdi.
Azərbaycanda Vladimir Semiçastnının qarşısında duran əsas vəzifə ilk növbədə ədəbiyyat və incəsənətə nəzarət etmək, yaradıcılıq təşkilatlarında millətçilik meyllərini yerindəcə boğmaq, Nikita Xruşşovun ət, yağ və süd istehsalına görə Birləşmiş Ştatlara çatmaq və onu keçmək arzusunu gerçəkləşdirmək naminə respublikanın müsəlman kəndlərində donuzçuluq fermaları şəbəkəsini genişləndirmək, 50-ci illərin sonu -60-cı illərin əvvəllərində kommunizm qruculuğunun başlıca simvoluna çevrilmiş qarğıdalı əkininə şəxsi nəzarəti gücləndirmək və silos basdırılması işini qaydaya salmaqdan ibarət idi. Semiçastnıy məhz, kommunizm quruculuğunda strateji hədəf olan bu işləri qaydaya salmalı və millətçiliyin başlıca ideya mənbəyi olan ziyalılara nəzarəti gücləndirməli idi. Sovet komsomoluna rəhbərlik etdiyi dövrdə bu sahədə onun zəngin təcrübəsi vardı. Nikita Xruşşovun qəzəbinə düçar olmuş ədəbiyyat, sənət və mədəniyyət xadimləri bu mübariz komsomolçunun təhqirlərini eşitməli olurdu. Azərbaycana təyinatdan 10 ay öncə 1958-ci ilin oktyabr ayının 29-da SSRİ komsomolunun 40 illiyi ilə bağlı ÜİLKGİ MK-nın plenumunda Semiçastnının Boris Pasternak haqqında təhqirləri hamını heyrətə salmışdı. Oktyabr ayının 23-də Pasternak Nobel mükafatına layiq görüldükdən sonra plenumdakı məruzəsində o, demişdi: “bəzən biz-yeri gəlmişkən tamamilə haqsız olaraq donuz haqqında danışırıq ki, o elədir, belədir və sair. Mən sizə deməliyəm ki, bu donuza iftiradır. Bu heyvana bələd olan bütün adamlar donuzun xüsusiyyətlərini bilir, donuz heç vaxt yediyi yeri murdarlamır, heç vaxt yatdığı yeri murdarlamır. Ona görə, əgər Pasternakı donuzla müqayisə etsək, donuzun etmədiklərin o, edib. Halbuki, Pasternak – bu adam özünü cəmiyyətin elitar hissəsinə aid edir – bunu etmişdir. O, yediyi yeri batırıb murdarlamışdır, o, kimin əməyi ilə yaşayıb və nəfəs alırdısa, oranı murdarlamışdır.” Semiçastnının bu çıxışından ruhlanaraq Sovet yazıçılarının yüksək vəzifəli çinovnikəri, o cümlədən SRRİ-nin himninin müəlliflərindən biri Sergey Mixalkov Pasternakın SSR-dən qovulması haqqında təklif vermişdi. Oktyabr ayının 31-də Semiçastnının komsomolun plenumunda məruzəsindən iki gün sonra, Moskva yazıçılarının konfransında onun plenumda səsləndirdiyi Pasternakın Sovet İttifaqından qovulması haqqında təklifinə paytaxt yazıçıları səs verdilər. Sonralar o, öz xairələrində bu ifadələrin Mixail Suslovun iştirakı ilə Nikita Xruşşov tərəfindən ona diktə edildiyin yazır. Taleyin qəribə istehzası və Sovet quruluşunun eybəcərliyi idi ki, Vəli Axundov kimi mədəni və istedadlı bir dövlət xadiminin üzərinə belə “cəsarətli” bir komsomol nəzarətçi qoyulmuşdu.
Nikita Xruşşovun tövsiyələrinə uyğun olaraq 1960-cı ilin sentyabr-oktyabr aylarında Semiçastnıy yerlərdə “həyatı öyrənmək” üçün respublikanın bir sıra rayonlarına səyahətə çıxdı. Səfər zamanı o, Naxçıvan, Şuşa və Mingəçevir şəhərlərində, Culfa, Qazax, Laçın, Kəlbəcər, Mardakert, Mir Bəşir və digər rayonlarda oldu. Bölgələrdə görüşlər zamanı ona edilmiş müraciətlərlə bağlı Bakıya döndükdən sonra Semiçastnıy respublika Nazirlər Sovetinin sədri Məmməd İsgəndərova iki məktub göndərdi. Birinci məktub Naxçıvan, Şuşa və Qazax rayonuna səfərlə bağlı idi. O, yazırdı ki, Naxçıvan şəhərində keçmiş pedaqoji texnikumun böyük binasında yerləşən texniki məktəbdə cəmi 180 adam oxuyur, onunla yanaşı olan orta məktəbdə 1000 şagird sıx şəraitdə təhsil alır, muxtar respublikanın rəhbərliyi texniki məktəbin binasının orta məktəbə, orta məktəb binasının isə texniki məktəbə dəyişdirilməsin xahiş edir, mənim nəzərimcə Naxçıvan MSSR rəhbərliyinin bu məsələ ilə bağlı xahişini yerinə yetirmək məqsədəuyğun olardı. Semiçastnıy 1961-ci ildə Culfa rayon icraiyyə komitəsi üçün bina tikilməsin, həmin rayonun Əzizbəyov adına kolxozunun sədri, Azərbaycan SSR Ali Soveti sədrinin müavini Qulam Muradovu minik avtomobili ilə təmin etmək üçün Əzizbəyov kolxozuna bir maşın ayrılmasın xahiş edirdi. Şuşa şəhərinə səfərlə bağlı Semiçastnıy yazırdı: “Şuşa şəhərində yeni tikilmiş istirahət evinə gedərkən şəhərin və istirahət evinin rəhbəri oraya bir yük avtomobilinin ayrılmasını məndən xahiş etdi. Xahiş edirəm neftçilərin istirahət evinə bir yük avtomobilinin ayrılması imkanlarını nəzərdən keçirin.” Qazax rayonu ilə bağlı o, İsgəndərova yazırdı ki, yerli rəhbərlik bir vaxtlar Akstafa-Ceyrançöl yolunun çəkilməsi üçün respublika Nazirlər Sovetinin 5 milyon manat ayıracağına söz verdiyini deyir, lakin indiyə qədər bu vəd yerinə yetirilməyib. Semiçastnıy eyni zamanda Qazax rayon rəhbərliyinin dolu və sel təhlükəsi altında yaşayan kolxoz və kolxozçuları üçün tikinti, xüsusilə meşə materialları və rayona avtomobil təkərləri ayrılmasınının ondan xahiş etdiyin vurğulayırdı. Laçın rayonuna gəldikdə o, yazırdı: “Laçın rayonunun Nərimanov adına kolxozunda mənə bildirdilər ki, yoldaş İsgəndərov bir vaxtlar kənd klubunun damını örtmək üçün dəmir dam örtüyü ayıracağını vəd edib.”
Semiçastnının səfər təəssüratları ilə bağlı oktyabr ayının 8-də Məmməd İsgəndərova göndərdiyi ikinci məktub pambıq əkən rayonlar üçün 150-200 min manat mükafat fondunun ayrılması xahişi ilə başlayırdı. O, qeyd edirdi ki, rayon partiya və icraiyyə komitələri bu fond hesabına pambıq planını daha tez dolduran və yaxşı uğurlar əldə edən kolxoz sədrləri, ilk partiya təşkilatlar və kənd soveti sədrlərini mükafatlandıra və onları həvəsləndirə bilərlər. Amma nədənsə Semiçastnının təklif etdiyi bu mükafat fondundan pambığı əkib becərən sadə kolxozçulara pay düşmürdü. Lakin növbəti təklifdə o, az da olsa bunu nəzərə alırdı və İsgəndərova bildirirdi ki, respublika ticarət nazirliyi və Azərittifaqda əhaliyə satmaq üçün xeyli tapılmayan mallar var və həmin mallar müxtəlif yollarla təsadüfü adamların, bəzən isə alverçilərin əlinə düşür, elə etmək lazımdır ki, bu mallar pambıq yığımında fərqlənən kolxoz rəhbərlərinin, briqadirləri, manqa başçıları və kolxozçuların əlinə düşsün. O, belə hesab edirdi ki, bu pambıq planını uğurla yürinə yetirmək istiqamətində adamları səfərbər etmək üçün böyük stimul olardı. Semiçastnının növbəti təklifləri Kəlbəcər rayonu ilə bağlı idi. O, yazırdı ki, İstisuda rəhbər işçilər üçün Səhiyyə nazirliyinin 4-cü idarəsinin yaxşı sanatoriyası var, lakin bəzi şeylər pis təşkil olunub. Belə ki, sanatoriyada pianino, bilyard stolu və digər oyunlar yoxdur, tualet və yuyunma otağı pis vəziyyətdədir, vannaların yerləşdiyi bina avadanlıqla pis təchiz olunub. Semiçastnıy təklif edirdi ki, İstisu sanatoriyasında bu məsələləri qaydaya salmaq üçün səhiyyə nazirliyinə bir az vəsait buraxmaq lazımdır. Kəlbəcər rayonunun heyvandarlıq təsərrüfatı ilə bağlı o, yazırdı ki, rayonun 29 kolxozunda cəmi 26 min davar saxlanılır, dağ rayonu üçün bu azdır və rayon rəhbərliyi deyir ki, əgər kolxozlar üçün min hektar qış otlağı ayrılarsa onlar daha çox qoyun saxlaya bilərlər. Semiçastnıy yaxşı düzəldilmiş Mardakert-Kəlbəcər yolu boyunca çoxlu bulaqların olduğunu, lakin bütün bu mədən sularının pis təqdim edildiyin bildirirdi. O, təklif edirdi ki, bu bulaqları qaydaya salmaq, yüngül çardaqlar düzəltmək, ora yaraşıqlı oturacaqlar qoymaq, mədən sularının kimyəvi göstəricilərin əks etdirən lövhə asmaq, kiçik bir yeməkxana və kababxana açmaq pis olmazdı. Eyni zamanda, Semiçastnıy qonşu Çıraq kəndinin birləşdirilməsi hesabına İstisu qəsəbə sovetinin yaradılması məsələsini də respublika Nazirlər Soveti qarşısında qaldırırdı. Amma hesab edirdi ki, istirahət edənlərin keçib getdiyi Çıraq kəndini indiki görkəmsiz halında İstisuya birləşdirmək olmaz, bunun üçün o, təklif edirdi ki, Çıraq kəndində öz şəxsi evlərini tikmək və təmir etmək istəyən vətəndaşlara kredit vermək üçün Kəlbəcər rayonuna müəyyən məbləğdə vəsait ayırmaq lazımdır. Semiçastnıy yazırdı: “İndi bu kənd çox miskin görsənir, İstusuya gedən yol isə oradan keçir, sanatoriyaya yollanan bütün istirahət edənlər ilk öncə bu kəndin miskin görünüşü ilə qarşılaşmalı olur.”
Səfər zamanı Mingəçevir rəhbərliyi MK katibindən şəhərin su və kanalizasiya xəttini yenidən qurmaq üçün vəsait ayrılmasını, Kür çayı üzərindən körpü salınması işini sürətləndirməyi, şəhərin Şaumyan adına kolxozunun sədri üçün “Qaz-69” avtomaşını verilməsin xahiş etmişdi. Mir Bəşr rayonunda 3 il əvvəl ləğv edilmiş MTS-in binasının taleyini həll etmək, qonşu Mardakert, Ağdam və Mir Bəşr rayonlarına avtomobil təkərləri ayrılması, Mardakert rayonunun su ilə pis təchiz olunan kolxozlarına iki su daşıyan maşının verilməsi üçün Semiçastnının göstərişini gözləmək lazım imiş. Səfər zamanı Semiçasnının müşahidə etdiyi bu nöqsanlar və ona verilən təkliflər, əslində respublikanın bütün şəhər və kəndləri üçün səciyyəvi idi. 60-cı illərə qədər paytaxtdan kənar Azərbaycan şəhər və kəndlərində həllini gözləyən xeyli problemlər yığılıb qalmışdı.
Nazirlər Sovetinin sədri Məmməd İsgəndərov Semiçastnının təkliflərinə çox çevik reaksiya verdi. Oktyabr ayının 12-də MK katibinə göndərdiyi cavabda o, bildirdi ki, Naxçıvanda texniki məktəbin orta ümumtəhsil məktəbinə verilməsi məqsədəuyğun deyildir. İsgəndərov əlavə edirdi ki, 1961-ci ilin yanvar ayının 1-dən etibarən orada oxuyanların sayı 225 nəfər, 1961-1962-ci tədris ilində isə 300 nəfərə çatdırılacaqdır. Amma o, 1962-ci ildə Naxçıvanda yeni orta ümumtəhsil məktəbi binasının tikintisinə başlamağı məqsədəuyğun hesab ediridi. Culfa rayonunda icraiyyə komitəsinin yeni binasının tikilməməsin vəsait olmaması ilə izah edən hökumət sədri 1961-ci ilin xalq təsərrüfatı planlarının müzakirəsi zamanı bu məsələyə qayıtmağı mümkün hesab edir, Əzizbəyov kolxozu üçün minik avtomobili və Şuşa istirahət evi üçün yük avtomobilinin ayrılması məqsədi ilə müvafiq idarələrə göstəriş verildiyin bildirirdi. 9,5 milyon manata başa gələcək Akstafa-Ceyrançöl yolunun tikintisi ilə bağlı texniki sənədlərin hazırlanması və 1960-cı ildə istifadə edilməmiş vəsaitdən 1 milyon manat pulun bu tikintiyə ayrılması ilə bağlı İsgəndərov Su Təsərrüfatı Nazirliyinə göstəriş verildiyin və tikinti işlərinin Kürarazsutikinti idarəsinə həvalə olunduğun qeyd edirdi. İsgəndərov doludan və seldən ziyan çəkən Qazax rayonu kəndlərinə 300 kub metr meşə materialı, 120 min ədəd şifer ayrıldığın, amma Laçın rayonu Nərimanov adına kolxozun klubunun dam örtüyünü dəyişmək üçün sərbəst vəsaitin olmadığın məktuba əlavə edirdi. Moskvanın Azərbaycandakı birinci emissarına İsgəndərovun cavabları kifayət qədər təmkinli və saymazyana idi. Bu cavablar hökumət işlərində Semiçastnının səriştəsiz olduğunun aydın bir ifadəsi təsirini bağışlayırdı.
Vladimir Semiçastnıy Azərbaycanda ilk addım kimi mətbuatı nəzarətə aldı. Onun təlimatı ilə Azərbaycan dilində nəşr olunan qəzetlərin hər iki həftədən bir rus dilində icmalı hazırlanırdı. Mətbuat səhifələrində kommunizm quruculuğu, proletar beynəlmiləlçiliyi, rus dilinin əhəmiyyəti, sosializm yarışı, qarğıdalının vəsfi və Amerikaya çatmağın bütün ağırlığını öz üzərinə almış donuzçuluğun faydası haqqında yazıların xüsusi monitorinqi hazırlanıb Moskvaya göndərilirdi. Semçastnıy yaxşı başa düşürdü ki, respublikada ideoloji işin mərkəzi fiqurlarından biri MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri Şıxəli Qurbanovdur. Şikin komissiyasının hazırladığı arayışda tarixin yazılmasında baş qaldıran millətçilik meylləri bilavasitə Şıxəli Qurbanovla əlaqələndirilmişdi. İvan Şikinin keçmiş müdiri kimi Vladimir Semiçastnıy həmin arayışla tanış idi və sənəd məhz onun qoşma məktubu ilə Mərkəzi Komitəyə göndərilmişdi. Moskvadan təzyiqlər olmasına baxmayaraq Vəli Axundov Şıxəli Qurbanovu 1961-ci ilə qədər vəzifəsində saxlaya bildi. Lakin Semiçastnının təşəbbüsü ilə Nikita Xruşşov Şıxəli Qurbanovun MK-dan uzaqlaşdırılması məsələsini qoyanda artıq onu rəhbər partiya işində saxlamaq mümkün olmadı. Büronun qərarı ilə o, 1961-ci ildə Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin müdiri vəzifəsindən azad edilib Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutuna şöbə müdiri vəzifəsinə göndərildi.
Nikita Xruşşov 1961-ci ilin payızında Semiçastnını öz yaxın adamı kimi SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə apardı və Valadimir Yefimoviç 1967-ci ilə qədər həmin vəzifədə işlədi. Azərbaycandakı iki il dörd aylıq fəaliyyətini o, sonralar belə xatırlayırdı: “Azərbaycan respublikasındakı iş, mənim orada olduğum 2 il 4 ay mənə çox şey verdi və həm də yalnız respublikanı tanımaq, onun adətlərini, adamlar arasında münasibətləri öyrənmək mənasında deyil. Mən orada indiyə qədər böyük məmnuniyyətlə xatırladığım çoxlu xoşgörülü, yaxşı və tərbiyəli adamları tanıdım.”